Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:06

11 yaşlı İntizar gündə ən çox 50 qəpiklik pambıq yığır


11 yaşlı İntizar pambıq yığmaqda anasına kömək edir.

11 yaşlı İntizar pambıq yığmaqda anasına kömək edir.

Çəhrayı papağıyla ta uzaqdan başı, üz-gözü yaylıqlı, şallı pambıq yığan qadınlardan seçilir. Soyuq olsa da, pambığı başqaları kimi əlcəklə yığmır, əlləri yalındır. 11 yaşlı qızcığazın kisəsinin dolmasına hələ çox var:

«Adım İntizardır. 5-ci sinifdə oxuyuram. Anama kömək eləyirəm, gündə 5 kilo pambıq yığa bilirəm».

Başqa heç nə demir, şagird səliqə-sahmanıyla işinə davam edir.

«SUYUN, PALÇIĞIN İÇİNDƏ KİLOSU 10 QƏPİYƏ YIĞIRIQ»

İntizar da anası, tarlada pambıq yığan başqa qadınlar kimi, tarla sahibindən topladığı pambığın 1 kiloqramına görə 10 qəpik qazanır. Ailənin üç övladından biridir. Biləsuvar rayonunda pambıq tarlasında işləyir. Ev işlərində də anasına kömək edir, indi də tarlaya gəlib. Anası deyir, dolanışıqları çətinləşdiyindən məcbur qalıb İntizarı da özüylə tarlaya gətirib: «Yenə, heç olmasa, məktəb pulunu çıxardır. Üç uşaq məktəbə gedir, çox çətindir. Sosial yardım ayrılır, ancaq bizə verilmir.

Gündə də məktəbdən kitab-dəftər istəyirlər. İndiki zəmanədə 10 qəpikdən pambıq yığılmaz. Görürsünüz, bütün suyun, palçığıniçindəyik. Məcburuq, yığırıq. Səhər saat 8-də gəlmişik, 6-da hava qaralanda gedirik. Bu qız evdə də mənə kömək eləyir. Evdə xəstə də var, dolanışığımız çox çətindir, ona görə gətirmişəm».

«HEÇ OLMASA, UŞAQLARIN BİR CÜT CORABININ PULUNU ÇIXARDIM»

Bu tərəflərdə payızda, az qala, hər gün yağış yağır. Tarlada palçığın içində çalışan qadınlar Biləsuvarın Bəydilli, Çinarlı, başqa ətraf kəndlərindən gəlirlər. Bəydilli kəndindən olan 35 yaşlı Elnarənin iki uşağı var.

Evdə çalışan yoxdur. Gənc qadın əvvəlcə İntizarın halına yanır, sonra da öz ailəsinin dolanışığının çətinliyini dilə gətirir: «İntizargil çətin şəraitdə yaşayır, atası da xəstədir. Burda camaat acından qırılır. Səhər tezdən bura 10 qəpik dalınca gəlirik. Heç olmasa, qiyməti qaldırsınlar. Gündə 5-6 manat qazanc olur. Ona da nə almaq olar ki? 1 kilo qənd ala bilərəm, bir çay, bir az da başqa şey, qurtardı. Yağış da yığmağa imkan vermir. Evdə iki uşağı qoyub gəlmişəm. Deyirəm, heç olmasa, onların bir cüt corabının pulunu çıxardım. İlham Əliyev iş yeri açsın, kişilər də gedib işləsin. İndi arvad çörək qazanır, kişilər yeyir».

Tarladakı qadınların qaloşları palçığa bulaşıb.

Tarladakı qadınların qaloşları palçığa bulaşıb.

İŞ AĞIR, QAZANC AZDIR

Tarladakı qadınların qaloşları palçığa bulaşıb. Bəziləri cəld, bəziləri yorğunluqdan ləng işləyir. Deyirlər, hava qaralanadək 50, 60 kiloqram pambıq yığırlar. Aralarında 100 kiloqram yığan da var. Əsli Axundova kimi. Əsli deyir, torpaqları bərəkətlidir.

Ancaq iş ağır, qazanc azdır: «Bizim rayonun torpağında pambıq yaxşı bitir. Bu il hava yağışlı oldu, amma, yəqin, normamızı verərik. Hər rayonun öz öhdəliyi var. Özbaşına heç nə ola bilməz. Neçə ton pambıq verilməsiylə bağlı briqadirə öhdəlik qoyulur. Bizim kimi fəhlələrəsə öhdəlik qoyulmur, kefin nə qədər istəyir, ver. Mən 70 kilo da yığıram, 100 kilo da. Elə gün olur az yığıram, elə gün olur çox. Bir kilo pambığa 10 qəpik verirlər. Bu cür işə o qiymət bir az yaxşı deyil. 20 qəpik olsa, yaxşı olar. Bu ayın axırına qədər yığmalıyıq, bizi də tələsdirirlər. Axı, həm də gecikirik. Əslində, bu vaxta qədər pambıq yığılmalıydı, kolda qalmamalıydı. 15, 20 gün ki dayanmadan yağış yağdı, ona görə sahəyə girmək olmadı. Yoxsa qalmazdı».

«QƏPİK-QURUŞA İŞLƏYİRİK»

Çinarlı kəndindən Təhminə danışır ki, başqa iş olmadığından kiloqramı 10 qəpiyə razılaşmaqdan başqa əlacları qalmır: «Bu qiymət çox aşağıdır. Ən çox 150 kilo yığaram, ondan artıq yığa bilmərəm. Pambıq qurtarana qədər yığacağıq. Kəndlərdən gəlirik. Hamı öz razılığı ilə gəlir. Gəlir ki, heç olmasa, bu qəpik-quruşu qazansın. Çünki başqa iş yerimiz yoxdur».

Hava qaralanadək 50-60 kiloqram pambıq yığırlar. Aralarında 100 kiloqram yığan da var.

Hava qaralanadək 50-60 kiloqram pambıq yığırlar. Aralarında 100 kiloqram yığan da var.

«EVDƏ DƏ BOŞ QALSAQ, ACINDAN ÖLƏRİK»

Lalə deyir ki, prezident İlham Əliyev pambıqçılığın inkişafından danışanda, o, çox qazanacağına ümid edirmiş. Amma tarla sahibi kiloqramına 10 qəpikdən artıq verməyəcəyini deyincə, başqa əlacı qalmayıb:

«Gündə 100 kilo yığıram, 150 yığan da var. Qazancımız çox azdır. İlham Əliyev deyirdi, alışı 50 qəpikdəndir. Tarla sahibindən 50 qəpiyə alırlar, bizə 10 qəpik verirlər. Ancaq çörəkpuludur. Evdə də boş qalsaq, acından ölərik. Yenə Allah köməkləri olsun, heç olmasa, bunu əkiblər».

Qadınlar yarım saatlıq fasilədə evdən gətirdiklərindən yeyib, termosdakı çaydan içəndən sonra yenə işlərinə davam edəcəklər. Bozarmış havaya baxıb yağışın yağmaması üçün Allaha dua edirlər.

... Əsli, Elnarə, Lalə, adlarını deməyən başqa qadınlar günün sonunda evlərinə 5-6 manat, ən çoxu, 10 manat aparacaqlar. 11 yaşlı məktəbli İntizarın qazancısa 50 qəpikdən artıq olmayacaq. Çünki qızcığazın 5 kiloqramdan çox pambıq yığmağa gücü çatmır. Axı, evdə də ev işlərində anasına yardım etməlidir. Hələ dərslərinə də vaxt ayırmalıdır...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG