Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:02

«İŞİD» 100 il öncə bağlanan sazişə qarşı...


►I Dünya Savaşının sürdüyü vaxtda imzalanmış bu saziş Osmanlı İmperiyasının ərazisini Böyük Britaniya və Fransanın nüfuz dairələrinə böldü.

Yüz il öncə - 1916-cı il mayın 16-da Böyük Britaniya və Fransa nümayəndələri gizli görüşdə indi “Sykes–Picot Sazişi” kimi tanınan sənədi imzaladılar.

İngilis diplomatı, polkovnik Ser Tatton Benvenuto Mark Sykes. Sazişin müəlliflərindən biri
İngilis diplomatı, polkovnik Ser Tatton Benvenuto Mark Sykes. Sazişin müəlliflərindən biri

I Dünya Savaşının sürdüyü bir vaxtda imzalanmış bu pakt Osmanlı İmperiyasının ərazisini iki dövlətin nüfuz dairələrinə böldü ( I Dünya Savaşı sırasında – 1916-cı il aprelin 29-da Osmanlının 6-cı ordusu ingilis qoşunlarını mühasirəyə alıb, məğlubiyyətə uğratdıqdan sonra – mayın 16-da imzalanan gizli anlaşma nəzərdə tutulur – red.). Yaxın Şərqin müasir sərhədlərinin elə bu sazişlə çəkildiyi düşünülür.

Etnik və məzhəb zəminində zorakılıq baş qaldırarkən…

François Marie Denis Georges-Picot. Fransız diplomatı. Sazişin müəlliflərindən biri.
François Marie Denis Georges-Picot. Fransız diplomatı. Sazişin müəlliflərindən biri.

“Sykes-Picot Sazişi” son dövrlərdə, özəlliklə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın 2003-cü ildə İraqa hərbi müdaxiləsindən bəri çox tənqid olunur. İraqın sərhədləri çoxlarından ötrü təkcə xarici imperializmin rəmzi deyil, həm də ozamankı və indiki dünya liderlərinin Yaxın Şərqi nə dərəcədə pis tanımasının göstəricisidir.

Sərhədlər etnik qrupların yaşadığı ərazilərin ortasından çəkildiyindən, İraqda etnik və məzhəb zəminində zorakılıq baş qaldırarkən, bir çoxları məhz “Sykes-Picot Sazişi”ni etnik qrupları bir-birinə qarşı qoymaqda günahlandırdı.

“Sykes-Picot Sazişi”ni anlamaq – İŞİD-i anlamağa yardım edir

Bir maraqlı məqam da odur ki, “Sykes-Picot Sazişi”ni anlamaq - "İslam Dövləti" (İD) silahlı qruplaşmasının ideologiyasını anlamağa da kömək edir.

Bu terrorçu qrup 2014-cü ilin yayında İraq və Suriyanın böyük ərazilərini zəbt edəndən sonra adını “DAİŞ”ə dəyişdi (ərəbcədən çevirəndə, "İraq və Şam İslam Dövləti" – qısa adıyla İŞİD deməkdir –red.).

Bu addım “İD” qruplaşmasını artıq iki dövlətin ərazisində fəaliyyət göstərən bir təşkilat deyil, ayrıca bir dövlət - İslam xilafəti olması, xarici imperializmin izlərini dağıtması mesajını vermək üçün atılmışdı.

____________________________________________________________

Bunlara da bax:
Gənc fəaldan işgəncə məktubu: "Zorlama ilə hədələdilər"- [Foto]
Əgər Ermənistan Azərbaycanın neft infrastrukturunu vursa...

____________________________________________________________

“İD”nin ingilisdilli təbliğat nəşri olan "Al-Hayat" ““Sykes-Picot Sazişi”nin sonu” adlı video da yaymışdı. Bu videoda İraq və Suriya arasındakı sərhədin dağıdıldığı görünür. Görüntüdəki “İD” yaraqlısı deyir ki, bu “üzdəniraq sərhəd”i ərəb liderləri ilə Qərb imperialistləri çəkiblər. O, daha sonra “sərhəd yoxdur, dünya Allaha məxsusdur”, “biz hamımız bir dövlətik”" "İslam Dövlətinin əraziləri bölünməzdir”, - deyir. Həmin yaraqlı “İD” lideri Abu Bakr al-Baghdadinin özünü "sərhəddağıdan" adlandırdığını da bildirir.

“Sykes-Picot Sazişi” ilə çəkilmiş sərhədlər”

Gerçəklikdə hər şey daha qəlizdir. Başqa bir arqumentə görə, bu gün bildiyimiz sərhədlər “Sykes-Picot Sazişi”ndə deyil, 1920-ci ildə Böyük Britaniya, Fransa, İtaliya və Yaponiya liderlərinin qatıldığı “San Remo Konfransı”nda imzalanmış anlaşmada müəyyənləşdirilib.

Suriya - "İslam dövləti" qrupunun döyüşçüləri, Mart, 2016
Suriya - "İslam dövləti" qrupunun döyüşçüləri, Mart, 2016

Çağdaş Yaxın Şərq məsələlərini öyrənən tarixçi Sara Pursley deyir ki, “Sykes-Picot Sazişi” ilə çəkilmiş sərhədlər “İD”nin yararlandığı xəritəyə daha yaxındır. Onun sözlərinə görə, sərhədlərin çəkilməsi xeyli vaxt aparıb və bu proses yalnız xarici imperialistlərin iradəsindən yox, həm də yerli qrupların iqtidar uğrunda mübarizəsindən güc alıb.

Başqa sözlə, indi “İD”in nəzarətindəki ərazilərdə yaşayanların öz arasındakı çəkişmələr sərhədlərin bugünkü durumunda az rol oynamayıb. Qərb imperializminin rolu isə regiondakı siyasi reallıqları əks etdirib.

“İD” hamını sərhədləri qıraraq, vahid bir İslam dövlətində birləşməyə səsləsə də, çoxluğun bunu istəmədiyi aydın görünür.

“İŞİD” təbliğat aparsa da...

Vaşinqtondakı Amerika Katolik Universitetinin professoru, antropoloq Jon W. Anderson deyir ki, yaxın Şərqin əhalisi I Dünya Savaşının sonlarında çəkilmiş sərhədləri, əsasən, qəbul edib və bu hiss nəsillər dəyişdikcə daha da möhkəmlənir.

O, Azad Avropa və Azadlıq Radiosuna verdiyi müsahibəsində deyir ki, "İslam Dövləti" nə istəsə də, sərhədlərə yenidən baxılma məsələsi o qədər də həvəslə qarşılanmır.

Anderson vurğulayır ki, regionda “ən uzunmüddətli qanlı münaqişə Livandakı vətəndaş savaşı idi. Həmin sərhədlərə nəzarət uğrunda aparılan bu savaş mövcud sərhədlərin təkrar təsdiqiylə nəticələndi”. İordaniya və İsrail də heç nəyi dəyişmək istəmirlər. Heç Suriya da, əslində, “İD”ə qarşı olan Suriya müxalifəti də, Suriya prezidenti Bashar al-Assad da Suriyanın bğlünməsini istəmədiklərini bildiriblər.

Beləliklə, “İD” təbliğat aparsa da, “Sykes-Picot Sazişi”nin imzalanmasından 100 il sonra görünən odur ki, Yaxın Şərqin xəritəsini dəyişməyə hər hansı meyl gözə dəymir.

XS
SM
MD
LG