Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:32

"Miryusif müəllim daxili telefonla otağa zəng eləyib soruşdu ki, "kassada nə qədər pul var?". Dedim ki, "50 min". Dedi ki, "bir paketə qoy, gətir". Mən də aparıb kabinetində ona verdim. Həmin vaxt kabinetdə iki nəfər tanımadığım adam vardı. Bir gün sonra eşitdim ki, onlar MTN əməkdaşlarıymış və pul üçün gəliblərmiş".

Ötən il mayın 19-da Binəqədidə 16 mərtəbəli yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğınla bağlı məhkəmədə dindirilən Vüsal Tağıyev belə deyir. O, həmin binanı üzləmiş "Global Construction" və poliuretan üzlükləri buraxmış "Global Stone" şirkətlərinin mühasibi olub. Vüsal Tağıyev oktyabrın 27-də bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə şahid kimi dindirilib. Onun ifadəsində adını çəkdiyi Miryusif Mahmudov bu şirkətlərin təsisçisi olub və indi təqsirləndirilən səkkiz nəfərdən biridir.

Buna da bax:​ Yanan bina işi: '300 min istədilər'

"MTN əməkdaşları sənədləri və kameraların yaddaşını da apardı"

"Miryusifin qanı qara idi, soruşdum ki, nə olub? Dedi ki, "MTH-dən sıxırlar bizi, pul istəyirlər"

Vüsal Tağıyevin dediyinə görə, MTN əməkdaşlarının onların ofisinə gəlib Miryusif Mahmudovdan pul alması yanğından təxminən bir həftə əvvəl olub: "50 mini verəndən bir qədər sonra Miryusif müəllimdən soruşdum ki, "o xərci necə qeyd eləyim?". Dedi ki, "MTN-paltar" yaz".

Başqa bir şahid - Miryusif Mahmudovun bibisi oğlu Şahin Kərimov da hadisədən bir müddət əvvəl MTN əməkdaşlarının onlardan pul tələb elədiyini deyir: "Miryusifin qanı qara idi, soruşdum ki, nə olub? Dedi ki, "MTH-dən sıxırlar bizi, pul istəyirlər". Amma onlara nə qədər verdiyini bilmirəm".

Buna da bax:​ Yanan bina işi: 'Biz ancaq təmizlik işlərinə baxırdıq'

Şahin Kərimov, eləcə də "Global Construction" şirkətinin baş direktoru olmuş İlqar Vəliyev ifadələrində binada yanğın başlayandan dərhal sonra MTH əməkdaşlarının şirkətin ofisinə hücum edib, sənədləri, hətta təhlükəsizlik kameralarının yaddaş kartını da apardığını bildiriblər.

İlqar Vəliyev yanan binaya vurduqları üzlüklərin keyfiyyətsiz olması barədə iddialarla razılaşmır: "Mən o materialların keyfiyyətinə o vaxt da əmin idim, indi də. Bizim şirkətdə bütün işlər dünya səviyyəsində qurulmuşdu".

"İcra Hakimiyyəti hələ də görülən işin pulunu verməyib"

İlqar Vəliyevin sözlərinə görə, Azadlıq prospektindəki binaların, o cümlədən yanan binanın üzlənməsi üçün şirkətlə Binəqədi Rayon İcra Hakimiyyəti arasında müqavilə bağlanıb. İşlər 2012-2013-cü illərdə görülüb təhvil verilsə də, bu günədək İcra Hakimiyyəti onun pulunu ödəməyib.

Buna da bax:​ Yanan bina işi: “Baş verənlərə görə FHN məsuliyyət daşıyır”

O, təmir-tikinti işləri başa çatandan sonra binaları üç ayrı komissiyanın təhvil aldığını deyir. Onların arasında Fövqəladə Hallar nazirliyinin komissiyası da olub: "Heç bir komissiya bizə gördüyümüz işə, istifadə etdiyimiz materiala görə irad bildirməyib".

Bugünkü məhkəmə iclasında məlum olub ki, "Global Construction" və "Global Stone" şirkətlərinin Miryusif Mahmudovla yanaşı, daha bir həmtəsisçisi olub - Hüseynbala Əlizadə. Ancaq o, Binəqədi yanğınından təxminən iki həftə öncə şirkətlərin təsisçiliyindən imtina edib.

Məhkəmə oktyabrın 31-də davam edəcək.

Xatırlatma...

Binəqədidəki bina yanğını ilə əlaqədar məhkəmə qarşısına çıxarılanlara Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham verilib. Təqsirləndirilən şəxslər arasında Miryusif Mahmudovla yanaşı, "Global Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov və BDU-nun müəllimi, Dərnəgül Boru Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov da var. Onlardan Akif Əlibəyov və Ağacavad Məmmədovun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG