Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:57

“Özəlləşdirmədən sonra minlərlə insan işsiz qalacaq”


Natiq Cəfərli
Natiq Cəfərli

►Natiq Cəfərli: “Həmin islahatlar olmasa, özəlləşdirməyə getməyin anlamı yoxdur. Ondansa getməsinlər."

Hökumət geniş özəlləşməyə getməyə hazırlaşır. İlk növbədə hansı şirkətlər özəlləşdirilə bilər, bu özəlləşdirmədə xarici investor iştirak etməkdə maraqlıdırmı, yerli investorların əl-qolunu bağlayan nədir?...

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna bu haqda müsahibə verib.

– Sizcə, nələr özəlləşdirməyə çıxarıla bilər və indiki reallıqda bu nə qədər mümkündür?

– Azərbaycanda dövlətin idarəetmədən, iqtisadiyyatdan çəkilməsi baş verəcəksə, bu, pozitiv addımdır. Sadəcə, bunu illər öncə etmək lazım idi. İndiki seytnot vəziyyətdə, böhran zamanında özəlləşdirmə ideyasının ciddi effekt verəcəyi sual altına düşür. Səbəblərini açıqlamağa çalışacam. İlk növbədə, özəlləşdirməyə çıxarılma ehtimalı yüksək olan müəssisələr “Azərenerji”, “Azərsu”, AZAL, “Xəzər Dəniz Gəmiçiliyi” və ya dövlətin nəzdində olan bir neçə tikinti şirkəti, məsələn, “Azəryolservis” ola bilər. Ancaq Azərbaycanın beynəlxalq reytinqinin düşdüyü, imicində çox ciddi problemlər olduğu vəziyyətdə xarici investorların bura cəlb edilməsi böyük problem olacaq. Xarici investor hər hansı ölkəyə gedərkən onun məhkəmə hüquq sistemini öyrənməyə çalışır. Azərbaycandakı məhkəmə hüquq sistemi azad və ədalətli deyil, mülkiyyət hüququ tez-tez pozulur. Bu şərtlər altında potensialinvestorun Azərbaycana gəlmə ehtimalı çox aşağıdır.

– Bəs özəlləşdirmədə iştirak edə biləcək yerli investorlar varmı?

– Azərbaycan postsovet ölkələri arasında yeganə ölkədir ki, rəsmi milyonçu yoxdur. Ermənistanda rəsmi şəkildə 76 milyonçu olduğu halda, Azərbaycanda bircə milyonçu da yoxdur ki, özəlləşdirmədə iştirak etsin. Böyük şirkət və holdinqlər isə iriçaplı məmurlara məxsusdur. Bu holdinqlər özəlləşdirməyə girəcəksə, ciddi nəticəsi olmayacaq. Çünki idarəetmə problemləri var. Bir nümunə. Qazaxıstanda da bu cür addım atmağa hazırlaşırlar. Artıq iki ildir bununla bağlı proqram üzərində işləyirlər. İlkin addım ayrıca iqtisad məhkəmələrinin yaradılması oldu. Həmin iqtisad məhkəmələrinin başçısı və hakimləri Qazaxıstan vətəndaşları deyillər. Hamısını xaricdən, xüsusən də Britaniyadan dəvət edərək anqlo-sakson məhkəmə sisteminin yaradılmasına çalışdılar. Bundan sonra isə geniş özəlləşdirməyə start verildi. Azərbaycanda isə belə təcrübə yoxdur. Olma ehtimalı da çox aşağıdır.

Buna da bax: “Üsyançı” müstəntiq bəyanat yayıb

– O zaman özəlləşdirmə olmayacaq? Yəni başlamadan iflasa uğrayacaq?

– Azad məhkəmə olmadan investorların bura gəlməsi dumanlı görünür. Bu addımın fəlsəfəsi doğrudur, dövlət özəlləşdirməyə getməlidir. Ancaq bu şərtlərdə nəticələr öncədən hesablanmalıdır, böyük proqram hazırlanmalıdır. Çünki özəlləşdirmənin fəsadları da olacaq. Özəlləşdirmədən sonra atılan ilkin addım idarəetmənin effektivliyinin artırılması olmalıdır, bu şirkətlərdə yüzlərlə artıq ştat var. Və gələn investor ştat ixtisarlarına gedəcək, nəticədə minlərlə insan işsiz qalacaq. Bunu hökumət hesablaya bilirmi? Bu, kompleks həllini tapmalıdır, hökumət həm özəlləşdirməyə açılmalıdır, həm də sosial problemlərlə bağlı yanaşması olmalıdır.

– Prezident geniş özəlləşdirməyə beynəlxalq ekspertlərin iştirakı ilə gediləcəyini bildirib. Bu, o deməkdirmi ki, sizin dediyiniz problemləri də hesablayacaqlar və ya sığortalanmaq üçün başqa yollar axtarılacaq?

– Beynəlxalq ekspertlərə ehtiyac yoxdur. Azərbaycanda bu işləri bilən və illərdir bu təklifləri verən iqtisadçılarmız var. Onlara qulaq asılsaydı, bugünkü duruma düşməzdik. İkincisi, görülməli işlər göz qabağındadır. Xarici ekspertlər yerli ekspertdən artıq heç nə deməyəcəklər, sadəcə, yüklü miqdarda qonorar alıb gedəcəklər. Verilən tövsiyələrin yerinə yetirilib-yetirlməməsi onları maraqlandırmayacaq. Yenə də hər şey Azərbaycan hökumətinin siyasi iradəsinə bağlı olacaq.

Buna da bax: Ilham Əliyev geniş özəlləşdirmə olacağına eyham vurdu

– Natiq bəy, hökumət paralel şəkildə hüquqi, siyasi islahatlara da gedə bilərmi?

– Həmin islahatlar olmasa, özəlləşdirməyə getməyin anlamı yoxdur. Ondansa getməsinlər.

– Prezident deyib ki, Azərbaycanın xarici borcu azdır və xarici maliyyə bazarlarından resurslar cəlb edilməlidir. İndiki məqamda dövlətin borclanması təhlükəli deyilmi?

– Bunun çox ciddi fəsadları ola bilər. Azərbaycan hökumətinin ən çox ümid etdiyi məsələlərdən biri ciddi şəkildə xarici borclanmaya gedərək vəziyyətdən çıxış yolu tapmaqdır. Azərbaycanın xarici borcu heç də az deyil. Dövlət borcu az olsa da, Azərbaycanın dövlət zəmanəti ilə aldığı şirkət və bank borcları var. Bank sektorunun borcu təxminən 7 milyard dollardır. SOCAR-ın borcu da təxminən buna yaxındır. “Azərenerji”-nin, “Azəryolservis”-in və başqa şirkətlərin borc öhdəlikləri var və bunları toplayanda Azərbaycanın borcu heç də az olmur, az qala, 20 milyard dollardan yuxarı edir. Bu da Azərbaycan büdcəsindən iki dəfə çox bir rəqəm deməkdir. Borclanma siyasəti yanlışdır. İkincisi, ölkənin reytinqində problemlər var və reytinq nə qədər aşağı olacaqsa, borclanma faizləri bir o qədər yüksək olacaq. Bu da Azərbaycanın gələcəyi üçün problemlər yaradacaq.

- İlham Əliyev valyuta bazarının tənzimlənməsi ilə bağlı təkliflərin hazırlandığını söyləyib. O bu məqsədlə Milli Məclisin növbədənkənar toplanacağını da bildirib. Sizcə, prezident nələıi nəzərdə tutur?

- Təəsüüf ki, yenə inzibatı addımlar atılcağı gözlənilir. Bu da Azərbaycanın valyuta bazarında ajiotajı daha da artıra bilər. Valyuta satışına qadağalar qoyulsa, məhdudiyyətlər tətbiq edilsə qarabazarın daha sürətlə inkişafına rəvac veriləcək. Bu da yaxşı nəsə vəd etmir. Məsələn, Özbəkistanda rəsmi məzənnəylə qarabazarın məzənnəsi arasında az qala iki dəfə fərq var. Bu da ölkə üçün çox böyük stres yaradan amildir.

XS
SM
MD
LG