Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:50

Nardaranlı xanımlar: 'Terrorçuya daha çox onların üzünə duranlar oxşayır...'


Nardaran, 1 Dek. 2015
Nardaran, 1 Dek. 2015

“Nardaran işi” üzrə məhkəmə prosesində dindirilən şahidlərdən birinin hicablı qadınlar barədə səsləndirdiyi fikirlər qəsəbənin xanımlarını hiddətləndirib. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Elnur Şərifovun həmin fikirləri sentyabrın 22-də məhkəmədə qalmaqala səbəb olmuşdu.

“KİŞİLƏR BİR PARÇA ÇÖRƏKDƏN ÖTRÜ RUSİYADA QALIRLAR”

Nardaran sakini olan qadınlar, o cümlədən hazırda mühakimə olunanların yaxınları Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə prosesə sədrlik edən hakim Əlövsət Abbasova müraciət ediblər.

'Bu, mənə kinayə ilə dedi ki, “Nardarana niyə getmişdin? Orada başını bağlayıb min oyundan çıxan qadınlara görə?”'

“Nardaran qadınlarına, Həzrəti Fatimənin çadrasını gəzdirən qadınlara atılan iftiralar Azərbaycan anasına, qadınına, qızına atılır. Biz hələ bu vaxta qədər şahidi olmamışıq ki, Azərbaycanın televiziya kanallarında, mətbuatında erməni qadınlar barəsində belə ifadələr işlədilsin. Nardaran Azərbaycanın bir bölgəsidir. Burada yaşayanlar Azərbaycan qızı, anasıdır. Nə cürətlə bizim kəndin xanımları barədə belə ləyaqətsiz ifadələr işlədilir?!

Nardaranın xanımlarına kişiləri o qədər etibar edirlər ki, bir parça çörək üçün illərlə gedib Rusiyada qalırlar. Nardaranda kişi evdən gedəndə xanım əxlaqsızlıq edib evə yad kişi gətirmir”,məktubda yazırlar.

Buna da bax:​ 'Nardaran işi'ndə hicab qalmaqalı

“HANSI TERRORÇUYA OXŞAYIR?”

“Nardaran elə bir məkandır ki, oranın mağazalarında spirtli içki olmur. Bizim xəmirimiz halallıqla yoğrulub..."

Xanımlar Nardaran işi üzrə həbs olunanlara verilmiş ittihamlara da münasibət bildiriblər. Bəyan ediblər ki, terrorçuluq və digər ittihamlar tamamilə əsassızdır: “Nardaran elə bir məkandır ki, oranın mağazalarında spirtli içki olmur. Bizim xəmirimiz halallıqla yoğrulub. Nardaranda terrorçu ola bilməz. Barmaqlıqlar arasında olanlardan hansı terrorçuya, qaniçənə oxşayır? Terrorçuya daha çox onların üzünə duran polislər oxşayır. Onlar ləyaqətli polislərin adına ləkədir. Biz bu şəraitə ona görə dözürük ki, Allahın böyüklüyünə inanırıq. Nardaran hadisələrindən sonra Allahın çox möcüzəsinə şahid olmuşuq. Bilirik, gec də olsa, haqq öz yerini tapacaq. 26 noyabr hadisəsini törədənlərə, haqqı tapdalayanlara demək istəyirik ki, Nardaranda evlərdə zalımlar üçün açılan Quranlar hələ də açıqdır. Biz zalımları Allaha tapşırırıq".

Buna da bax:​ "Nardaran işi" üzrə məhkəmədə qalmaqalın səbəbləri

"Terrorçuya daha çox onların üzünə duran polislər oxşayır. Onlar ləyaqətli polislərin adına ləkədir. Biz bu şəraitə ona görə dözürük ki, Allahın böyüklüyünə inanırıq".

“Nardaran işi” üzrə sentyabrın 22-də keçirilən məhkəmə iclasında polis əməkdaşı Elnur Şərifov dindirilərkən təqsirləndirilən şəxslərdən Zakir Mustafayev bildirib ki, Sabunçu Rayon Polis İdarəsində ona işgəncə verənlərdən biri bu şəxs olub. Dediyinə görə, ona fiziki işgəncə verməklə yanaşı, həm də təhqir ediblər, mənəvi işgəncə veriblər: “Bu, mənə kinayə ilə dedi ki, “Nardarana niyə getmişdin? Orada başını bağlayıb min oyundan çıxan qadınlara görə?””

Zakir Mustafayevin bu barədə dediklərindən sonra həm digər təqsirləndirilən şəxslər, həm də onların məhkəmə zalında olan yaxınları buna kəskin etiraz etmişdilər.

Ötən ilin noyabrında Nardaranda keçirilən əməliyyatda 6 nəfər həlak olub, onlarla adam saxlanıb. Hazırda onlardan bir qrupunun məhkəməsi gedir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG