Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:16

Özlərini MTN əməkdaşı kimi təqdim etdilər, tutuldular


MTN
MTN

Özünü MTN əməkdaşı kimi təqdim edib, pul tələb etməkdə suçlanan xalaoğluları elə MTN əməkdaşları da həbs ediblər. Hadisə Bakıda olub.

İttihama görə, xalaoğlulardan biri Vüqar Həsənovun Yaşar Bayramov adlı şəxslə problemi yaranıb. Bayramov 31 hektarlıq torpaq sahəsini sənədləşdirmək istəyib. Dost-tanışından bu işdə kömək istəyib. Xalası oğlu vasitəsilə Vüqar Həsənovu tapıb və ondan sənədləşmə işini görə biləcək adam tapmasını xahiş edib.

Vüqar Həsənov məhkəmədə ifadə verməkdən imtina edib. Ona görə də istintaqdakı ifadələri elan olunub. İfadəsində yazılıb ki, o, bir müddət sonra Yaşar Bayramovun yanına gəlib, bu işi görə biləcək adam tapdığını və bunun üçün 6 min manat pul istədiyini deyib. Yaşar Bayramov bu pulu verməyə razılaşıb, amma məsələ həll olunsa da, verməyib.

«PULU ALA BİLMİRDİK»

Vüqar Həsənovun ifadəsinə görə, işi görənlər də pulu tələb ediblər: «Bizə tez-tez zəng edirdilər. Ancaq pulu ala bilmirdik».

Bundan sonra Vüqar Həsənov pulu almaq üçün xalası oğlu Ramil Qədimovdan kömək istəyib. Hazırda iki uşaq atası olan Vüqar Həsənovla yanaşı, Ramil Qədimov da müttəhimlər kürsüsündədir. Təqsirləndirilənlər arasında hətta Ramilin tanışı Fidan Hüseynova da var. Onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Amma təqsirləndirilən şəxslərin hər üçünə CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham verilib.

Vüqar Həsənovun ifadəsində «MTN planı»nın necə yarandığı barədə də yazılıb: «Bir müddət əvvəl Yaşarın dələduzluğa görə «banditizm»ə aparıldığını, onun hüquq-mühafizə orqanlarından qorxduğunu bilirdim. Buna görə təklif etdim ki, Ramil özünü MTN əməkdaşı kimi təqdim etsin. Dedim ki, səliqəli şəkildə, kostyum geyinib Yaşarla görüşə getsin. Əgər ondan vəsiqə istəsə, desin ki, MTN əməkdaşı vəzifə başında vəsiqəsini təqdim etmir. Əgər israr etsə, onu MTN-nin binasına aparmaqla hədələsin. Onun qorxub pulu verəcəyini düşünürdüm».

XALASI OĞLUNU NAZİRLİKDƏ GÖRÜB

Ramil Qədimov görüşə də hazırda təqsirləndirilənlər arasında olan Fidan adlı tanışı ilə gedib. Cinayət işinin materiallarına əsasən, Ramil əvvəlcə 100 mindən başlayıb, gəlib 10 mində dayanıb.

Bütün bunlardan sonra Yaşar Bayramov əsl MTN-ə şikayət edib.

Vüqar Həsənovun ifadəsinə görə, xalası oğlu Yaşar Bayramovla görüşəndən sonra ona zəng edib və işi həll etdiyini söyləyib. Bir müddət sonra isə onu MTN əməkdaşları saxlayıb və nazirliyin binasına aparıblar. Elə nazirlikdə də xalası oğlunu görəndə, işin üstünün açıldığını başa düşüb.

Vüqar Həsənov məhkəmədə ifadə verməkdən imtina etsə də, sualları cavablandırarkən deyib ki, MTN-də onu döyüblər, ifadəsinə demədiyi fikirləri əlavə ediblər. O, xüsusən Fidanın şəxsiyyəti barədə ifadəsində yazılanlara etiraz edib.

«10 MİNDƏ DAYANDI»

Şahidlər dindirilərkən işin üstünün necə açıldığı da məlum olub. İş üzrə zərərçəkmiş Yaşar Bayramovun iş yoldaşı İrşad Süleymanov deyir ki, özünü MTN əməkdaşı Elnur kimi təqdim edən biri ona zəng edib, Yaşarı soruşub:

«Səs tonu, dedikləri məni inandırdı. Dedi ki, Yaşar bir müddət əvvəl «səhv» edib. Yaşarın həmin işini isə o həll edib. İndi Yaşar aradan çıxıb və ona çatacaq məbləği ödəməyib. Özünü Elnur kimi təqdim edən şəxslə telefonda 15 dəfədən artıq danışdıq. Hər gün zəng edirdi. Mən də gedib Yaşarı axtardım. Nömrəsinə zəng çatmırdı. Evinə gedəndə gördüm ki, Yaşar halsız vəziyyətdədir. Elnur demişdi ki, «Yaşar buna görə 100 min verməlidir». Bunları Yaşara deyirdim. Ancaq bilirdim ki, Yaşarla onun arasında bir dəfə görüş olub. Bir dəfə ondan şübhələndim. Amma nə vaxt hara getdiyimi, maşınla harada olduğumu deyəndən sonra inandım, fikirləşdim ki, bəlkə maşına cihaz qoyub məni izləyirlər. Sonra məbləğin aşağı salınması üçün ondan xahiş etdim, əvvəl 50 min, sonra 30 min oldu, axırda da 10 mində dayandı. Amma sonra Yaşar MTN-ə şikayət etdi. MTN-də olanda yenə mənə zəng gəldi. Telefonu açıb həmişə danışdığım kimi danışdım. Telefonu mikrofona qoydum. MTN işçiləri də qulaq asdı, səsi yazıldı».

Milli Təhlükəsizlik Nazirliyi adlanan qurum ötən ilin sonunda ləğv edilib, bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. Bundan öncə, oktyabrda isə milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-yə yaxın yüksəkrütbəli əməkdaşı həbs olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG