Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) hesabatlarını gizlədən, tam və ya vaxtında açıqlamayan banklara xəbərdarlıq edib.
MBNP daha öncə - oktyabrın 30-da məktub göndərərək, noyabrın 15-dək “Banklarda korporativ idarəetmə standartları”nın tələblərinə uyğun məlumatların açıqlanmasını istəsə də, 10-dan çox bank hələ də maliyyə hesabatını dərc etməyib. Bu səbəbdən Palata noyabrın 21-də tələbləri gözardı edən 10-dan çox banka maliyyə sanksiyasının tətbiqi barədə xəbərdarlıq məktubu göndərib. Məktubda bu bankların tələb olunan məlumatların açıqlanmasını təmin etmədikləri vurğulanıb (APA).
Buna da bax: 'Yaşamaq istəyirəm. İstəyirəm banklar məndən əl çəksinlər'
Sanksiya xəbərdarlığı nəticə verib
Sanksiya xəbərdarlığının vurğulandığı məktubda daha sonra deyilir: “Bununla əlaqədar olaraq, “Banklar haqqında” qanunun 48-ci maddəsinə əsasən, bankınızda yeni filial və şöbələrin açılması dayandırılacaq, yeni müştəri hesablarının açılması və yeni əmanətlərin cəlb edilməsi qadağan ediləcək”.
Sənəddə konkret tapşırıqlar da əksini tapıb: "Məlumatların açıqlanmasının dövriliyi, tərkibi, istifadəçilərə çatdırılması, habelə bu proseslərin daxili nəzarətlə əhatə olunması mexanizmini əks etdirən daxili qaydaların və bu sahəyə məsul olan inzibatçı haqqında məlumatların 2 iş günü ərzində Palataya təqdim olunması bankınıza tapşırılır. Qeyd olunan qadağalar yalnız məlumatlar ictimaiyyətə açıqlandıqdan və bununla bağlı Palataya rəsmi məlumat verildikdən sonra aradan qaldırıla bilər”.
Buna da bax: İpoteka fondunun istiqrazlarına müştəri yoxdursa...
Sanksiya tətbiqinə dair xəbərdarlıq məktubundan dərhal sonra maliyyə hesabatlarını gizlədən banklar Palatanın tələbinə əməl etməyə başlayıb. Artıq bankların hamısı bu ilin 9 ayı üzrə maliyyə hesabatlarını öz saytlarında yerləşdirib.
Bankların maliyyə hesabatlarını açıqlaması Azərbaycan Banklar Assosiasiyasının toplantısında da vacib məsələ kimi vurğulanıb.
Banklardan nə tələb olunur?
“Banklar haqqında” qanunun 45-ci maddəsinə əsasən, banklar maliyyə ilinin qurtarmasından ən geci 5 ay müddətində illik maliyyə hesabatını açıqlamalı və mətbuatda dərc etməlidir. “Banklarda korporativ idarəetmə standartları”nın 14.10-cu bəndinə görə, həmin hesabat bankın internet saytında da yerləşdirilməlidir. Ancaq bankların çoxu ötən il üzrə (bəziləri daha əvvəlki illər üzrə də) hesabatı gizlədir. Hesabatını yalnız ingilis dilində dərc edən banklar da var. “Banklarda korporativ idarəetmə standartları”nın 14.2-ci və 14.3.2-ci bəndlərinə əsasən, banklar növbəti rübün birinci ayı ərzində rüblük maliyyə hesabatlarını bankın internet səhifəsində açıqlamalıdır. Bank binalarında bu barədə elan da yerləşdirilməlidir.
Buna da bax: Ekspert: 'İlin sonunda qiymətlər 30 faiz bahalaşa bilər'
Bank məsələləri eksperti Əkrəm Həsənov Palatanın addımını müsbət qiymətləndirir: “Palata yavaş-yavaş Azərbaycan Mərkəzi Bankının (AMB-nin) etmədiyini edir. Amma hər bir halda həmin hesabatları tam edib-etmədiklərini yoxlamaq lazımdır”.
“Bank başa düşür ki, icra etməsə...”
Məsələnin ictimailəşdirilməsinə gəlincə, ekspert bunu Palatanın banklara “gücü”nün çatmamasına bağlayıb: “Məsələni özü ictimailəşdirir ki, banklar qorxsun. Yəni banka zəng edir, xeyri olmur. Yazır, yenə xeyri olmur. Qorxudur, yenə olmur. Çünki əksəriyyəti fikirləşir ki, “deyir də özü üçün, cəzalandıran deyil”. Buna görə də MBNP ictimailəşdirir ki, banklar niyyətin ciddi olduğunu anlasın. Bank başa düşür ki, icra etməsə, Palata cəza verəcək. Əks halda, nüfuzdan düşə bilər. Bu işdə Palatanı hamımız dəstəkləməliyik”.
İqtisadçı ekspert Samir Əliyev də MBNP-nin sərt addımını müsbət qiymətləndirir: “İqtisadi böhran yaranandan bəri banklar hesabatlılıq öhdəliklərinə əməl etməkdən yayınırlar. Bu isə həmin bankların maliyyə vəziyyəti barədə əhalidə, o cümədən ekspertlərdə şübhələr oyadırdı. Devalvasiya nəticəsində 13 bankın bağlanması bu şübhələrin əsassız olmadığını bir daha sübut etdi”.
Buna da bax: Vahid Əhmədov: 'Banklar əhaliyə yalvarmalıdır, əhali banklara yox'
“Mərkəzi Bank da hesabatlı olmalıdır”
Ekspert deyir ki, şəffaflıq və hesabatlılıq təkcə banklar və bank olmayan kredit təşkilatları üçün yox, həm də monetar siyasətə məsul qurumlar üçün olmalıdır: “AMB 2014-cü ildən bəri statistik hesabatlarının həm dövriliyini, həm də məzmununu məhdudlaşdırır, vacib məlumatlar hesabatdan çıxarılır. Palatanın rəsmi internet saytında öz fəaliyyəti barədə hesabata, qəbul etdiyi qərarlara rast gəlmək olmur”.