Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:21

Keçmiş müstəntiq: ‘Əzilənləri müdafiə etməyim mənə baha başa gəldi’


Rüfət Səfərov. 08.09.2016

Rüfət Səfərov. 08.09.2016

Keçmiş müstəntiq həbsxanadan yazır:

«Əhvalım yüksəkdir. Sərbəst ifadəmi ortaya qoyub əzilənləri müdafiə etməyim mənə baha başa gəldi. 9 illik zindan həyatı ilə cəzalandırıldım. Lakin peşman deyiləm».

9 il azadlıqdan məhrum edilən keçmiş müstəntiq Rüfət Səfərov həbsxanadan vəkili vasitəsilə göndərdiyi müraciətində belə yazır.

R.Səfərov qeyd edir ki, ədalətli cəmiyyət uğrunda mübarizə apardığından qəti əmindir.

Buna da bax:​ Sabiq müstəntiq Rüfət Səfərov həbs edildi - 9 il [Video]

«İslah işi səmərə verməyəndə evdə olduğum hər ayı bir il hesablayıb mənə 9 il iş verdilər»

«Barəmdə çıxarılan qanunsuz hökm mütləq Azərbaycan tarixinə qara hərflərlə düşəcək. İbtidai və məhkəmə istintaqının qeyri obyektiv aparılması qalsın bir yana, hətta hörmətli vəkilimin müdafiə nitqinə, mənim son söz söyləməyimə belə imkan vermədən ittiham hökmünü oxudular. Bunu nə ilə müqayisə etmək olar? Hətta 37-ci illin repressiyaları zamanı belə təqsirləndirilən şəxslərə son sözünü söyləmə hüququ tanınırdı», keçmiş müstəntiq yazır.

R.Səfərov qeyd edir ki, onu 9 ay ev dustaqlığında saxlayıblar.

«İslah işi səmərə verməyəndə evdə olduğum hər ayı bir il hesablayıb mənə 9 il iş verdilər», deyən R.Səfərov valideynlərinə xitabən vurğulayır ki, «sızlamadan, başlarını dik tutub şəstlə yerisinlər»…

Rüfət Səfərov sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il həbs cəzasına layiq görülüb.

Buna da bax:​ Eldar Sabiroğlu: ‘...Sağ olsun İlham Əliyev’

Ötən il dekabrın 20-də o, ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyini açıqlamışdı. Bundan dərhal sonra Zərdab rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb.

Yanvarın 15-də isə R.Səfərova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülmüş və o, həbs olunmuşdu. Bir həftə sonra - yanvarın 22-də isə Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin etmişdi.

Buna da bax:​ 'Ramiz Mehdiyevə həsr etdiyim yazıların acısını bu gün oğlum çəkir'

Keçmiş müstəntiq ona qarşı ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.

R.Səfərov hakim YAP-dan keçmiş deputat, eləcə də Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğludur.

Günün bütün mövzuları

XS
SM
MD
LG