Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:12

İmamlar pambıq yığımını vacib əməl sayırlar


Özbəkistanda məscid

Özbəkistanda məscid

Özbəkistanda pambıq yığımının ən qızğın çağında bəzi məscidlərin imamları cümə namazında insanları pambıq tarlalarına çıxmağa çağırıblar. Bəzi imamlar pambıq yığımının hər bir özbək müsəlmana vacib əməl olduğunu iddia ediblər. Bununla yanaşı, ölkənin əksər məscidlərində ziyarətçilərdən pambıq yığımına pul toplayırlar.

“PAMBIQ MÖVZUSUNU İŞIQLANDIRMAQ” GÖSTƏRİŞİ

Ötən cümə günü Özbəkistanın məscidlərində dua edilib və Allahdan bol pambıq məhsulu istənilib. Əhali sahələrə pambıq yığımına çıxmağa çağrılıb.

"Baş imamımızın sözlərinə görə, pambıq yığmaq, sən demə, vacib əməl imiş. O deyir ki, biz pambıq yığaraq dövlətin işinə töhfə verməli, pambıq yığanlara maddi dəstək göstərməliyik", Daşkənddən bir nəfər AzadlıqRadiosu-nun özbək xidmətinə bildirib.

Buna da bax: Balaca Heydər: Pambıq müşavirəsində parlayan ulduz

"Həzrəti Əli" məscidinin işçilərindən biri bu məlumatı təsdiqləyib. Onun sözlərinə görə, imamlara insanları pambıq yığımına çağırmaq göstərişini Özbəkistanın Ruhani İdarəsi verib.

"Bizə verilən göstərişlərdə tapşırılır ki, "pambıq mövzusunu işıqlandıraq". Doğrudan da cümə namazında imamımız dedi ki, "pambıq milli sərvətimizdir və onun yığılması vacibdir". Bu sözləri AzadlıqRadiosu-na Daşkəndin "Həzrəti Əli" məscidinin işçisi deyib.

Ölkənin başqa yerlərində də məscidlərdə imamların buna bənzər moizələr oxuduğu bəlli olub.

Buna da bax: Mal-qara saxlayana bəd xəbər: Qış otlaqlarında pambıq əkiləcək

“ƏSASLANDIRSINLAR”

İlahiyyatçı Muhiddin Shirinov bu çağırışları belə şərh edir:

"İslamda vacib əməli yerinə yetirməyən şəxs günaha batır, onu yerinə yetirənləri isə Allah mükafatlandırır. Hesab edirəm ki, əvvəlcə bu məlumatı yoxlamaq gərəkdir. Çünki bunun necə ifadə olunması çox vacibdir. Özbəkistan kimi müsəlman ölkəsində imamın insanları hansısa işdə dövlətə kömək etməyə çağırması tamamilə düzgündür. Ancaq bu halda imam ...pambıq yığmağın vacib əməl olduğunu deyibsə, onda öz sözlərini əsaslandırmalı, sübut göstərməlidir. Məncə, imamlarımız pambıq yığımının vacib əməl olduğunu deyə bilməzdilər. İnsanlar onları yanlış anlamış ola bilər".

İnsanları pambıq yığmağa çağırmaqdan başqa, məscidlərin imamları hökumətə bu işdə maddi yardım da göstərirlər. Toplanan nəzirlərdən dövlətə də verirlər.

Buna da bax: Fermer: 'Eşidiblər pambıq əkmək lazımdır, ancaq necəsini bilmirlər'

«"Yuxarıdan" bizə pambıq yığanlara maddi dəstək verməyi də tapşırıblar. Həftəsonu ziyarətçilərdən daxil olan 360 min sumu da hökumətə verdik. Bizə dedilər ki, bu pulları pambıqyığanlara verəcəklər», Daşkəndin başqa bir məscidinin işçisi AzadlıqRadiosu-na deyib.

MƏSCİD İMAMLARI DA PAMBIQ TOPLAYIR

Özbəkistanın Ruhani İdarəsinin müxtəlif şöbələri bildirir ki, bu il pambıq yığımı zamanı imamlara təkcə insanlara çağırış etmək və pul toplamaq yox, həm də pambıq sahələrinə çıxmaq əmri verilib.

Radionun əldə etdiyi məlumata görə, bəzi kənd məscidlərinin imamları sahələrə çıxıb pambıq toplayırlar.

Özbəkistanda dini qurumlar dövlətdən ayrı olsa da, müşahidələr göstərir ki, onların fəaliyyəti daxili işlər orqanlarının güclü nəzarəti altındadır.

Beynəlxalq təşkilatlar artıq neçə ildir ki, rəsmi Daşkəndin vətəndaşlarını pambıq yığımı və digər ağır çöl işlərinə cəlb etməsini pisləyir. Bir çox hüquq müdafiə təşkilarını birləşdirən "Cotton Campaign" qrupu müntəzəm olaraq Özbəkistan hakim dairələrini vətəndaşları məcburi əməyə cəlb etmə üsulundan imtinaya çağırır.

Buna da bax: Prezident: 'Pambıq istehsalı üç dəfə artırılacaq'

Günün bütün mövzuları

XS
SM
MD
LG