Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:01

Pokemon tutanların başına gələnlər: qarət, qəza, xəsarət...


►Yeniyetmələr atom-elektrik stansiyasının ərazisinə giriblər...

"Nintendo" şirkətinin "Pokemon Go" oyunu çıxandan ictimai təhlükəsizliklə bağlı qorxular artıb: avtomobil qəzaları, fikri yayınmış piyadalar, özəl mülkiyyətə daxil olmalar və s.

Texas Texniki Universitetinin hüquq professoru Gerry Beyer xəbərdarlıq edir ki, "Pokemondan ölüm" yaxınlaşmaqdadır: “Pokemon istifadəçilərinin başına hər cür qəza gələcək, çünki onlar gəzəndə, velosiped, yaxud maşın sürəndə də proqramdan istifadə edirlər.”

Çərşənbə günü Kaliforniyada Pokemon oyunu oynayan zaman sürüşüb 30 metrlik qayadan okeana düşmüş iki kişi xilas edilib.

Oyunçular öz smartfonlarından istifadə edərək rəqəmli (virtual) varlıqları real məkanlarda tutmağa çalışırlar. Pokemonların yerləşdirildiyi real məkanlara isə ‘PokeSpotlar’ deyilir.

Oyun qadağan olunmuş ərazilərə daxil olmalar barədə şikayətlərin artmasına səbəb olub. Fox8 kanalı xəbər verir ki, çərşənbə axşamı Ohayoda üç yeniyetmə pokemonları axtarmaq üçün nüvə elektrik stansiyasının ərazisinə daxil olub.

Artıq polis departamentlərindən “Pokemon Go” ilə bağlı xəbərdarlıqlar gəlməkdədir. “Siz öz pokemonlarınızla nə qədər vuruşsanız, onları nə qədər öyrətsəniz, tutsanız da yenə də real dünyada yaşayırsınız!" San Fransisko polis departamentinin Facebookda yaydığı xəbərdarlıq postunda deyilir.

Mərilənd və Lonq Aylənddə "Pokemon Go" oyunçularının silahlı qarətin qurbanı olduğu bildirilir.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Oyun artıq yol qəzalarına da səbəb olub. Texasdakı A&M Universitetinin polis idarəsi bildirir ki, həftənin əvvəlində bir maşın icazəsiz yerdə saxlanmış başqa bir maşına çırpılıb. Məlumatda deyilir ki, icazəsiz yerdə saxlanan maşının sürücüsü pokemon tutmağa gedibmiş.

Nyu York ştatında isə “Pokemon Go” oynamaqda olan bir sürücünün maşınını ağaca çırpdığı bildirilir.

İyulun 7-də Reddit sosial şəbəkəsində bir istifadəçi “Pokemon Go" oynadığı yerdə küçədə yıxılaraq ayağını sındırdığını yazıb. Özü də hadisə oyunun işıq üzü görməsindən cəmi 30 dəqiqə sonra baş verib.

Pensilvaniyada bir qadın isə oyunu oynadığı yerdə magistral yolu keçən 15 yaşlı qızını maşın vurduğunu deyib. Yeniyetmə travmalarla xəstəxanaya yerləşdirilib.

Texas Texniki Universitetinin professory Gerry Beyer qanunsuz olaraq başqalarının ərazilərinə girən “Pokemon Go” oyunçularının həyatlarını təhlükəyə atdıqlarını bildirir. “Mən qorxuram ki, ev yiyələri onları qarətçi bilib həyatlarını və evlərini qorumaq üçün atəş açarlar cə onları yaralayarlar, hətta öldürərlər,” deyə o FoxNews-a bildirib.

“Pokemon Go”nun yaradıcısı "Niantic" şirkəti də hər dəfə əlavəni açdığınız zaman xəbərdarlıq edir ki, oyunçular ətraf mühitlə əlaqəni itirməsinlər. Bundan başqa xirda hərflərlə istifadəçilərdən başqalarının özəl mülkiyyətinə daxil olmamaq barədə razılıq istənilir.

"Niantic" həmçinin əmlaka dəymiş hər hansı zərər, alınmış xəsarətlər və baş vermiş ölüm hadisələrinə görə məsuliyyət daşımadığını da bildirir.

Ancaq, Beyer deyir ki, insanların çoxu xırda hərflərlə yazılmış şərtlərə fikir vermir.

"Pokemon Go" ətrafında başlanan bu vurhavur onun populyarlığını azaltmayıb. Mütəxəssislər deyirlər ki, oyun gündəlik istifadədə ABŞ-da Pandora, Twitter, Netflix, Google Hangouts və Spotify-ı ötüb. “Pokemon Go” populyar sosial media əlavələri olan Snapchat və WhatsApp-ı da ötüb keçib.

XS
SM
MD
LG