Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:34

İstanbuldakı terrorda ölü sayı 41-ə yüksəldi


Türkiyədə hava limanında partlayış olub
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

Türkiyədə havalimanında partlayış olub

-

İyunun 28-i axşam İstanbul Hava Limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu – kamikadze özünü partladıb.

Yeni xəbərlər yazının yuxarısındadır

İstanbulda ölü sayı 41-ə çatdı

İstanbulda törədilən partlayışda ölənlərin sayı 41 nəfərə çatıb, azı 239 nəfərsə xəsarət alıb.

Bu barədə iyunun 29-da İstanbul valisinin ofisi məlumat yayıb.

Ölənlərdən 10-nun xaricilər, üçünün isə ikili vətəndaşlığı olduğu bildirilir.

Atatürk Hava Limanında bu partlayış bu il Türkiyədə törədilən ən qanlı terror aktıdır.

İyunun 28-də 3 intiharçı hava limanında özlərini partladıblar. Bundan əvvəl isə hava limanında insanları atəşə tutublar. Partlayışlar maşın parkı və terminalın girəcəyində törədilib.

Baş nazir Binali Yıldırım bəyan edib ki, bu hücumun arxasında «İslam Dövləti» qruplaşması durur.

Prezident Recep Tayyip Erdogan beynəlxalq aləmi terrorçuluqla mübarizəyə qoşulmağa çağırıb.

ABŞ-da daxil olmaqla Türkiyənin Qərb müttəfiqləri bu terror aktını pisləyib və onu mənfur hücum adlandırıblar.

Rusiya prezidenti Vladimir Putin isə Moskvanın bundan təəssüfləndiyini və qurbanlara ürəyi yandığını deyib.

AZAL gücləndirilmiş iş rejiminə keçib

«Azərbaycan Hava Yolları» gücləndirilmiş iş rejiminə keçib.

Bu haqda QSC prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski AzadlıqRadiosuna məlumat verib.

«İyunun 29-na keçən gecədən AZAL-ın bütün qurumları, bütün aeroportlar gücləndirilmiş iş rejiminə keçib. Bu, təhlükəsizliklə bağlı atılan addımdır», - Kəsəmənski söyləyib.

O, iyunun 29-da Türkiyə istiqamətində reyslərin bərpa olunduğunu da bildirib. «Bu səhər yerli vaxtla saat 8:45-də cədvələ uyğun olaraq biz İstanbul reysini yola salmışıq. O, artıq enib. Saat 13.20-də isə İstanbuldan Bakıya təyyarə gəlməlidir».

Paşa Kəsəmənski iyunun 28-də İstanbulda Atatürk Hava Limanındakı terrordan sonra Azərbaycandan Türkiyəyə səfərini təxirə salanlarla bağlı onda konkret rəqəm olmadığını deyir.

XİN araşdırır

«İstanbulun Atatürk Hava Limanında törədilən partlayışlar nəticəsində ölən və ya xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığını İstanbuldakı Baş konsulluq Türkiyənin uyğun qurumları ilə araşdırır».

Bunu Azərbaycan Xarici İçlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, hər hansı xəbər olduqda, ictimaiyyət məlumatlandırılacaq.

Ötən axşam İstanbulun Atatürk Hava Limanının beynəlxalq uçuşlar terminalında dalbadal iki terror aktı törədilib. Rəsmilər terror aktları nəticəsində 36 nəfərin öldüyünü, 147 nəfərin isə yaralandığını bildirib.

Atatürk aeroportu işə düşür

İyunun 29-da İstanbulun Atatürk aeroportunda bütün uçuşların bərpa olunduğu bildirilir. Bir gün öncə burada törədilmiş hücumda azı 36 nəfər həlak olub, 150 nəfər yaralanıb.

Aeroportun veb-saytında yerləşdirilən məlumata görə, bu gün hava limanından uçuşlar bərpa olunur. Aeroporta gələn reyslər isə artıq bərpa edilib. Aeroport bir neçə saat bağlı qalmışdı.

«CNN Türk»ün məlumatına görə, artıq sərnişinlər terminal buraxılır.

Hücum zamanı terminala da ziyan dəyib.

Baş nazir Binali Yıldırım hücuma görə əsas şübhənin «İslam Dövləti» (İŞİD) qruplaşmasının üzərinə düşdüyünü bildirib.

***

Türkiyədən alınan rəsmi məlumatda İstanbul hava limanında törədilmiş iki intiharçı partlayış nəticəsində 36 nəfərin həlak olduğu, 147 nəfərin yaralandığı xəbər verilib.

Bundan əvvəl əvvəl bəzi yerli media mənbələri ölü sayının 50 olduğunu bildirirdilər.

Türkiyə mediası polis mənbələrinə istinadla partlayışların İŞİD-lə bağlı ola biləcəyini bildirib.

Basqının üç silahlı tərəfindən törədildiyi xəbər verilir.

***

İstanbulda Atatürk hava limanına silahlı və bombalı basqın nəticəsində azı 10 nəfər həlak olub və çox sayda insan yaralanıb.

Azı 20 nəfərin xəstəxanalara aparıldığı bildirlir.

İlkin xəbərlərə görə polis şübhəliləri girişdə dayandırmağa çalışıb.

Buna görə də bomba partlayışlarının hava limanının girişində baş verdiyi bildirilir.

Türkiyə mediası son vaxtlar baş verən bomba hücumlarını PKK təşkilatı ilə bağlayır.

Bundan başqa xəbər verilir ki, basqında iki intiharçı iştirak edib.

Dünya xəbər agentliklərinin məlumatına görə burada söhbət yaxşı planlaşdırılmış hücumdan gedir.

Atatürk hava limanının bütün girişlərində rentgen aparatları qoyulubsa da, maşınların yoxlanması o qədər də intensiv deyil.

Türk Hava Yolları şirkəti bildirib ki, aeroportdan bütün uçüşlar dayandırılıb.

Ədliyyə naziri Bekir Bozdağ deyib ki, onda olan operativ məlumata görə intiharçılar əvvəlcə Kalaşnikov avtomatlarından atəş açıblar, sonra isə bombaları partladıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG