Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:53

'Ermənilər İlham Əliyevin çıxışını sevinclə qarşılayıb'


Pənah Hüseyn
Pənah Hüseyn

«Prezident İlham Əliyevin hökumətin son iclasında çıxışı göstərib ki, ölkə rəhbərliyi çaş-baş qalıb və qarşıda duran problemləri həll etmək iqtidarında deyillər».

Bu fikri Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn bildirib.

Sabiq baş nazir İlham Əliyevin Dağlıq Qarabağın müstəqilliyinin tanınmasından ötrü Bakıya xaricdən təzyiq göstərildiyi haqqında ifadələrinə diqqət çəkib.

P.Hüseynin fikrincə, hərbi xərclərin kəskin şəkildə azalması fonunda rəhbərliyin ritorikasının kəskin dəyişməsi hakimiyyətin cəmiyyəti ölkəyə sərf etməyəcək güzəştlərə hazırlamaq planlarının göstəricisidir. «Ermənistan KİV-ləri və ekspertləri Əliyevin çıxışını sevinclə Azərbaycanın məğlubiyyətçi sülhlə razılaşmağa hazır olması kimi şərh edir», - P.Hüseyn bildirib.

AVROİNTEQRASİYA HAQDA FİKİRLƏR MİLLİ TƏHLÜKƏSİZLİK KONSEPSİYASINA ZİDDİR

P.Hüseyn deyib ki, İ.Əliyevin Avrointeqrasiya haqqında fikirləri müdafiə doktrinasına və Azərbaycanın milli təhlükəsizlik konsepsiyasına ziddir. P.Hüseyn hesab edir ki, Bakının «tarazlaşdırılmış» xarici siyasəti uğursuzluğa düçar olur, rəsmi təbliğat isə çarəsiz vəziyyətdədir.

«Hələ, bu yaxınlarda pafosla Qarabağ probleminin Rusiyanın köməyi ilə tezliklə həll olunacağından danışılırdı, bəzi hakimiyyətyönlü ekspertlər isə Qərbin bu münaqişədə mənfi rolundan bəhs edirdilər. Bu fonda anti-Qərb təbliğatının növbəti mərhələsi başladı», - deyə P.Hüseyn qeyd edib.

YUXARILAR İSLAHATLAR ŞANSINI İTİRİB

Qlobal böhrana baxmayaraq, Əliyevin ölkənin iqtisadi rifahı haqqında bəyanatlarına toxunan P.Hüseynin deməsinə görə, onlar reallığı əks etdirmir: «Ölçüsünə görə ikinci bankı bir anda müflis elan edilirsə, əhalinin və kapitalın ölkədən axını isə güclənirsə, rifahdan danışmaq olmaz. Yalnız Almaniyaya hər ay 30 nəfər gedir. Müəyyən vəsaiti olan bir çox vətəndaşlar onları Türkiyəyə və digər ölkələrə yatırmağa üstünlük verir».

MÜƏLLİMLƏR, HƏKİMLƏR, ŞAGİRDLƏR TARLALARA GÖNDƏRİLİR

P.Hüseynə görə, hakimiyyət iqtisadi təhlükələrə qeyri-adekvat reaksiya verir.

«Pambıqçılığı canlandırmaq ideyası buna nümunədir. Hakimiyyət yeni bir şey düşünə bilməyib və pambıqçılığın inkişafı bu gün ona gəlib çatıb ki, kənd müəllimləri və həkimləri, habelə şagirdlər tarlalara göndərilir. Bu, SSRİ-nin acınacaqlı təcrübəsinin təkrarıdır və bütün bunların nə ilə başa çatdığı yaxşı məlumdur», - deyən Hüseyn əlavə edib ki, «yuxarılar ölkənin islahatlar şansını artıq itirib».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG