Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:34

Pentaqona 'Quduz köpək' və 'Döyüşçü rahib' başçılıq edəcək


ames Mattis (sağda), 24 noyabr 2001,
ames Mattis (sağda), 24 noyabr 2001,

“Washington Post” un fikrincə, bu seçim ABŞ-ın təhlükəsizlik problemi olan siyasi islamla bağlıdır

Dekabrın 2-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump Pentaqonun rəhbəri vəzifəsinə dəniz piyadalarının ehtiyatda olan generalı James Mattis-i irəli çəkəcəyini açıqlayıb. “Washington Post”un fikrincə, bu seçim ABŞ-ın təhlükəsizlik problemi olan siyasi islamla bağlıdır. “The Wall Street Journal”sa bu təyinatın Rusiyanın qanını qaraldacağını bildirir, çünki Mattis “Putin siyasətinin qatı əlehdarıdır”.

James Mattis 2001-ci ildə Əfqanıstanda, 2003-cü ildə isə İraqda hərbi missiyalara rəhbərlik edib. 2004-cü ildə İraqın El-Fəllucca şəhəri uğrunda gedən döyüşlərdə (dəniz piyadalarının 4 zərbə briqadalarından birinə komandanlıq edərkən) “Quduz köpək” ləqəbi alıb. Həmkarları ona “Döyüşçü rahib” (Mattis evli deyil) də deyirlər.

James Mattis və Donald Trump,19 noyabr 2016
James Mattis və Donald Trump,19 noyabr 2016

2010-2013-cü illərdə ABŞ Mərkəzi Komandanlığının Yaxın Şərq və Mərkəzi Asiya məsələləri ilə məşğul olan bölməsidördulduzlu generalın sonuncu iş yeri olub.

“Rossiya seqodnya” BİA-nin şərhçisi Aleksandr Khrolenko yazır: “Mattisin təyinatı ondan xəbər verir ki, ABŞ-ın iqtisadi maraqları və uzunmüddətli “geniş dayandırma” strategiyası yeni prezidentə ölkənin Amerika qüdrətinin hərbi-siyasi əsaslarını dəyişməyə imkan verməyəcək”.

“Birbaşa adam”

Müəllifin fikrincə, generalın bioqrafiyasına nəzər saldıqda, onun niyə dövrünün ən nüfuzlu hərbi rəhbərlərindən biri olduğunu anlamaq olar. O, 66 ilik həyatının üçdə ikisini hərbi xidmətə həsr edib və məşhur strateq kimi parlaq karyera formalaşdırıb.

Onun Pentaqonda alim və “son dərəcə birbaşa adam” kimi böyük hörməti var. Bu üzdən, onu, ara-sıra, aşırı aqressiv üslubuna görə qınayırlar.

James Mattis 1950-ci ildə Vaşinqton ştatının Pullman şəhərində doğulub. Vaşiqton ştatının mərkəzi kollecini bitirdikdən sonra ABŞ dəniz piyadaları korpusunda (1972) xidmətə başlayıb və leytenant rütbəsi alıb.

Hərbi təhsilinə gəlincə, Dəniz Desantı Qüvvələrinin komanda heyəti məktəbini (Amphibious Warfare School), dəniz piyadalarının komanda qərargah kollecini (Marine Corps Command and Staff College) və milli hərbi kolleci bitirib. Taqım komanirliyindən başlayaraq, xidmət nərdivanının bütün pillələrini keçib. Briqada generalı rütbəsini 1998-ci ildə alıb.

Əfqanıstan, 11 noyabr 2016
Əfqanıstan, 11 noyabr 2016

ABŞ-da 2001-ci ilin 11 sentyabr terror olayından sonra Əfqanıstanın cənubunda “Taliban” hərəkatına və “Əl-Qaidə” terrorçularına qarşı aparılan “Sarsılmaz azadlıq” əməliyyatına qatılıb.

2003-cü ildə "İraqın azadlığı” (Səddam Hüseyn hökumətinin devrilməsi) əməliyyatında iştirak edib.20 min dəniz piyadası onun komandanlığı altında 17 günə 500 millik(təxminən 805 km-lik) marş-reyd gerçəkləşdirib.

2004-ü ildə Mattis general-leytenant rütbəsi alaraq, Hərbi Plan Hazırlama Komandanlığına (Marine Corps Combat Development Command) başçılıq edib.

2007-2010 illərdə 4 ulduzlu general kimi, ABŞ silahlı qüvvələrinin Növlərarası Komandanlığının (U.S. Joint Forces Command) rəhbərliyinə gətirilib. Eyni vaxtdaNATO transformasiyalarına rəhbərlik edib.

2010-ci ildə Senat gizli səsvermə ilə Mattis-i “strateji intuisiyasına və müstəqil düşüncəsinə görə” ABŞ silahlı qüvvələrinin Mərkəzi Komandanlığına (USCENTCOM) başçı təyin edib.

Əfqanıstan, 30 avqust 2015
Əfqanıstan, 30 avqust 2015

Mattis dəniz piyadaları taktikasından dərs vəsaiti yazıb, 3 min kvadratmetrlik ərazidə İraq müharibəsi mühitini modelləşdirən xüsusi trenajor yaradılmasının təşəbbüsçüsü olub.

General həm də böyük fəlsəfə vurğunudur (yaşayış yerini dəyisərkən, 6 min cildlik kitabxanasını özü ilə daşıyır).

2013-cü ildə ehtiyata çıxandan sonra Quver İnstitutunda (Stenford Universitetinin beyin mərkəzi) məsləhətçi və dəvətli elmi işçi çalışıb.

Düzdür, Mattis-in müdafiə naziri olmasına bir əngəl var. Senatın onun namizədliyini təsdiqləməsi üçün Konqres Federal Qanuna düzəliş etməlidir. Bu qanuna görə, müdafiə naziri təyin edilən hərbçi, ən azı, 7 il ehtiyatda olmalıdır.

ABŞ tarixində bənzər vəziyyət 1950-ci ildə - general George Marşall-ın təyinatı vaxtı olmuşdu.

Siyasi baxışları

General James Mattis əvvəllər siyasətlə məşğul olmayıb, amma heç vaxt siyasi baxışlarınıda gizlətməyib. O, ABŞ-ın rəqiblərinə münasibətdə sərt mövqe tərəfdarıdır, özəlliklə İrana münasibətdə. Nüvə razılaşmasının açıq əleyhdarıdır. İddia edir ki, Barac Obama-dan sonra gələn prezidentə “nizamsızlıq miras qalacaq”, çünki imzalanmış nüvə razılaşması İranın silah ambisiyalarını ləngitsə də, dayandırmayacaq. Ötən il “The Heritage Foundation”də çıxışı zamanı Rusiyanın Ukraynadakı hərəkətlərini “bütün region üçün potensial böhrana çevrilə biləcək ən təhlükəli vəziyyət” adlandırıb.

Putin
Putin

Mattis-in fikrincə, Rusiya prezidenti Vladimir Putin-in məqsədi NATO-nu dağıtmaqdır:.

“Putin yatanda da fikirləşir ki, o, bütün qaydaları poza bilər, Qərbsə bütün hallarda qaydalar çərçivəsində oynamağa çalışacaq... Bu, çox təhlükəli duxotomiyadır” (“dixotomiya” – ikilənmə, haçalanma anlamında işlənir –red.).

General vurğulayıb ki: "Rusiya demokratk dövlətlərlə qonşu olmağı müsbət hal saymır. O, ətrafına qeyri-sabitlik səpməklə, öz güvənliyini sığortalamaq istəyir”. Müəllif yazır ki, yeri gəlmişkən, ABŞ haqqında da eyni sözləri demək olar.

Мattis sitatlarda

"İnsanlar soruşurlar ki, görəsən, Putin quduzlaşıb, yoxsa ağlını itirib? Fikrimcə, problem Putində deyil, bütövlükdə Rusiyadadır. Deyirlər ki, Putin gedincə, yaxşı olacaq. Düşünürəm ki, bunlar xülyadır ".

“Mən sizləri yolumuzu kəsməməyə çağırıram. Əks halda, sağ qalanlarınız daha 10 min il bizim başınıza nə oyun açdığımızdan danışacaqlar”.

“Nəzakətli olun, peşəkar olun, amma rast gəldiyiniz hər kəsi öldürməyə hazır planınız da olsun”.

“Düşmən özü bəyan etməzsə, heç bir savaş başa çatmayıb. Biz düşünə bilərik ki, müharibə qurtarıb və hətta bunu bəyan da edə bilərik, amma əslində, yalnız düşmənimizin bu məsələdə səs hüququ var”.

“Bizim eksperimentimizi (demokratiyanı) məhv etmək istəyən düşmənləri tapın və onların hamısını ölümdən iyrənənədək öldürün. O vaxta qədər öldürün ki bizi və azadlığımızı rahat buraxsınlar”.

“Əfqanıstanda bizə qarşı duran oğlanlar 5 il qadınları çadra örtmədiklərinə görə döyürdülər. Bilin ki, belələrinin heç kişiliyi qalmayıb. O üzdən, ikiqat sevinclə güllə çaxın başlarına”.

Ondan ötrü savaş bitməyib

Senatın silahlı qüvvə məsələləri komitəsinin sədri John McCain James Mattis-in Pentaqona gəlməsini səbisizliklə gözlədiyini açıqlayıb.

John McCain, Almaniya, 14 fevral 2016
John McCain, Almaniya, 14 fevral 2016

Axı “ABŞ Müdafiə Nazirliyinin üzləşdiyi çox problem barədə onun dəqiq təsəvvürü var”.

Müəllifin fikrincə, savaş ab-havasından hələ tam çıxmayan James Mattis Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbəri və Moskvanın ardıcıl tənqidçisi Mike Pompeo və milli təhlükəsizlik müşaviri, general Michael T. Flynn-lə asanlıqla dil tapa biləcək. Flinn də Əfqanıstanda və İraqda döyüşüb.

Dekabrın 2-də Trump ABŞ-ın başqa ölkələrdə xoşuna gəlməyən rejimləri devirmək təcrübəsindən əl çəkəcəyini bəyan edib. Xrolenko yazır ki, bununla belə, silahlı qüvvələrin inkişafı, strategiyaların düşünülməsi və realizasiyası iqtisadi baza ilə müəyyən olunur, dövlətin iqtisadi maraqlarına qulluq edir. Ona görə də “qırğı”ların əməliyyat müstəvisi və düşüncə tərzi olan Pentaqon ABŞ-ın prioritet aləti olaraq qalacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG