Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:20

Rabitəçilər işi: 'Mən paket sözünü bilmirdim, təzə eşitmişəm'


Arxiv fotosu.
Arxiv fotosu.

Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri olmuş Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynov, "Aztelecom" MMC-nin keçmiş rəhbəri Məhəmməd Məmmədov da daxil, 11 nəfərin mühakiməsi davam edir. Hələlik, təqsirləndirilən şəxslərin dindirilir.

Dekabrın 7-də daha iki təqsirləndirilən - "Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov və "Rabitə Mülki Tikinti" MMC-nin sabiq direktoru Emin Məmmədov ifadə veriblər.

Buna da bax:​ 'Rabitəçilər işi'ndən Əli Abbasov və daha iki nəfərin işi ayrılıb

Səhrab Hümbətov mühasib kimi və rəsmi sənədlər əsasında dövlət orqanlarına hesabat verdiyini, qanunsuz heç bir iş görmədiyini söyləyib. 2010-cu ildən bəri ayda 400 manat əməkhaqqı aldığını deyən təqsirləndirilən aldığı iddia olunan 32 min 400 manat, eləcə də mənimsəməyə cəhd göstərdiyi deyilən 7 milyon manatdan da söz açıb: "Mənim yaşadığım evi görə bilərsiniz. Nə bu qədər pul almışam, nə mənimsəmişəm, nə də mənimsəməyə cəhd göstərmişəm".

"Qızımın xəstəliyinə görə pul lazım olurdu"

İttihamlarla razılaşmadığını deyən Səhrab Hümbətov nədə təqsirləndirildiyini də bilmədiyini vurğulayıb: "Bildiyim qədər, Rabitə Nazirliyi bizim şirkətə16 milyon manat borclu idi. Hansı vəzifə səlahiyyətlərimi aşdığımı, necə sui-istifadə etdiyimi, niyə qruplaşma yaratmaqda təqsirləndirildiyimi anlaya bilmirəm. Ümumiyyətlə, niyə həbs edildiyimi, nədə günahlandırıldığımı anlamıram".

Buna da bax:​ Rabitəçilər işi: baş mühasib 10 milyonu tək necə mənimsəyib?

Səhrab Hümbətov bildirib ki, qəbul edilən materiallara dair məxaric orderlərini imzalasa da, bu işlərə məsul adam şirkətin rəhbəri, təqsirləndirilənlərdən biri - Namazalı Məmmədov idi: "Mənim pulla heç bir əlaqəm olmayıb".

Təqsirləndirilən şəxs məhkəmənin nəzərinə çatdırıb ki, 22 yaşlı xəstə qızı var və onun müalicəsi üçün maddi yardıma ehtiyacı olanda Namazalı Məmmədov ona kömək edib: "Qızıma gərəkli dərmanlar baha idi. Buna görə də Namazalı müəllimdən pul istəyirdim. O da mənə kömək göstərirdi".

Namazalı Məmmədov da qızının xəstəliyinə görə ona öz pulundan yardım göstərdiyini təsdiqləyib.

Buna da bax:​ 'Azərbaycanda sistemin özü `paket' üzərində qurulub'

"Bir fəhləmiz öldü, ikisi şikəst oldu..."

"Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov da ittihamlarla razılaşmadığını bildirərək deyib ki, istintaq rabitə xətlərinin çəkilişinə ayrılan xərcləri hesablayanda kobud səhvlərə yol verib: "Məsələn, dəyəri 250 manat olan dirək istintaqda 70 manat göstərilib. 1991-ci ilin qiymətləri ilə hesablama aparmaq olar? Bəzi materialların qiyməti ittihamda bir neçə yerdə fərqli rəqəmlərlə göstərilib. İrəli sürülən ittihamlar şişirdilib. Müəssisəmdə 100 nəfərdən çox adam çalışıb. İstintaq zamanı elə hesablama aparılıb ki, sanki biz gəlir əldə etmədən işləməliydik. Bəs bu qədər işçinin maaşı, vergi ödənişləri, şirkətin xərcləri necə olmalıdır?”.

“Demirəm ki, ittihamda heç nə yazılmasın...”

Buna da bax:​ ‘Rabitəçilər işi’ndə Eldar Mahmudovun oğlunun adı çəkilib

Emin Məmmədov ittiham aktında görülən işlərin nəzərə alınmadığını söyləyib: “İttiham aktında yazılıb ki, Lahıcda rabitə xətlərinin çəkilişi zamanı görülən işlərə ayrılan xərcləri 79 faiz şişirtmişik. Həmin xərclərin mənimsənildiyi deyilir, amma bizim xərclərimiz, gördüyümüz işlərin heç biri hesablama zamanı nəzərə alınmayıb. Lahıcda rabitə xətlərini çəkəndə, onlarla dirək daş uçqununda qırılıb, 4 kilometrədək kabel məhv olub. Bunların hamısı bizim xərcimizdir. İşçilərin ərazilərə aparılması, onların yemək xərcləri, texnikaya ayrılan pullar hesaba alınmır. Mən demirəm ki, ittihamda heç nə yazılmasın, amma daha başımızı da kəsmək lazım deyil".

Buna da bax:​ Rabitəçilərin 'korrupsiya işi' [araşdırma]

"Bu, bizim üçün sonun başlanğıcıdır...”

Emin Məmmədov iş görülərkən, dörd fəhlənin yıxıldığını, birinin öldüyünü və ikisinin şikəst olduğunu bildirib. "Bu, bizim üçün sonun başlanğıcıdır, yaşımız 50-ni ötüb. Bəlkə də 30 illik fəaliyyətimizin imtahanıdır", - deyən Emin Məmmədov Beytulla Hüseynovun ona 1 milyon manat verməsi haqda ittihamda yazılanlara da etiraz edib: "Rəqəmləri 80 faiz şişirdiblər. Mən paket sözünü bilmirdim, təzə eşitmişəm. Bilmirəm, adına nə deyim, amma ayda 4 min 500-5 min manat pul qazanmışam. Bunun içində əməkhaqqı, ezamiyyət xərcləri də vardı".

Məhkəmə dekabrın 9-da davam edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG