Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:34

Boşanmaların sayının artmasından məyus olan Rakhmonbek Usmanov boşanmaq istəyən ər və arvadların adlarını televiziyada səsləndirəcəyini və ölkənin əsas qəzetlərindən birində dərc etdirəcəyini deyib.

32 FAİZ BOŞANIR

Oktyabrın 1-də rəsmi iclasda Usmanov ölkədəki boşanma statistikası barədə dövlət hesabatından sitat gətirərək bildirib ki, Daşkənd bu hesabatda birinci yeri tutur. Bəlli olub ki, Daşkənddə evliliklərin 32 faizi boşanma ilə nəticələnir.

İkinci yeri 14 faizlə Cızzax regionu tutub. Qalan regionlarsa 10 faizdən aşağı nəticə göstərib.

Usmanov deyib ki, boşanmaq istəyən şəxslərin adları hər 15 gündən bir gecə saat 11-də Daşkənd telekanalında səsləndiriləcək və «Taşkent Oqşomi» («Daşkənd axşamı») qəzetində dərc ediləcək.

Sosial məsələlərə həsr olunmuş iclasa bir sıra vəzifəli şəxslər də qatılıb. Onların arasında Daşkəndin baş imamı Anvar Tursunov, baş nazirin qadın məsələləri üzrə müavini Elmira Bositkhonova, Daşkəndin baş prokuroru Batyr Kudrathadzhaev və polis rəisi Bahodir Kurbanov da olub.

Daşkənd merinin göstərişi ilə iməçilik

Daşkənd merinin göstərişi ilə iməçilik

GƏLİN-QAYINANA MÜNASİBƏTLƏRİ

2012-ci ildə ozamankı prezident Islam Karimov-un mer vəzifəsinə təyin etdiyi Usmanov hesab edir ki, insanların adlarının ictimailəşdirilməsindən çəkinməsi boşanma faizlərini azaldacaq.

Mer həmçinin deyib ki, bu üsul boşanma faizlərinin azalmasına səbəb olmasa, o, həmin cütlüklərin şəkillərini televiziyada nümayiş etdirəcək.

56 yaşlı Usmanov-un sözlərinə görə, gəlinlərlə qayınanalar arasındakı düşmən münasibət Özbəkistanda boşanmaların bu həddə gəlib çıxmasının ən böyük səbəbidir.

Özbək cəmiyyətində çox zaman gəlinlər qayınanalara tabe vəziyyətdə olurlar. Onlar qayınanaların evini təmizləməli, onlara qulluq etməlidirlər. Belə münasibətlər çox vaxt mübahisələrə səbəb olur.

USMANOV QALMAQALLARI

Bu, Usmanov-la bağlı ilk qalmaqal deyil. Bu il martın sonlarında o, 2 milyon əhalisi olan şəhərdə tramvayların səmərəli olmadığını və relslərin tədricən söküləcəyini demişdi. Bu qərar şəhərin Çexiyadan 20 milyon dollara 20 ədəd yeni tramvay və tramvay vaqonu almasından sonra verilmişdi.

Usmanov bu yaxınlarda Daşkənddə çox sayda gözəl ağacın xəstə olmasını və sakinlərə təhlükə yaratmasını iddia edərək, onları kəsmək qərarına gəlib. Onun bu qərarı şəhər sakinlərini çox qəzəbləndirib.

Tənqidçilər hesab edir ki, mer tramvayların aradan götürülməsindən sonra küçələri genişləndirməyə ehtiyac yaranacağına görə ağaclardan qurtulmaq qərarına gəlib. İnsanlar həm də kəsilən ağacların yerinə Daşkənd iqliminə uyğun olmayan kiçik iynəyarpaqlı ağacların əkilməsindən narazıdırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG