Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:43

Pakistanın baş naziri Navaz Sherif oktyabrın 13-15-də Azərbaycana rəsmi səfərə gələcək.

Bu gəliş digər ölkə rəsmilərinin səfərindən Pakistanın Azərbaycana xüsusi münasibəti fonunda fərqlənir: Bu ölkə Azərbaycanı hər sahədə müdafiə edir, hətta Ermənistanla Azərbaycan arasında qısamüddətli aprel döyüşlərində də İslamabad rəsmi Bakını müdafiə edən bəyanat səsləndirmişdi. Üstəlik, Pakistan da, eynən Türkiyə kimi, Qarabağ probleminə görə Ermənistanla diplomatik əlaqələrdən imtina edib.

Əməkdaşlığın qısa tarixçəsi

Pakistanın Azərbaycandakı səfirliyinin saytında ayrıca vurğulanır ki, 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycanı tanıyan ilk ölkələrdən biridir. Diplomatik əlaqələrin təməli 1992-ci ildən qoyulub və 1993-cü ildə Bakıda səfirlik açılıb.

Buna da bax:​ Pakistan kriket yarışlarına qatılmaq istəyir

Pakistan 4 il öncə Xocalı faciəsini soyqırım kimi tanıyıb

Diplomatik münasibətlər qurulandan bəri iki ölkə arasında 30 sənəd imzalanıb.

Pakistan prezidentləri 4 dəfə Azərbaycana rəsmi səfərə gəliblər. İki dəfə də Azərbaycanın dövlət başçıları İslamabadın rəsmi qonağı olublar (öncə mərhum Heydər Əliyev və daha sonra İlham Əliyev).

Heydər Əliyev Fondu Pakistanda fəaldır

Səfirliyin saytında vurğulanır ki, Heydər Əliyev Fondu 2008-ci ildə Pakistanda zəlzələdən dağılmış qızlar məktəbini yenidən tikib. Azərbaycan hökuməti 2010-cu və 2011-ci illərdə də təbii fəlakətdən zərər çəkən Pakistana üst-üstə 3 milyon dollarlıq yardım göstərib.

Heydər Əliyev Fondu 2012-ci ildən sonra Pakistanda humanitar layihələrini genişləndirib. Tam təchizatlı ambulans, qan ehtiyatı, Xeybər Göz Fondu üçün yeni blok və gözləmə otaqlarının, Dərə İsmayıl Xan rayonunda bulağın tikilməsi, Kulsum Beynəlxalq Xəstəxanasında müasir ürək əməliyyatları kabinetinin açılması, Hepatit B virusu ilə mübarizəyə gərəkli avadanlıq və s. belə layihələrin yadigarıdır. Azərbaycanın ehtiyac duyan pakistanlı tələbələrə təqaüd verməsini, kasıb kəndlilərə min baş mal-qara bağışlamasını, kimsəsiz uşaq və qocalara vaxtaşırı iftar süfrələri açmasını da yada salmağa dəyər.

Düzdür, əsasən, səhiyyə, təhsil və sosial sahələrdə onlarca layihə gerçəkləşdirən fondun Pakistanda xərclədiyi vəsait və həmin vəsaitin mənbəyi hələ açıqlanmır.

Buna da bax:​ M.Əliyeva pakistanlı uşaqlara yardım edib

Eyni dərd?

Pakistan Qarabağ münaqişəsinə görə Ermənistanla sərt davransa da, Azərbaycan Kəşmir məsələsində eyni davranışı sərgiləmir. Üstəlik, Hindistanla normal siyasi-diplomatik və iqtisadi əlaqələr qurub. Bakıda təntənəli Hindistan sərgilərinin keçirilməsi də, az qala, ənənə halını alıb.

Belədirsə, o zaman niyə Pakistan Azərbaycana bu qədər dəstək verir? Pakistanı hansı tellər Azərbaycana bağlayır?

“Kəşmir, Qarabağ problemi, eyni dərd birləşdirir”, - Milli Məclisin Azərbaycan-Pakistan parlamentlərarası işçi qrupunun üzvü Tahir Rzayev AzadlıqRadiosu-na müsahibəsində belə deyir. Deputat vurğulayır ki, Pakistan Qarabağ probleminə görə Ermənistanda səfirlik belə açmayıb və hər hansı iqtisadi-diplomatik əlaqələrdən imtina edib:

“İslamabad hər zaman Bakının mövqeyindən danışır, hətta təkcə iqtisadi-siyasi deyil, hərbi kömək də təklif edir. Apreldə öz əsgərini Azərbaycan tərəfdən döyüşməyə göndərməyə belə hazır olduğunu bəyan etdi”.

Buna da bax:​ Polis Kəşmirdə azı 55 müsəlmanı öldürüb

Tahir Rzayevin fikrincə, hər iki ölkə rəsmilərinin səfərləri “toy-bayram kimi qəbul olunur”. Onun sözlərinə görə, Azərbaycanın iqtisadi gücü də bu əlaqələrin yüksələn xətlə inkişafında rol oynayır: “İqtisadi güc dövlətin də güclü olması deməkdir. Təbii, ikitərəfli münasibətlərdə neft amili də rol oynayıb, iki ölkənin oxşar dərdinin olması da”.

“İkisi də müsəlman ölkəsidir”

Beynəlxalq məsələlər eksperti Fikrət Sadıqov da həmin fikri bölüşür və deyir ki, hər iki ölkə öz regionunda nüfuz sahibidir və onları birləşdirən dəyərlərdən biri də ikisinin də müsəlman ölkəsi olmasıdır. “Xüsusilə, Pakistan ən böyük müsəlman dövlətlərindən biridir”.

Fikrət Sadıqovun fikrincə, Azərbaycanla Pakistanın bir-birinə ehtiyacı var və əlaqələr inkişaf edirsə, deməli, qarşılıqlı, həm də güclü maraqlar var.

“İqtisadi tərəfdaş deyil”

Siyasi tərəfdaş heç də iqtisadi tərəfdaş demək deyilmiş. Pakistanla Azərbaycanın iqtisadi əlaqələri siyasi münasibətlərə tərs mütənasibdir. Siyasi əlaqələr nə qədər yüksəkdirsə, iqtisadi tərəfdaşlıq o qədər aşağıdır. Məsələn, Dövlət Statistika Komitəsi ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 2 milyon dollara yaxın olduğunu bildirir. Bu o deməkdir ki, 2011-ci illə müqayisədə dövriyyə 1 milyon dollardan çox azalıb. İslamabad Bakının xarici ticarətdəki əsas tərəfdaşları siyahısında ilk 40-lıqda belə təmsil olunmur. Müqayisə üçün: Əfqanıstan bu siyahıda 22-ci, Kəşmir üzündən Pakistanın siyasi-hərbi problem yaşadığı Hindistansa 18-ci yerdədir.

Buna da bax:​ Heydər Əliyev Fondu Pakistanda kimsəsizlərə iftar verib

“Hər iki dövlətin dividenti var”

İqtisadçı ekspert Natiq Cəfərli də bu qədər siyasi-diplomatik yaxınlıqla bərabər, Azərbaycanın Pakistanla iqtisadı əlaqələri çox zəif olduğunu vurğulayır. Onun sözlərinə görə, müstəqilliyi ilk tanıyan dövlətlərdən biri olması Pakistanı Azərbaycana yaxınlaşdırıb: “Son illərdə Heydər Əliyev Fondu Pakistanda çox sayda ciddi humanitar layihə həyata keçirir. Təbii ki, iqtisadiyyatı zəif olan Pakistan da görür ki, belə bir siyasi mövqe ona qazanc gətirir. Başqa sözlə, Azərbaycandan ölkəyə humanitar yardımlar gəlir, hansısa sosial problemlər çözülür, hansısa iqtisadi layihəyə Azərbaycan donorluq edir. Rəsmi Bakı da beynəlxalq arenada nüvə dövləti və İslam dünyasında nüfuzu olan Pakistanın dəstəyindən siyasi dividentlər götürür”.

Natiq Cəfərli iki ölkə arasında iqtisadi əlaqələrin zəifliyini onların bir-birinə satmağa malının olmaması ilə izah edir: “Loqistik əlaqələr zəifdir. Biz neft satırıq, Pakistan nefti Səudiyyə Ərəbistanından və İrandan alır. Onlardan bizə də az həcmdə toxuculuq malları gəlir”.

Səfirlik qonaqların gəlişinə hazırlaşır

Səfərlə bağlı Pakistanın Azərbaycandakı səfirliyinin mövqeyini öyrənmək mümkün olmadı. Səfirlikdən dedilər ki, sualları cavablandıra biləcək məsul şəxslər hazırda yüksək qonaqların qəbuluna hazırlaşır. Baş naziri müşayiət edəcək şəxslərin də kimliyi açıqlanmadı. “Trend” agentliyi diplomatik mənbələrə istinadla yazıb ki, səfər zamanı Azərbaycan və Pakistan arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri ən yüksək səviyyədə müzakirə ediləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG