Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:18

Yolun o üzünə keçmək istəyən Fərəməz Əliyev işləməyən eskalatoru görəndə duruxur. Ətrafda adi pilləkən axtarır. Ancaq di gəl, pilləkən də yoxdur. Yeraltı keçiddə üzüyuxarı və üzüaşağı işləməli olan iki eskalator var... heç biri də işləmir. Fərəməz Əliyev məcbur qalıb eskalatorun hərəkətsiz pilləkənlərini qalxır. Təngnəfəs yolun o biri üzünə çıxır:

«Yaşlı adamam, 75 yaşım var. Hər dəfə o boyda pilləkəni çıxıb düşəndə çox yoruluram. O qədər pul qoyub açıblarsa, gərək işləməyinə də baxsınlar. Niyə camaata əziyyət verirlər?».

«HİSSƏLƏRİ XARİCDƏN GƏTİRİLİR»

Hər gün yüzlərlə adamın istifadə etdiyi bu eskalatorlar şəhərin mərkəzində, Rəşid Behbudov və Füzuli küçəsində yerləşir. Amma son vaxtlar piyada keçidlərində işləməyən eskalatorlara tez-tez rastlamaq olur. Bülbül prospekti ilə Nizami küçəsinin kəsişdiyi yerdə, Mərkəzi Bankın, Heydər Əliyev Sarayının yaxınlığında, Xətai rayonu ərazisində, üzü bulvar tərəfə olan keçidlərdəki eskalatorlar ya neçə vaxtdır işləmir, ya da getdiyin yerdə dayanır. Bəzilərində təmir işləri gedir, bəziləri heç təmir də olunmur, bir sözlə, eskalatorun işləməməsi adi hal alıb.

Adını çəkməyən eskalator təmirçilərindən biri deyir ki, bu eskalatorların hissələri çox vaxt xaricdən gətirilir. Ona görə təmir işləri də uzun çəkir:

- Burda 10 gün olar işləyirik. Təmiri bizə həvalə ediblər. Bu eskalatorlar Azərbaycanda istehsal olunmayıb. Ona görə hissələri də xaricdən gətirilir. Şikayətləri biz də eşidirik. Gələn həftəyə hazır olsa, böyük şeydir.

Təmir işləri

Təmir işləri

«ADİ PİLLƏKƏN QOYULSAYDI...»

Yolu keçidlərdən düşənlərin fikrincə, eskalatordansa adi pilləkən qoyulsaydı, daha rahat çıxıb düşmək olardı:

- Artıq bunlar eskalator deyil, pilləkən kimi çıxıb düşürük.

- Yəqin içinə su yığılıb, ona görə işləmir.

- Eskalatordakı pilləkənlər adilərdən çox fərqlənir. Adi pilləkənləri normal düşüb-çıxmaq olur, eskalatorun pilləkəni isə hündürdür. Qalxanda adamın ayaqları çox ağrıyır. Astma xəstəsiyəm, təngnəfəs oluram.

- Getdiyin yerdə eskalator dayanır. Adam yıxıla bilər.

- Adı üstündə, eskalatordur, işləməlidir. Olmasaydı, ondan yaxşıydı. Pilləkən qoyardılar, çıxıb düşərdik. Ancaq varsa, işləməlidir. Heç olmasa, yaşlı, əlil insanları nəzərə alsınlar.

- Bu eskalatorlar da bir problemə çevrilib. Çox yerdə işləmir. Varsa, işləməlidir də.

«O QƏDƏR VƏSAİT XƏRCLƏYİB FƏRQLƏNMƏK İSTƏYİBLƏR»

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov keçidlərdə eskalatorlara heç ehtiyac görmədiyini söyləyir. Deyir, bunun əvəzində əlil pandusları quraşdırılmalıydı: «Pilləkənlə təxminən 3 metr düşmək, 3 metr də qalxmaq lazımdır. Bundan ötrü o qədər vəsait sərf edib eskalator qoymaq lazım deyildi. Eskalatordansa, əlillər üçün pandus olmalıydı. Metroda 20 metr aşağı enirsən, orda eskalatora ehtiyac var. Piyada keçidlərində isə geniş pilləkən qoyulmalıdır. İndi eskalatorların bəziləri işləmir, ya da getdiyin yerdə tez-tez dayanır. Dayanırsa, deməli, vəsait çatışmazlığı var. Bəlkə də artıq bu eskalatorların yararsızlığını görürlər. Başa düşürlər ki, boş yerə elektrik gedir. Ancaq varsa, təyinatına uyğun da işləməlidir. Adi pilləkənin hündürlüyü 15 sm ola-olmaz. Ancaq eskalator da çox hündürdür, qalxıb-düşmək çox çətinlik yaradır. O qədər vəsait xərcləyib fərqlənmək istəyiblər, amma uğursuz alınıb. Yeraltı keçidin divarının bahalı mərmərindənsə, çox ucuz qiymətə insanların rahatlığını təmin etmək gərəkdir».

Bakıdakı eskalatorlu yeraltı keçidlər büdcədəki dövlət investisiya xərcləri hesabına tikilib. Ekspertlərin fikrincə, təkcə bu obyektlərin tikintisinə deyil, istismarına da vəsait ayrılmalıdır.

Eskalator

Eskalator

«AZƏRAVTOYOL»: PROBLEM EHTİYAT HİSSƏLƏRİ İLƏ BAĞLIDIR

Bütün piyada keçidləri vaxtilə Nəqliyyat Nazirliyinin balansında olub. İndi «Azəravtoyol» Açıq Səhmdar Cəmiyyətinin tabeliyindədir. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli işləməyən eskalatorlarla bağlı durumu açıqlayır: «Mərkəzi Bank tərəfdəki eskalator xeyli müddətdir işləmir. Oranın istismarını özəl bir şirkət gerçəkləşdirirdi. Hazırda eskalatorun işləməsindən ötrü bizim əməkdaşlar addımlar atırlar. Yaxın 10-15 gün ərzində oradakı eskalatorlar tamamilə işə salınacaq. Bundan başqa, «Hilton» otelinin yaxınlığındakı yeraltı piyada keçidində də eskalator işləmir. Orda da problem ehtiyat hissələri ilə bağlıdır, sifariş verilib. Yaxın günlərdə o da işlək vəziyyətə salınacaq. Bu eskalatorlar Azərbaycanda istehsal olunmur. Onların ehtiyat hissələri xaricdən gətirilir. Hər hansı bir hissə sıradan çıxırsa, təmiri mümkündürsə, olunur. Təmiri mümkün deyilsə, sifariş verilir, xaricdən gətirilir. Buna da müəyyən vaxt gedir».

YENİ PİYADA KEÇİDLƏRİ İNŞA OLUNACAQ

A.Nəcəfli deyir ki, indi Bakının çox yerində piyada keçidlərinə ehtiyac var. Keçən il «Azəravtoyol» ASC 45 yerdə keçidlərin salınmasıyla bağlı Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizlik komissiyasına müraciət edib. Qurum təmsilçisinin sözlərincə, indi daha böyük vəsaitə başa gələn yeraltı piyada keçidlərindənsə, panduslar yerləşdirilmiş, yüngül konstruksiyalı yerüstü piyada keçidlərinin inşasına ehtiyac var. Xırdalan qəsəbəsində, Sabunçu körpüsünün yaxınlığında, Zığ-Hövsan yolunda, Müşfiqabad, Lökbatan qəsəbələrində, Ceyranbatan, Mərdəkan-Zuğulba yolunda, Neapol dairəsində, Məhəmməd Hadi küçəsində isə artıq eskalatorsuz, panduslu və pilləkənli piyada keçidlərinin inşasına başlanılacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG