Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 21:12

Prezident İlham Əliyev bu il özəlləşdirməyə dair 3 fərman imzalayıb: Yanvarın 18-də «geniş özəlləşdirmə proqramının hazırlanması» tapşırığını verib. Mayın 19-da «Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» fərman imzalayıb. İyulun 19-da isə daha bir fərman verərək, dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsini və idarə edilməsinin səmərəliliyinin artırılmasını istəyib.

Belə təsəvvür yaranır ki, hökumət bu işin üstünə ciddi düşüb. İndi qalır işin səmərəsi, axı ekspertlər indiyədək özəlləşdirmə məqsədilə icra olunan 2 dövlət proqramının arzulanan sonuca çatmadığını deyirlər.

BİRİNCİ QANUNDAN 21 İL ÖTÜR

Dövlət əmlakının özəlləşdirilməsinə dair 1-ci qanun 1995-ci ildə qəbul edilib.

2000-ci il avqustun 10-da prezident «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın təsdiqlənməsi barədə fərman imzalayıb.

1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsinin və obyektin özəlləşdirildiyi bildirilir.

Buna da bax - İlham Əliyev geniş özəlləşdirmə olacağına eyham vurdu

«İKI CİDDİ PROBLEM HƏLLİNİ TAPMAYIB»

Milli Məclisin deputatı Əli Məsimli AzadlıqRadiosuna açıqlamasında özəlləşdirilmə prosesinin durumunu səciyyələndirib:«Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı iki proqram həyata keçirilib. Həmin proqramlar çərçivəsində on minlərlə dövlət müəssisəsi və obyektlər özəlləşdirilərək xüsusi mülkiyyətə verilib. Bu sahədə müsbət məqamlarla yanaşı, xeyli neqativlər hallar da olub. Özəlləşdirilən müəssisə və sahələrin bir hissəsində iki ciddi problem - effektli sahibkar və özəlləşdirilən obyekti rəqabətqabiliyyətli səviyyəyə gətirib çıxarmaqdan ötrü zəruri sərmayə məsələsi həllini tapmayıb. Nəticədə, bir sıra vacib müəssisələr özəlləşdirilsə də, bugünədək salınmayıb. Digərləri isə, özəlləşən müəssisəni gərəkli səviyyədə işlədə bilmir».

«İNDI ÖZƏLLƏŞDİRMƏNİN ƏSAS VƏZİFƏSİ...»

Ə.Məsimli deyir ki, indiki mərhələdə büdcə yükünün azaldılması və büdcə gəlirlərinin artırılması əsas məqsəd sayılsa da, hədəf - iqtisadiyyatı gücləndirmək olmalıdır: «Özəlləşdiriləcək müəssisələrin fəaliyyətinin yenidən qurulması, iş yerlərinin açılması, daxili tələbatın təmin edilməsi və ixrac qabiliyyətli mal istehsalının artırılması da öncəlikli məsələlərdir. Bu səbəbdən, indi özəlləşdirmənin əsas vəzifəsi səmərəli özəlləşdirmə mexanizmi vasitəsilə həm büdcəyə əlavə vəsaitin cəlb edilməsi, həm özəlləşdirilən müəssisələrin səmərəli fəaliyyətinin təmini, həm də iqtisadiyyatda dövlətin yeni rolunun formalaşdırılması olmalıdır».

Buna da bax - Özəlləşdirmə müəmması

«BU TƏDBİRLƏR GÖRÜLMƏLİDİR»

İqtisadçı deputatın fikrincə, bundan ötrü aşağıdakı tədbirlər mütləq gerçəkləşdirilməlidir:

- Yeni özəlləşdirmə proqramı hazırlanmalı və bu prosesə yerli və xarici investorların cəlb olunmalıdır;

- Yerli və xarici mütəxəssislərin köməyi ilə Azərbaycanda indiyədək həyat keçirilən özəlləşdirmə obyektiv incələnməli, onun müsbət cəhətləri inkişaf etdirilməli, neqativ halların aradan qaldırılması istiqamətində tədbirlər hazırlanmalı və həyata keçirilməlidir;

- Özəlləşdirmə aparılarkən, tətbiq olunan üsullara yenidən baxılmalı, özəlləşdirmə prosesində daha rasional və optimal üsullardan istifadə edilməlidir;

- Özəlləşdirmə prosesində, əsasən, investisiya müsabiqələri və auksion formalarına və fərdi yanaşma üsuluna üstünlük verilməlidir. Bu zaman özəlləşdiriləcək müəssisələr üzrə investisiya layihələri, açılacaq iş yerləri, eləcə də müəssisənin ölkə daxilində və xaricdəki iqtisadi fəaliyyəti əsas götürülmədir;

- Özəlliklə regionlarda özəlləşdirilsə də, indiyədək işləməyən müəssisələrin hələ potensial bazarını itirməyən ümidverici hissəsinin məsələsinə yenidən baxılmalıdır;

- Elektrik, su, qaz təchizatı və s. kommunal və digər xidmətlərlə bağlı sahələr uyğun variantda özəlləşdirilməli və ya uzunmüddətli istifadəyə verilməlidir;

- Dövlət Neft Şirkəti istisna olmaqla, dövlət mülkiyyətindəki digər sahələrin çoxunda nəzarət səhm paketi (51 faiz) əldə saxlanılmaqla,özəlləşdirilməli və ya uzunmüddətli istifadəyə verilməlidir;

- Dövlət Neft Şirkətinin əsas özəyi istisna edilməklə, dövlət mülkiyyətindəki digər sahələrin nəzarət səhm paketi ilk mərhələdə dövlətin əlində qalmaqla (51 faiz), səhmlərin qalan hissə satılaraq, özəlləşdirilmə aparılmalıdır;

- Özəlləşdirmə dövlət büdcəsini əlavə maliyyə yükündən, subsidiya və s.-dən azad etməlidir;

- Özəlləşdirmə investorun xüsusi sağlamlaşdırma proqramı ilə paralel həyata keçirilməlidir;

- Özəlləşdirmə prosesində şəffaflıq və ictimai nəzarət təmin edilməlidir.

«ÖZƏLLƏŞDİRMƏ YOLUYLA ƏNƏNƏVİ SAHƏLƏRİ BƏRPA ETMƏK OLAR»

Ə.Məsimlinin qənaətinə görə, özəlləşdirmə yoluyla ənənəvi sahələrin bərpası da mümkündür: «Məsələn, «Şəki İpək» İstehsalat Birliyinin özəlləşdirilməsinin nəticələri obyektiv araşdırılmalıdır. Beləcə, ipəkçilik kimi ənənəvi sahəni bərpa etmək, yerli yüngül sənaye məhsulları ilə əhalinin təminatını yaxşılaşdırmaq olar. «Şəki İpək» ASC-nin geniş ərazisində xeyli hissənin boş qalmamasından ötrü orada müasir tələblərə cavab verən Şəki Sənaye Zonası da yaradıla bilər».

Günün bütün mövzuları

XS
SM
MD
LG