Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:10

Milli Məclisin son iclasında axır vaxtlar Ermənistanla hərbi müttəfiqliyini daha da dərinləşdirən Rusiya ilə münasibətlərə yenidən baxmaq təklif olunub.

Deputat Qüdrət Həsənquliyev bildirib ki, son günlər Rusiyanın Ermənistana «Iskander» raket kompleksləri verməsi, prezident Sarkisian-ın Moskvaya dəvət olunması və oradan Azərbaycanı hədələməsi artıq Bakının ciddi mövqe ortaya qoymasını tələb edir.

Onun fikrincə, əgər Rusiya Azərbaycanla münasibətlərini həqiqətən strateji tərəfdaşlıq səviyyəsində qurmaq istəyirsə, Qarabağ münaqişəsində obyektiv və bitərəf mövqe nümayiş etdirməlidir.

Deputat Fazil Mustafa da qeyd edib ki, Rusiyaya məxsus «Mir» telekanalı Azərbaycanda sərbəst yayınlansa da, bir dəfə də olsun, onun efirində Azərbaycanın ağrılı problemindən – torpaqların işğalından danışılmır.

Daha bir deputat Fərəc Quliyev isə deyib ki, Azərbaycan müttəfiqlər siyasətinə yenidən baxmalıdır. Fərəc Quliyev Azərbaycanın NATO-ya müraciət etməsini təklif edib.

"Deputatlar icazəsiz danışmırlar..."

Azərbaycan parlamentində Rusiyanın tənqidi nadir hadisə olduğundan bu çıxışlara politoloqlar arasında münasibət də birmənalı olmayıb. Bəzi təhlilçilər bu qənaətdədirlər ki, bu situasiyada iqtidarın deyə bilmədiyini “konstruktiv” müxalifətfən olan millət vəkilləri səslnədiriblər.

Politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, “Azərbaycanda deputatların icazəsiz danışmaq hüququ yoxdur.

Zərdüşt Əlizadə iddia edir ki, deputatların parlamentdəki çıxışları yuxarılarla mütləq razılaşdırılır. Politoloq onu da deyir ki, Rusiyanın Azərbaycan parlamentində tənqid olunması ilk dəfə deyil. Vaxtaşırı belə hallar olub.Onun sözlərinə görə, bu ümumi siyasi oyunun tərkib hissəsidir.

Deputat Fazil Mustafa bildirir ki, strateji məsələlər olduqda Milli Məclisin deputatları öz tənqidi fikirlərini səsləndirməkdən çəkinməyiblər.

Son iclasdakı fikirlərinə gəlincə isə, deputat qeyd edir ki, həmin çıxış Qarabağın işğalında Rusiyanın tutduğu mövqedən qaynaqlanıb. Deputatın fikrincə strateji məsələ olduğu üçün burda çəkinməli bir şey yoxdur.

Deputat Fərəc Quliyev deyir ki, onun üçün Azərbaycanın maraqları daha önəmlidir. Deputat düşünür ki, onun parlamentdəki son çıxışı tam yerindədir.

Fərəc Quliyevin sözlərinə görə, kimin nə fikirləşməsindən və yaxud deməsindən asılı olmayaraq belə mövzularda bundan sonra da tam çılpaqlığı ilə Azərbaycanın milli maraqlarını üstün tutan mövqedən çıxış edəcək.

Politoloq Rasim Ağayev bildirir ki, Rusiyanın Ermənistanla son vaxtlar intensivləşən hərbi əlaqələri Azərbaycan və Qarabağdan daha çox prezident Sarkisyanın hakimiyyətinin laxlaması ilə bağlıdır. Rusiya Yerevanda ikinci Maydanın baş qaldırmasına yol vermək istəmir.

Politoloq deyir ki, Azərbaycan parlamentinin üzvləri Rusiyanın atdığı addımlarla bağlı vaxtında danışsaydılar daha yaxşı olardı. Rasim Ağayevin fikrincə indiyə qədər Rusiya ilə Ermənistan arasında 50-yə qədər müxtəlif sənədlər imzalanıb. Politoloqun sözlərinə görə, bu bitmiş məsələlər barədə indi danışmaq mənasızdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG