Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 18:02

Azərbaycanda indi nə qədər orta təbəqə kəsimi qalıb?


"Bizim dilənçilər". Şerif. Karikatura.
"Bizim dilənçilər". Şerif. Karikatura.

Azərbaycanda orta kəsimin durumunu araşdıran iqtisadçı-alim Elçin Rəşidov deyir ki, aylıq gəliri, azı, min manata çatan, banka borclu olmayan və ildə bir dəfə xaricdə dincələn adam özünü buradakı orta təbəqənin nümayəndəsi saya bilər.

Onun vaxtilə normal yaşayışı, evi, maşını, özünün və digər ailə üzvlərinin yaxşı gəliri olub. Şəhərin kənarında yerləşsə, ərazisi kiçik olsa da, dükanı varmış. Di gəl, kiçik biznesi iflasa uğrayandan bəri həyatı dəyişib. İndi dükanını özü işlətmir, neçə aydır heç kirayə pulunu da verə bilmir. Maşınını da satıb, əvvəl işləyən iki oğlu da işləmir. Adını demək istəməyən, vaxtilə kiçik sahibkar sayılan 55 yaşlı kişi bu cür yaşayışa görə hakimiyyəti günahlandırır:

'Bu gün dükanını kirayə verə bilməyən sahibkar da o zaman orta təbəqənin nümayəndəsi sayılırdı'
Gözlə

No media source currently available

0:00 0:00:10 0:00
Direct-ə keçid

“Bunu prezident görür, bilir də. Əslində, insanlar bu cür şəraitdə yaşayanda dövləti idarə etmək də asan olur”.

Buna da bax:​ Azərbaycanda orta təbəqə itə bilər

Başqa heç nə demir, əlini yelləyib uzaqlaşır. İqtisadçıların fikrincə, həmin sahibkarın yaşayış səviyyəsi vaxtilə onu orta təbəqənin üzvü saymağa yetərliymiş. Ancaq sonrakı illərdə ölkə iqtisadiyyatında baş verən geriləmə bu vətəndaşın həyatına birbaşa təsir göstərib. İndi onu orta təbəqənin – orta kəsimin üzvü saymaq olmaz.

“Orta kəsimin birinci ölçüsü gəlir deyil, sərvətdir”

Elçin Rəşidov iqtisadçı-araşdırmaçıdır. O, ali məktəbdə iqtisadiyyatı öyrədir. Bir neçə il əvvəl Azərbaycanda orta kəsimin durumunu araşdırıb. Deyir ki, Azərbaycanda evi, maşını olan, aylıq gəliri, azı, min manata çatan, ildə bir dəfə ölkə sərhədindən kənarda dincələ bilən və banka borcu olmayan şəxs orta təbəqənin nümayəndəsi sayıla bilər:

'Orta təbəqənin nümayəndəsi hərdən restorana gedir. Maşını var, evi var, istirahətə gedə bilir'
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00
Direct-ə keçid

“Orta təbəqənin nümayəndəsi gündəlik qida axtarışında deyil, ondan arxayındır. Hərdən restorana getməyi özünə rəva bilir. Maşını var, evi var, kirayədə yaşamır, istirahətə gedə bilir. Həmin təbəqə bir neçə il əvvəl də çox deyil, əhalinin dörddə biri qədər idi. Bu o deməkdir ki, yuxarı təbəqə çox azdır, 5 faizdən də az və böyük hissə - əhalinin 75 faizindən az olmayan hissəsi aşağı təbəqə idi. Düzdür, 10 il əvvələ baxanda, orta təbəqə, sözsüz ki, sonralar böyüdü, ancaq indi kiçilməyə doğru gedir. Gələn il yəqin ki, yenə geriləyəcək. İndi Azərbaycanda orta təbəqəyə aid olmaq üçün bir nəfərin gəliri, ən azı, min manat, dördə nəfərlik ailəyə - 3 min manat olmalıdır. Onu da unutmayaq ki, orta təbəqənin birinci ölçüsü gəlir deyil, sərvətdir. İkinci ölçüsü gəlirdir. Sərvətə ev və maşın da daxildir".

Buna da bax:​ Krediti ödəyə bilməyən neynəsin, ölsünmü?

Belə davam edərsə, orta təbəqə sıradan çıxa bilər

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyir ki, Azərbaycanda orta təbəqəyə aid şəxslərin sayını dəqiq hesablamaq mümkün deyil. Orta təbəqənin formalaşmasında kiçik və orta sahibkarlığın önəmli yeri var. Bu sahəninsə durumu ağırlaşır:

Qubad İbadoğlu: 'Öz gəlirlərinin, heç olmasa, 30 faizini yığıma yönəldən şəxs orta təbəqənin nümayəndəsidir'
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00
Direct-ə keçid

“Azərbaycanda əmək haqlarının orta səviyyəsi heç 500 manat deyil. Əgər əhalinin də 80 faizi orta aylıq əməkhaqqıya yaxın əməkhaqqı alırsa, hansı orta təbəqədən danışmaq olar? Orta təbəqəni yalnız sahibkarlar artıra bilər. O sahibkarların da indi vəziyyəti əvvəlki ilə müqayisədə pisdir. Onda bu qənaətə gəlmək olar ki, Azərbaycanda orta təbəqə getdikcə zəifləyir. Hətta belə davam edərsə, orta təbəqə sıradan çıxa bilər. Böyük əksəriyyət yaşamaq uğrunda mübarizə aparan və gündəlik xərclərini ödəyən əhali qrupudur”.

Qubad İbadoğlunun fikrincə, asudə vaxtını yaxşı təşkil edə bilən, səhiyyə xərcləri digərləri ilə müqayisədə daha yüksək olan, öz gəlirlərinin, heç olmasa, 30 faizini yığıma yönəldən şəxs orta təbəqənin nümayəndəsidir.

Buna da bax:​ Biz hələ yaşamırıq, nə vaxt ehtiyac olsa, onda yaşayacağıq

“Başında da çörək dərdi olan necə islahat haqda fikirləşsin?”

Ekspertlər deyirlər ki, daha yaxşı təhsil, səhiyyə, ədalətli məhkəmə sistemi uğrunda mübarizə aparan orta təbəqə demokratik islahatların da tərəfdarına çevrilir

Oqtay Haqverdiyev: 'Devalvasiyadan əvvəl bizdə haradasa 28 faiz orta təbəqə vardı'
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00
Direct-ə keçid

İqtisadçı ekspert Oqtay Haqverdiyevin sözlərinə görə, orta kəsimin nümayəndəsi normal yaşayışını təmin edəndən sonra islahatlar haqqında da düşünə bilir:

“Mən hesablamışdım, devalvasiyadan əvvəl bizdə haradasa 28 faiz orta təbəqə vardı. Amma devalvasiyadan sonra bu haradasa 12 faizə düşüb. Burda siyasi tərəf də var. Həmin şəxsin mitinqə çıxması, azad söz deməsi də şərtdir. Ancaq bunlar sonrakı mərhələdə yaranır. Əsas mərhələ təmin olunandan sonra insan oturub fikirləşir ki, məni kim idarə edir. Pisdir, yaxşıdır, yəni o mərhələdən sonra bunu düşünmək imkanı yaranır. Bunlar olmayandasa, bir tikə çörəyin dərdini çəkir. Başında da çörək dərdi olur, ayrı şey olmur. İqtidarda kimin olması onu heç maraqlandırmır. Şərtlər yerinə yetiriləndən sonra insan fəallaşır, siyasi proseslərə də qatılmaq istəyir, seçkilərə də gedir, vətəndaş cəmiyyətləri yaranır. Bütün bunlar orta təbəqədən asılıdır”.

Buna da bax:​ "Neft kəndi"nin sakinləri: "Biz xeyrini görmədik"

Oqtay Haqverdiyevin fikrincə, neftdənkənar sektorla bağlı proqramlar gerçəkləşdirilsə, orta təbəqənin səviyyəsi qarşıdakı 5-6 ildə yenidən arta bilər.

Azərbaycanda orta təbəqənin sayına dair rəsmi statistika yoxdur

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, dünya əhalisinin 1,8 milyardı orta kəsimi təmsil edir. Azərbaycanda orta təbəqənin sayı barədə rəsmi statistika yoxdur. Rusiyada əhalinin 15 faizi, Çində 19 faizi orta kəsimə aiddir. Türkiyədə 1993-cü ildə əhalinin 18 faizi orta təbəqəni təmsil edirmiş. Son illər bu göstərici 41 faizə yüksəlib.

Buna da bax:​ Cibinizdə nə qədər pul var?

Prezident İlham Əliyev ilk dəfə orta təbəqədən 2014-cü ilin martında - Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru Henri Keralinin başçılıq etdiyi nümayəndə heyətiylə görüşündə danışmışdı. Rəsmi məlumata görə, həmin vaxt prezident orta təbəqənin sosial vəziyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyindən söz açmışdı. Ancaq iki il ərzində ölkədə iki devalvasiya oldu...

...Bu gün dükanını kirayə verə bilməyən sahibkar da o zaman orta təbəqənin nümayəndəsi sayılırdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG