Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:44

Nardaran işi: ‘Xəzər’ TV-nin rəhbəri məhkəməyə çağrıldı...


Taleh Bağırov

Taleh Bağırov

Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırov məhərrəmlik ayının başlanması münasibətilə xalqa müraciətindən sonra Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında 5 günlük “kars”a - cərimə kamerasına salınıb.

Məlumatı Taleh Bağırovun özü oktyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə iclasda dilə gətirib.

İlahiyyatçı təcridxanada təzyiqlərə məruz qaldığını və bütün bunların çıxışlarına görə edildiyinin ona açıq şəkildə söyləndiyini də bildirib.

“Telekanal rəhbəri dindirilsin”

Məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasov deyilənlərin məhkəməyə dəxli olmadığını vurğulayıb.

Buna da bax:​ Taleh Bağırov karsa salınıb

Təqsirləndirilən şəxslərdən Abbas Hüseynov "Xəzər" telekanalının rəhbəri Hüseyn Dinləməzin məhkəməyə çağırılıb dindirilməsi barədə vəsatət qaldırıb: "Biz həbs olunmazdan əvvəl – hələ Nardaran hadisəsi olmamış, - "Xəzər" telekanalında süjet verib bizi "terrorçu" adlandırmışdılar. Gəlsin görək, bu məlumatı haradan almışdılar?".

Abbas Hüseynov başqa bir vəsatətində dövlət ittihamçısı Nəsib Bayramova etirazını diqqətə çatdırıb və bunu prokurorun qərəzli olması, polislər dindirilərkən, onları yönləndirməsi ilə əsaslandırıb.

Məhkəmə "Xəzər" TV-nin rəhbəri ilə bağlı vəsatətə baxmayıb, prokurora etiraz isə təmin olunmayıb.

Hakimlərə etiraz

Hakimlər vəsatətlə bağlı qərar vermək üçün müşavirəyə gedərkən, dövlət ittihamçılarının da onların arxasınca getməsi müdafiə tərəfinin etirazını doğurub. Vəkil Yalçın İmanov hakimlərin müşavirəyə prokurorla birlikdə getməsinin qanun pozuntusu olduğuna diqqət çəkib.

Buna da bax:​ Taleh Bağırovun müavininin həbs müddəti uzadıldı

Hakim Əlövsət Abbasov bildirib ki, prokurorlar onların ardınca çıxsalar da, birlikdə olmayıblar: "Onlar dəhlizdə dayanmışdılar".

Vəkil Nemət Kərimli bu davranışına görə məhkəmə tərkibinə etiraz etdiklərini deyərək, yazılı etirazını Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyasına təqdim edib. Məhkəmə etirazın baxılmamış saxlanılmasına qərar verib.

Nardaran əməliyyatında polisi kim öldürüb?

Daha sonra məhkəmədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Rüstəm Cəfərov ifadə verib. O, Nardaran əməliyyatında Əlibala Vəliyevi zərərsizləşdirdiyini söyləyib və həmin vaxt onun əlində qumbara və bıçaq olduğunu deyib: "Bıçaqla mənə xəsarət yetirmək istəyirdi".

Rüstəm Cəfərov Nardaran işi üzrə məhkəmədə indiyədək dindirilən polislərdən əməliyyat zamanı qumbara atanı gördüyünü söyləyən ilk adam olub. Onun sözlərinə görə, qumbaranı atan ağ köynəkli, arıq bir adammış.

Rüstəm Cəfərov əməliyyat keçirilən həyətə qapıdan girən təxminən 10-cu adam olduğunu, polislər qapıdan girincə, qarşı tərəfdən atəş açıldığını və qumbara atıldığını bildirib.

Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri bu məsələ ilə bağlı polisə çox sayda sual veriblər. Soruşublar ki, polislər daxil olunca, qumbara atılmışdısa, qapıdan sayca 10-cu daxil olan polis bunu necə görə bilərdi? Üstəlik, daha öncə içəri daxil olan polislər məhkəmədə ifadə verərkən, qumbara atanı görmədikləri halda, o, bunu necə görə bilib?

Buna da bax:​ 'Əliavtomatlı polislərin qarşısında necə nunçaq oynada bilərdim?'

Belə suallara Rüstəm Cavadov bir kəlmə ilə cavab verib: "Mən görmüşəm".

"Bəs necə oldu ki, qumbara partlarkən, sənə qəlpəsi dəymədi" sualını da polis cavablandıra bilməyib.

Taleh Bağırov orada ümumiyyətlə, qumbara atılmadığını bir daha xatırladıb: "Təkqəlpəli qumbara olmur. Necə olub ki, bircə qəlpə, ancaq dünyasını dəyişmiş polis İsmayıl Tağıyevin ayağında tapılıb? Qumbara partlasaydı, onun yeri qalardı. Balaca həyətdi, divarlarda, başqa polislərin zirehli gödəkçələrində də qəlpə izləri qalardı. Qəlpə yoxdursa, deməli, qumbara da olmayıb. Cavab versinlər, İsmayılı kim öldürüb?".

"Burada ölüm olmalıydı ki, əllərində əsas tutub adamları zindanlara doldursunlar", - təqsirləndirilən İbrahim Xudaverdiyev belə deyib.

Buna da bax:​ Taleh Bağırov: ‘Bu, cəlladdı, azərbaycanlı deyil’

"Bu adam məni təpiklədi"

Təqsirləndirilən şəxslərdən Cabbar Cabbarov Rüstəm Tağıyevin onu "bandotdel"in həyətində təpiklədiyini bildirib: "Bizi Nardarandan gətirib "bandotdel"in həyətində düşürəndə, orada artıq polislər "koridor" düzəltmişdilər. Bizi o "koridor"da döyəndən sonra bir küncə atdılar. Sonra gəlib şəxsən məni divarın dibində təpikləyənlərdən biri bu olub".

Rüstəm Tağıyev isə kimsəni döymədiyini bildirib.

Taleh Bağırov dindirmə gedişində polisin məhkəmədə duruşuna, yerli-yersiz gülüşünə də diqqət çəkib: "Mən 5 ildir türmələrdə müxtəlif adamlar görürəm. Bu cür davranışın da nəyin əlaməti olduğunu bilirəm".

Təqsirləndirilən şəxslərdən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Rüstəm Tağıyevin narkoloji müayinədən keçirilməsini istəyib.

Məhkəmə oktyabrın 7-də davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG