Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:03

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ölkənin səhiyyə sistemindən narahatlığını ifadə edib. O, özünün Facebook səhifəsində səhiyyə işçilərinə müraciət edərək bir neçə sual verib.

«Bizim səhiyyə sistemimiz aldığı canların sayına görə, istənilən terror təşkilatı ilə yarışa və hətta əksəriyyətinə qalib gələ bilər. Səhiyyəmiz insanlarda yaratdığı qorxunun miqyasına görə də, heç terror təşkilatlarından geri qalmır. Boğazında sadə əməliyyat keçirilmiş 4 yaşlı uşağın ölümü bilirsiniz nə qədər valideyni şoka salır? Sadəcə öd kisəsinin götürülməsi üçün əməliyyata gəlmiş 35 yaşlı 3 uşaq anasının ölümündən insanlar necə qorxmasın? İnsanlar dünənə qədər olduqca sadə görünən burun, boğaz, öd kisəsi əməliyyatlarına necə qorxusuz girsin? Öz doğmalarını stressiz, qorxusuz necə sizin əllərinizə təslim etsin?», - Ə. Kərimli yazıb.

AXCP sədri qeyd edib ki, dövlət başçısı, Nazirlər Kabineti, parlament belə ciddi məsələlərə görə tədbir görmür, kimisə cəzalandırılmır və müzakirələr belə təşkil edilmir.

«Məgər bir ildə bir milyon xəstənin müalicə olunmaq üçün İrana getməsi haqda statistika yayılandan sonra Oqtay Şirəliyevə «Şöhrət» ordeni verilmədimi? Yox, mən bunlardan heç nə gözləmirəm. Ancaq bilirəm ki, bu antiinsani durum hamıya təhlükə yaratmaqla yanaşı, iki təbəqəni iqtisadi baxımdan da vuracaq. Hansı ailə başçısı heç olmasa yaxın xaricə aparmağa imkanı çatdığı halda, öz doğmasını əməliyyat üçün insan qatilinə çevrilmiş bu sistemə təhvil verər? Deməli, ölkədən çox ciddi xəstə, həm də kapital axını olacaq. Bundan da bütün ölkə, həkimlər, özəl xəstəxana sahibləri və hətta dövlət xəstəxanalarının rəhbərliyi ziyan çəkəcək», - AXCP sədri vurğulayıb.

Ölkədə çoxlu sayda yaxşı təhsilli, peşəkar və vicdanlı həkimlərin olduğuna toxunan Ə. Kərimli onlara müraciət edərək həkim adını qorumağa çağırıb.

«Əziz həkimlər, xəstəxana rəhbərləri, nə olsun ki, bu ölkə idarə olunmur, siz özünüz adınızı və biznesinizi xilas etmək üçün təşəbbüs göstərə bilərsiniz. Təşəbbüs göstərin, bacarıqsız, məsuliyyətsiz həkimlər cərrah bıçağından məhrum edilməlidir, belələrinə insan taleyi tapşırılmamalıdır», - Ə. Kərimli yazıb.

Son günlər həkim məsuliyyətsizliyi üzündən ölüm halları ilə bağlı ölkə mətbuatında tez-tez yazılar dərc olunur.

Xüsusiləşdirilmiş Angioloji mərkəzdə şəkər xəstəsinin iltihablı ayağı əvəzinə sağlam ayağının kəsilməsi və Sumqayıt Şəhər Xəstəxanasında 81 yaşlı həkimin əməliyyatından sonra xəstənin vəfatı ictimaiyyətin səhiyyə sisteminə diqqətini bir xeyli artırıb.

Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə baş verən bu hadisə ilə bağlı cinayət işi açılıb. Yanlış əməliyyat aparan həkim istintaqa ifadə verdikdən sonra, sərbəst buraxılıb.

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında baş verən ölüm hadisəsi ilə bağlı isə Səhiyyə Nazirliyində xüsusi komissiya yaradıldığı bildirilir.

Şöhrət ordenli 81 yaşlı cərrahın isə artıq müalicə və əməliyyat işlərindən uzaqlaşdırıldığı deyilir.

Bu ayın 1-də isə Sumqayıtdakı özəl klinikaların birində 4 yaşlı uşağın əməliyyatdan sonra ölümü ölkədə səhiyyə sistemindən narazılıqları yenidən gündəmə daşıyıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG