Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:59

Parlamentdə İran sərt tənqid olundu


Milli Məclis
Milli Məclis

-

«1990-cı illərdə İran «Xudafərin» və «Qız Qalası» hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisini Azərbaycan torpaqlarını işğal edən Ermənistanla birgə həyata keçirmək istəyirdi. O zaman prezident Heydər Əliyev buna çox sərt reaksiya verdi».

APA-nın xəbərinə görə, bunu deputat Zahid Oruc Azərbaycanla İran arasında Araz çayı üzərində «Xudafərin» və «Qız Qalası» su elektrik stansiyasına dair əməkdaşlıq sazişinin təsdiq edilməsinin müzakirəsində deyib.

Z.Oruc hazırda İran və Ermənistan arasında münasibətlərin strateji səviyyəyə qaldırılmasına, viza rejiminin ləğvinə diqqət çəkib. O deyib ki, İran prezidenti Hassan Rohani-nin Ermənistana səfərə hazırlaşır: «Mən Hassan Rohani-nin Ermənistana səfərə gedib-getməməsi barədə məsləhət vermək istəmirəm. Ancaq dünyada müsəlmanların himayəçisi kimi çıxış etməsinə baxmayaraq, İrandan Azərbaycan torpaqlarının işğalına Fələstin məsələsində olduğu kimi münasibət görmürük. Nüvə problemi dövründə Azərbaycanın İrana qarşı plasdarm çevrilməsinə yol verilmədi. İran Azərbaycanla dost münasibət qurmaq, yoxsa fərqli yol seçmək istəyir? Ötən dövr ərzində Azərbaycandan İrana ancaq dostluq münasibəti göstərilib».

Fazil Mustafa
Fazil Mustafa

«İRAN AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNDƏ MARAQLI OLMAYIB»

Sədr Oqtay Əsədov Zahid Orucu hər yazılan yazıya inanmamağa çağırıb: «Mən inanmıram ki, İran prezidenti Ermənistana səfər etsin».

Fazil Mustafa isə bildirib ki, saziş təsdiq edildikdən sonra İrana Azərbaycan torpaqlarının işğaldan azad edilməsində birgə iştirak təklif olunmalıdır: «İran Azərbaycanın İsraillə münasibətlərindən narahatdır. Ancaq Azərbaycan aprel savaşında işğalçı Ermənistana İsraildən aldığı silahlarla zərbə endirdi. Biz İranın Azərbaycan siyasətinin dəyişəcəyinə təsir edən istiqamətləri formalaşdıra bilərik. İran Azərbaycanın müstəqilliyində, möhkəmlənməsində maraqlı olmayıb. 1918-ci ildə Azərbaycan müstəqillik əldə edəndə də, İran Azərbaycan adına qarşı çıxıb, müstəqilliyimizi tanımayıb. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. Lakin İranın Ermənistanla əməkdaşlığı, hətta silah-sursat verməsi bu ölkənin öz tarixində qara ləkə kimi qalacaq».

Spiker də İranla bağlı bəzi məsələlərin həllini tapmalı olduğunu söyləyib: «Ancaq İran parlamentində Azərbaycanla bağlı bu cür çıxış etmirlər. Məsələlərin öz həlli yolu var. Bu sazişlərin təsdiq edilməsi də bununla bağlıdır».

Qüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev

«İRAN ERMƏNİSTANLA NİYƏ ƏMƏKDAŞLIQ EDİR?»

Qüdrət Həsənquliyev də İranı tənqid edənlərin arasında olub: «İran rəsmiləri söhbətlərində bildirirlər ki, siz niyə İsraillə əməkdaşlıq edirsiniz?! Biz İsraillə ona görə əməkdaşlıq edirik ki, İsraildən silah alaq və torpaqlarımızı işğaldan azad edək. Bəs İran Ermənistanla niyə əməkdaşlıq edir? Əməkdaşlıq edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlasın?! Hesab edirəm ki, Şeyxülislam Allahşükür Paşazadə İranın dini liderinə müraciət etməlidir ki, İran necə əli Azərbaycan uşaqlarının, qadınlarının, qocaların qanına batmış Serzh Sarkisian-ın əlini sıxır? Qarabağda məscidlərimizin çoxu donuzxanaya çevrilib, biz niyə buna qarşı susmalıyıq? Bu gün İran rəhbərliyinin Azərbaycana qarşı yürütdüyü siyasət dost siyasəti deyil. Əslində? Azərbaycanla dostluq münasibətləri İranda sabitliyə, regionun inkişafına xidmət edən amildir. İran orada yaşayan 30 milyon azərbaycanlının milli kimliyinə hörmət etməyəcəksə, bunun acı nəticəsini görəcək».

Oqtay Əsədov İranın müstəqil dövlət olduğunu vurğulayıb: «İran necə siyasət aparacaqsa, Azərbaycan tərəfdən də elə adekvat cavab alacaq».

Həmçinin izləyin: AzadlıqRadiosunun Youtube Kanalında izləyin:

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG