Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:02

Prezident: 'Pambıq istehsalı üç dəfə artırılacaq'


«Bu il kənd təsərrüfatı istiqamətində çox önəmli addımlar atılıb. Bizim üçün ənənəvi, ancaq əfsus ki, müəyyən dərəcədə tənəzzülə uğramış sahələri bərpa etmişik».

Prezident İlham Əliyev bunu İsmayıllıda velosiped istehsalı zavodunun kollektivi ilə görüşəndə deyib.

President.az saytının xəbərinə görə, dövlət başçısı pambıqçılığın inkişafını xüsusi vurğulayıb. Bildirib ki,bu il keçən ilə nisbətən pambıq istehsalı üç dəfə artırılaraq, 30 min tondan 100 min tona qaldırılacaq. Prezidentin fikrincə, məhsulu yetişdirmək, hələ, məsələnin həlli deyil. Onu daxili bazarda və yaxud da xarici bazarda satmaq lazımdır.

«Ona görə, fermerlərə kömək göstərmək üçün indi yetişdirilən bu məhsulların tədarükü ilə məşğul olan qurum da yaradılır. Kənd təsərrüfatında işləyənlər bilirlər ki, aqrolizinq vasitəsilə texnika verilir, gübrəyə, yanacağa, yetişdirilən məhsula görə nə qədər böyük subsidiyalar verilir. İndi biz ixracı stimullaşdırmaq üçün təşviq mexanizmini işə salırıq. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Bu, çox ciddi bir proqramdır. Yenə də deyirəm, hər bir rayonun potensialı maksimum dərəcədə realizə edilməlidir və ediləcək»,- deyə dövlət başçısı qeyd edib.

Prezident İ.Əliyev avqustun 10-da Qəbələ və İsmayıllı rayonlarında səfərdə olub. O, Qəbələdə «ASAN xidmət» mərkəzinin açılışında olub və tikintisi davam edən otel, istirahət mərkəzlərinə baş çəkib.

Prezident İsmayıllı rayonunda da Olimpiya İdman Kompleksində əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub. «İsmayıllı-2» Su Elektrik Stansiyasının və velosiped istehsalı zavodunun açılışında iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG