Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:42

Taleh Bağırov polisin nəşinin qəbirdən çıxarılmasını istədi


İllisturasiya Gündüz Ağayev

İllisturasiya Gündüz Ağayev

"Məhkəmədəki dindirmələrdən bu qənaətə gəlmişik ki, zərərçəkmiş qismində tanınmış polislərin əksəriyyəti Nardaran əməliyyatında iştirak etməyib. Əməliyyatı xüsusi təyinatlılar keçirib".

Bunu AzadlıqRadiosu-na Nardaran işi üzrə təqsirləndirilən bir neçə nəfərin, o cümlədən Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırovun və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının vəkili Yalçın İmanov deyib.

“Ramil Usubov çıxıb cavab verməlidir”

Nardaran işi məhkəməsi oktyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilib. Ötən məhkəmə iclasında ifadəsi yarımçıq qalan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ-nin) əməkdaşı Firuz Mehdiyev bu dəfə də vəkil və təqsirləndirilən şəxslərin suallarını cavablandırıb. O, ötən il noyabrın 26-da Nardaranda keçirilən əməliyyatda yaralanan, həmin vaxtdan bəri komada olan Əbülfəz Bünyadovu zərərsizləşdirmişdi.

Buna da bax:​ Polis: 'İçəridən səslər gəlirdi ki, atəşi dayandırmayın'

Dindirmə zamanı Taleh Bağırov deyib ki, Əbülfəz Bünyadov güllədən yaralanmış, beli sınmış və “bandotdel”ə o vəziyyətdə gətirilmişdi. Buna baxmayaraq, həmin vəziyyətdə də ona işgəncə verilmişdi. T.Bağırov əməliyyat zamanı onların qumbara atması barədə deyilənlərin də yalan olduğunu vurğulayıb: “Ölən polislərdən birinin ayağından bir ədəd qumbara qəlpəsi çıxıb. Birqəlpəli qumbara yoxdur. Orada neçə adam olub, amma heç kimə qəlpə dəyməyib. Mənə maraqlıdır ki, niyə polis öz yoldaşını öldürüb? Bu, gün kimi aydındır. Ramil Usubov çıxıb cavab verməlidir. O polisin də ailəsi, uşaqları var. Niyə onun övladları elə fikirləşməlidir ki, onların atalarını Nardaranda öldürüblər?!”.

Nardaran əməliyyatının və həbslərin ssenarisinin Prezident Aparatında yazıldığını deyən digər təqsirləndirilən Abbas Hüseynov bu ssenarinin başdansovdu yazıldığını da sözlərinə artırıb.

Təqsirləndirilən şəxslərdən İbrahim Xudaverdiyev hökumətin onların üzərində oyun oynadığını söyləyib: “Bunlar hamısı oyundur. Məhkəmə də siyasətin, hakimiyyətin qurbanıdır. Bu gün də nardaranlılardan əl çəkmirlər. Mənim üzümə duranları, haqsızlıq edənləri bağışlayacağam. Müstəntiq özü deyirdi ki, “nə edək, belə göstəriş veriblər, eləməyə məcburuq”.

“Nə edək, indi “dubinka” götürüb düşək üstünə?”

Təqsirləndirilən Aqil İsmayılov deyib ki, heç vaxt üzərində olmayan silah ittihamını boynuna qoymaq üçün “bandotdel”də ona təzyiq göstərənlərdən biri də Firuz Mehdiyev olub: “Müstəntiq məni dindirəndə bu da orada idi. Mənim boynuma silah qoymaq istəyirdilər, mən də razı olmurdum. Öz adım kimi əminəm, bu adam Nardaranda olmayıb”.

Buna da bax:​ Taleh Bağırov: ‘Bu, cəlladdı, azərbaycanlı deyil’

Firuz Mehdiyevsə dindirmədə iştirak etmədiyini, ola bilsin, Aqilin onu başqası ilə səhv saldığını bildirib.

Vəkil Yalçın İmanov polis əməkdaşından çalışdığı idarədə ona bənzər başqa adamın olub-olmadığını soruşub. Firuz Mehdiyev BMCMİ-də ona bənzəyən iki nəfərin olduğunu deyib, amma həmin şəxslərin adlarını çəkməkdən imtina edib.

Vəkil sualını cavablamaqdan israrla boyun qaçıran şahid haqqında tədbir görülməsini istəyib.

“Nə edək, indi “dubinka” götürüb düşək üstünə? Barəsində tədbir görüləcək”, - hakim Əlövsət Abbasov cavabında belə deyib.

Ötən məhkəmə iclasında sualların əksəriyyətini “bilmirəm”, “yadımda deyil” şəklində cavablayan polis əməkdaşı Ramil Salmanovun tibbi-psixiatrik ekspertizadan keçirilməsinə dair vəkillərin qaldırdığı vəsatət də müzakirəyə çıxarılıb. Məhkəmə vəsatəti təmin etməyib.

Ramil Salmanovu təhqir etdiyinə görə məhkəmə prosesindən uzaqlaşdırılan təqsirləndirilən şəxs - Cahad Babakişizadənin hakimlərə müraciəti də açıqlanıb. O, müraciətində məruz qaldığı işgəncələrdən psixoloji durumunun pisləşdiyini, özünənəzarətini itirdiyini yazıb. Bundan sonra Cahadın məhkəmədə iştirakına icazə verilib və o, zala qaytarılıb.

Bu iclasda BMCMİ-nin başqa bir əməkdaşı - Mehman Teymurov da ifadə verib. O, hadisə zamanı Aqil Tağızadəni saxladığını, ondan qumbara və beşbarmaq götürüldüyünü söyləyib.

M. Teymurov da əvvəlki iclaslarda dindirilən polis əməkdaşlarının söylədiklərinə bənzər ifadə verərək bildirib ki, Taleh Bağırov və tərəfdarlarının dövlət çevrilişi hazırlaması, ölkənin konstitusion quruluşunu zorla dəyişməyə cəhd göstərməsi barədə daxil olan məlumat əsasında noyabrın 26-da səhər idarədə əməliyyat müşavirəsi, ardınca da günorta Nardaranda xüsusi əməliyyat keçirilib.

“Polisi özləri öldürüblər”

Dindirmənin gedişində vəkil Yalçın İmanovla şahid polis arasında belə bir dialoq baş verib:

– Deyirsiniz ki, Taleh Bağırov dövlət çevrilişi etmək istəyirdi. Bunu deyərkən, nə başa düşürsünüz? Çevrilişi necə etmək istəyirdi?

– Bu, mənə maraqlı deyil. Mən dövlətin əsgəriyəm, verilən tapşırığı yerinə yetirirəm.

Taleh Bağırov isə Mehman Teymurovdan birqəlpəli qumbaranın olub-olmadığını soruşub. O, belə qumbara olmadığını deyəndən sonra Taleh Bağırov bu sözləri söyləyib: “Deyilənə görə, ölən polislərdən biri – İsmayıl Tağıyevin ayağından bir qəlpə çıxıb. Orada bu qədər adam olub, ancaq qumbaranın qəlpələri yoxdur. Biz bu cinayətin üstünü açacağıq. Vəsatət verəcəyik ki, İsmayılın cəsədi eksqumasiya olunsun (meyiti qəbirdən çıxarılsın – red.), ekspertizadan keçirilib, ölümün səbəbi dəqiqləşdirilsin. Polis də bizim vətəndaşımızdır. Onu orada özləri öldürüblər”.

Məhkəmə oktyabrın 5-də davam edəcək.

Xatırlatma…

Ötən il noyabrın 26-da güc qurumları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir qisminin məhkəməsi daha öncə başlayıb. Bəzilərinə 1 il 6 aydan, 2 il 6 ayadək həbs cəzası kəsilib.

Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrılıqda davam edir. Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilənlər bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG