Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:02

Keçmiş polis zabiti təcridxanadan yazır


Samir Əliyev
Samir Əliyev

«16-cı aydır ki, törətmədiyim cinayətə görə təqsirli bilinərək istintaq altında – həbsdə saxlanılıram. Xızı Rayon Polis Şöbəsində cinayəti boynuma qoymaqdan ötrü səkkiz gün fiziki və mənəvi işgəncələrə məruz qalmışam. İstintaq orqanı bununla heç nəyə nail ola bilmədikdə avtomobilimdən və mənzilimdən götürülən yaddaş diskləri ilə (şəxsi həyat və ailə sirri bilgiləriylə) məni şantaj etməyə başladılar. Bu şantajlar indiyədək də davam edir».

Polis mayoru Samir Əliyev Şabran rayon Polis Şöbəsindəki işindən ayrılandan 6 ay sonra həbs olunub. Onu keçmiş arvadının qətlində təqsirləndirirlər. AzadlıqRadiosuna hazırda saxlandığı 3 saylı İstintaq Təcridxanasından yazır.

«SƏKKİZ GÜNLÜK İŞGƏNCƏDƏN SONRA...»

Keçmiş polis zabiti ölkə başçısı və güc nazirliklərinə müraciət edib. O, keçmiş arvadının əsl qatilinin (yaxud qatillərinin) tapılmasını və çoxsaylı maddələrin üzərindən götürülərək azadlığa buraxılmasını istəyir.

Yazır ki, keçən il iyunun sonunda keçmiş arvadı Natəvan Əliyevanın Quba yolundan yandırılmış meyiti tapılandan sonra – iyulun 8-də onu Xızı polisinə aparıblar. İyulun 9-da Xızı rayon Məhkəməsi barəsində saxlanma qərarı çıxarıb. Qərardan apellyasiya şikayəti verməsinə və ailəsi ilə görüşməsinə şərait yaradılmayıb. S.Əliyev də etirazını müvəqqəti saxlama yerinin divarlarına qanıyla «vəkil verin», «qələm verin» sözləri yazmaqla bildirib. İyulun 16-da Baş Prokurorluğun müstəntiqi Aslan İbrahimov tərəfindən təqsirləndirilib. Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Məhkəmədə müstəntiqin tərəfindən təqdim olunmuş vəkildən imtina etsə də, qəbul olunmayıb. Ona vəkil seçimi etmək hüququndan istifadəyə şərait yaradılmayıb: «Səkkiz günlük işgəncələrdən sonra Bakı İstintaq Təcridxanasına köçürüldüm. Yalnız orada ailə üzvlərimlə əlaqə yarada bildim. Müstəntiqin təqdim etdiyi «paykovoy» vəkildən imtina etdim. Öz seçimimlə vəkillə müqavilə bağlandı. Xızı polis şöbəsinin müvəqqəti saxlama yerindəki kamera görüntülərinin iş materiallarına əlavə olunmasını tələb etsəm də, məhəl qoyulmadı».

TELEFON DANIŞIQLARI YASAQLANIB

Samir Əliyev yazır ki, həbsindən 27 gün sonra istintaq sirrinin qorunması bəhanəsi ilə onun ailə üzvləri ilə görüşməsinə və telefon danışığına rəsmi qadağa qoyulub. Bu azmış kimi, «istintaq sirrinin qorunması»nı bəhanə gətirərək onu saxlandığı Bakı İstintaq Təcridxanasından 3 saylı İstintaq Təcridxanasına etap ediblər: «... Bakı İstintaq Təcridxanasındakı normal şəraitli ikinəfərlik kameradan 3 saylı İstintaq Təcridxanasındakı 12 nəfərlik yataq yeri olan, faktiki 18-20 nəfərin saxlandığı kameraya yerləşdirildim. Bu, istintaq orqanının əlində alətə çevrilən təcridxana rəhbərliyinin mənim fiziki və mənəvi məhvimə yönələn addımı idi. Təcridxana rəhbərliyi şəxsi işimə «qaçmağa və özünəxəsarətə meylli» yazmaqla hətta istintaq hərəkətləri aparılan zaman qollarımı qandallayır, mənə mənəvi təzyiqlərini davam etdirir. Ailəmlə, azyaşlı balalarımla görüş, telefon danışığı bir tərəfə, hətta uşaqlarımın şəkillərinə də məni həsrət qoyub».

S.Əliyev 16 aylıq həbsi dövründə ibtidai istintaq orqanın qərarlarından məhkəmə-nəzarət qaydasında şikayətlər, vəsatətlər verib. Amma müraciətlərinə cavab verilməyib, bütün vəsatətləri rədd olunub. Deyir, 13 aylıq həbs müddətinin tamamında şikayətlərinə görə təcridxana rəhbərliyi onu cəzalandırmaq üçün cərimə kamerasına yerləşdirib.

AİLƏ ÜZVLƏRİNƏ TƏZYİQLƏR OLDUĞUNU DEYİR

Keçmiş polis zabiti həbsindən sonra ailə üzvlərinə də təzyiqlər olunduğunu, anasının və qardaşının qərəzli şəkildə işdən çıxarıldığını yazır. O, ölkə başçısından və güc strukturlarının rəhbərlərindən istintaqın nəzarətə götürülməsini istəyir.

İstintaq yekunlaşmaq üzrədir və yaxın günlərdə cinayət işi materialları məhkəmə baxışına göndəriləcək.

Xızı polisindən AzadlıqRadiosuna işgəncə iddialarını «yalan» adlandırıb, bundan ötrü şikayətçinin vaxtında ekspertizaya müraciət etməli olduğunu bildiriblər.

Penitensiar Xidmətdən açıqlama almaq mümkün olmayıb. Baş Prokurorluqdan isə istintaq davam etdiyindən məlumat verilməyəcəyini bildiriblər.

Qeyd edək ki, Natəvan Əliyeva Samir Əliyevlə ailəli olduqları dövrdə üç övladları dünyaya gəlib. Boşandıqdan sonra S.Əliyev ikinci dəfə ailə qurub. Həyat yoldaşı Zəminə Əliyeva deyir, N.Əliyeva qətlə yetirilən vaxt S.Əliyev evdə olub. O, istintaqın sonuna yaxın həyat yoldaşına daha bir neçə maddə üzrə ağır ittihamların da irəli sürülməsini «qərəzli və sifarişli» adlandırır.

N.Əliyevanın müəmmalı və amansız qətlindən sonra azyaşlı uşaqlar S.Əliyevin anasının himayəsinə verilib.

XS
SM
MD
LG