Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:07

►Millət vəkili polislə əməkdaşlıqdan, gözlənən əfvdən danışır

Polisə daimi əsaslarla işləyənlərə bunun müqabilində pul verilməsi normaldır”.

Bunu millət vəkili Azay Quliyev AzadlıqRadiosunun suallarını cavablandırarkən deyib. O, müsahibəsində həm də gözlənən əfv fərmanına toxunub.

– Azay bəy, prezident fərman verdi ki, vətəndaşlar polislə pul qarşılığında işləsinlər. 2009-cu ildə parlament vətəndaşların polislə işləməsini qanuniləşdirən İctimai Şuranın yaradılmasına səs vermişdi. Sizcə, yenidən belə bir fərmana nə ehtiyac vardı?

– Polis təhlükəsizlik sistemimizdə önəmli bir institutdur. Polisin qarşısında duran vacib məsələlərdən biri ictimai asayişi təmin etmək, qanunazidd hərəkətlərlə bağlı tədbir görməkdir. Bu baxımdan, bu cür təkliflərə, qanun layihələrə normal yanaşmaq lazımdır, çünki potensial terror cəhdlərinin önlənməsi, ölkədə əmin-amanlığın qorunması təkcə polisin yox, hər bir vətəndaşın, ölkənin marağındadır. Əgər bu, hər kəsin marağındadırsa, nədən polislə əməkdaşlıq etməyək? Ona görə də bu məsələyə başqa qiymət verənləri anlamıram, xüsusilə, siyasi qiymət verilməsini düzgün saymıram. Dünyanın hər yerində vətəndaşlar polislə əməkdaşlıq edir. Məsələn, xaricdə biri məişət tullantısını nəzərdə tutulmayan yerə atarsa, bunu görən kəs polisə zəng eləyir. Yəni burda qeyri-adi bir şey yoxdur. Bilirsiz ki, ətrafımızda, elə qonşu Türkiyədə terror hadisələri baş verir. Əlbəttə ki, hər potensial terrorçunun yanına bir polis qoymaq olmaz. Vətəndaşlar özləri də ayıq-sayıq olmalıdırlar.

“Qonorar verilməsi normaldır”

– Amma xaricdə bunun üçün vətəndaşa pul ödəmirlər axı...

– Məncə, burda qeyri-adi heç nə yoxdur. Kimsə daimi əsaslarla polislə əməkdaşlıq edəcəksə, onlara müəyyən qonorarın verilməsi həmin adamların stimullaşdırılması, müəyyən mənada sosial problemlərinin həll edilməsi baxımından normaldır.

– Bəzi təbəqələrdə təəccüb doğuran odur ki, neft gəlirlərinin azaldığı, dövlət strukturlarında ixtisarlara gedildiyi bir vaxtda büdcədən polislə əməkdaşlığa niyə vəsait ayrılsın?

– Düşünmürəm ki, hər məlumat verənə kütləvi şəkildə pul veriləcək. Açığı, detalları bilmirəm. Amma yəqin ki, bir sistem, konkret meyarlar olacaq. Bu meyarlar çərçivəsində qonorar veriləcək. Biz bundan niyə narahatıq, onu anlamıram.

– Bunun siyasi fəalların təqibinə xidmət edəcəyini düşünənlər də var.

– Bu, çox bəsit yanaşmadır. Məgər Azərbaycanda polis rejimidir? Məgər Azərbaycanda siyasi fəalı izləməyə xüsusi bir əməliyyata, ya orduyamı ehtiyac var? Bu gün hər şey göz qabağındadır. Mətbuat, sosial şəbəkədə hər kəsin nə işlə məşğul olduğunu göstərir. Bizdə bir qrup adam var ki, nə olsa, siyasətə bağlayır. Havanın pisləşməsindən tutmuş, böhrana qədər siyasətə bağlayır. Bu şakərdən qurtulmaq lazımdır.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Məhbusları siyasi düşərgələrə bölmürük”

– Azay bəy, əfv komissiyasının üzvüsüz. Novruz bayramı ərəfəsində, adətən, prezident əfv fərmanı imzalayır. Komissiya toplaşıb əfv siyahısını müzakirə edirmi?

– Bəli, toplaşırıq, müraciətlər olur, araşdırırıq. Araşdırma bitəndən sonra ictimaiyyətə məlumat veriləcək.

– Yəni hələ əfv siyahısı hazır deyil?

– Xeyr, hələ hazır deyil. Üzərində işləyirik.

– Azay bəy, bəzi hüquq müdafiəçiləri ötən ilin dekabrında verilən əfv fərmanının ümidləri doğrultmadığını söyləmişdi. Siyasi məhbus kimi tanınan şəxslərin heç biri azadlığa buraxılmadı. Bu dəfə bu məsələnin həlli gözlənə bilərmi?

– Əfv komissiyası hər hansı məhbusa fərq qoymur, onları siyasi düşərgələrə bölmür. Müraciətləri ciddi şəkildə öyrənib tövsiyə xarakterli qərar veririk. Hüquq müdafiəçilərinin fikirlərinə müdaxilə etmək istəmirəm, onların mövqeyidir, ancaq törətdiyi əməldən peşman olan məhbusların əfvi ictimai təhlükə törətmirsə, onların müraciətləri müsbət qiymətləndirilir.

“Məhbuslar anlasınlar ki...”

– Qərbin azadlığa buraxılmasını istədiyi şəxslər var, məsələn, İlqar Məmmədovu azadlıqda görmək istəyirlər. Bu dəfə də siyasi məhbus kimi tanınan fəalların adları əfv fərmanına düşməsə, bu, Qərbin Azərbaycana münasibətində problem yaradacaqmı?

– Hal-hazırda Qərblə Azərbaycan arasında ciddi problemin olduğunu düşünmürəm. Qərb institutları ilə Azərbaycan arasında sıx əlaqələr var, son vaxtlar Qərb təşkilatlarından ölkəmizə çoxlu səfərlər olur, bu da onu göstərir ki, Qərb Azərbaycanın önəmini, ciddi əhəmiyyətini qəbul edir, onu dəyərləndirir. Biz də bu ölkələrlə əməkdaşlığın, dialoqun tərəfdarıyıq. Bizi də, onları da narahat edən məsələlər masaya yatırıla bilər. Prezident İlham Əliyev hər zaman vurğulayır ki, hər bir azərbaycanlının prezidentidir, davamlı əfv fərmanı verir, Novruz bayramı ərəfəsində gözlənən əfv fərmanında da bunun şahidi olacağıq. Kimsə bunu kənardan təzyiq kimi dəyərləndirəcəksə, yaxud, Qərblə münasibətin pozulması üçün istifadə etməyə çalışacqsa, buna nail ola bilməyəcək. Heç kim də Azərbaycana təzyiq yolu ilə nəyisə qəbul etdirməyin mümkünlüyünü gözləməsin. Bizim məhbuslar da anlasınlar ki, onların adından istifadə edənlər sui-istifadəyə yol verirlər. Onlar heç də bu məhbusların azadlığa çıxmasına deyil, özlərinin fayda götürməsi, qrant proqramları ilə təmin olunmasına çalışırlar. Gərək məhbuslar, onların yaxınları da bilsinlər ki, əfv müraciətinə Azərbaycan prezidenti baxır və xaricdən hər hansı təzyiqlə buna nail olmaq mümkün deyil.

Karikatura. Əəəə, bir-bir...

Günün bütün mövzuları

XS
SM
MD
LG