Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:58

Saday Şəkərlinin mobilindən zəng getməyib, əksinə...


Şair, Saday Şəkərli

Şair, Saday Şəkərli

«İttihamda yazılıb ki, guya mən zəng etmişəm. Bütün ittiham o bir zəngin üstündə qurulub. Əgər mən zəng etməmişəmsə, onda o, niyə mənə zəng vurub? İttiham aktı yalanlar üzərində qurulub»

«Asif Cahangirov mənimlə dostumun (vergilər naziri Fazil Məmmədovu nəzərdə tutur – red.) arasına girdi. Yalan informasiya verdi məndən. Mən dostuma necə hədə-qorxu gələ bilərəm? Kitabımda ona təşəkkür etmişəm».

Bunu həbsdə olan şair Saday Şəkərli aprelin 27-də məhkəmə iclasında deyib. O, bir daha bəyan edib ki, rüsvayedici məlumatlar yaymaqla Vergilər Nazirliyinin rəhbərliyini hədələməsi, bu məqsədlə o zaman nazirin müşaviri olmuş, hazırda isə Aparat rəhbərinin müavini Asif Cahangirova zəng etməsi barədə ittiham aktında yazılanlar yalandır.

«O, NİYƏ MƏNƏ ZƏNG VURUB?»

«Azercell Telecom» MMC-nin məhkəmənin sorğusuna cavabında da göstərilib ki, Saday Şəkərlinin mobil nömrəsindən Asif Cahangirova zəng getməyib. Bu cavabı da məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyev elan edib: «Əksinə, Asif Cahangirova məxsus mobil telefon nömrəsindən Saday Şəkərliyə 23 dekabr 2015-ci ildə 15:46 və 17:30-da (Saday Şəkərli həbs edilən gün) edilmiş zənglər var».

«İttihamda yazılıb ki, guya mən zəng etmişəm. Bütün ittiham o bir zəngin üstündə qurulub. Əgər mən zəng etməmişəmsə, onda o, niyə mənə zəng vurub? İttiham aktı yanlışdır, yalanlar üzərində qurulub. Yazıb ki, guya mən vergilər nazirinin rəhbər şəxsi barədə KİV-də ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazacağımla bağlı hədə-qorxu gəlmişəm. Mən öz şeirimi çap etdirməyə tənbəllik edirəm, nə məlumatlar toplayasıyam kiminsə barədə? İnsafınız olsun. Deyilib ki, «tutun», qurtarın, hökm oxuyun, tutun, gedim», - şair bildirib.

Bundan sonra məhkəmə prosesində sənədlərin elanı mərhələsi başlanıb. Cinayət işinin materiallarındakı sənədlər, o cümlədən, Asif Cahangirovun Baş Prokurorluğa şikayət ərizəsi, izahatı, əməliyyatın videosu, üzərində «rüşvət» yazılmış 100 manatlıq əskinaslar, Saday Şəkərlinin evində aparılmış axtarış protokolu elan olunub. Sənədlərin tədqiqi zamanı məlum olub ki, evdə axtarışda şairin vəkili iştirak etməyib.

«TƏŞƏKKÜR YAZMIŞAM»

Bu sənədlər elan olunandan sonra Saday Şəkərli vurğulayıb ki, kitabında yazdığı təşəkkürə görə həbs edilib. Söhbət həbsdən bir neçə gün əvvəl çap olunmuş «Qurd ürəyi» adlı kitabında Vergilər naziri Fazil Məmmədova təşəkkür etməsindən gedir: «Səbrim yoxdur daha. Cavan deyiləm ki... Bədii ədəbiyyata da cinayət işi açarlar?! Dünyanın heç bir yerində belə şey yoxdur. Yazmışam ki, «Azərbaycan yaltaqlardan ibarət deyil». Bu ölkənin ədəbi irsi, ədəbiyyatı var. Zəhmətimi bada verib bunlar. Mən təşəkkür yazmışam».

Mayın 5-də keçiriləcək növbəti məhkəmə iclasında şairin vəkillərinin vəsatətləri müzakirə olunacaq.

Vergilər Nazirliyinin rəhbərliyi haqda rüsvayedici məlumatlar yaymaq hədəsilə pul tələb etməkdə təqsirləndirilən şairə qarşı CM-nin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham irəli sürülüb. Saday Şəkərli isə ittihamı rədd edir və həbsini hökumətin tənqidi məzmununda olan «Qurd ürəyi» adlı kitabının çapı ilə əlaqələndirir. Həmin kitabda o, nəşrə maliyyə dəstəyinə görə Vergilər naziri Fazil Məmmədova minnətdarlıq edib.

Saday Şəkərlinin həbsindən dərhal sonra onun evində axtarış aparılıb və kitabın 50 nüsxəsindən 49-u götürülüb. Yalnız bir nüsxəni gizlədib saxlamaq mümkün olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG