Boxçasını, darağını götürüb hamama gedənlər
Bakıda son illər köhnə məhəllələr söküldüyündən buradakı hamamlar da bir-bir yoxa çıxır. Həm qədim, həm də aralarında işləyən tək-tük hamamlarsa köhnə şəhərdə – İçərişəhərdədir. Yuxarıdan üzü aşağı İçərişəhərə düşəndə, Şeyx Şamil küçəsindəki 1886-cı ilə aid hamam par-par parıldayır. Hamamın qarşısındakı əli təsbehli kişilərin, əlidolçalı qadınların qızılı heykəlcikləri günəş altında bir az da bərq vurur. İndi şəhərdə buranı «Təzəbəy» hamamı kimi tanıyırlar.
«Hamam 18-ci əsrdə necə tikilibsə, elə də qalır. Özü də çimməkdə limit yoxdur, nə qədər istəyirsən gir, çim»
İçərişəhərdəki 17-19-cu əsrlərə aid, uzun müddət torpaq altında qalmış, sonradan bərpa olunan Qasımbəy hamamı isə sovet dövründən aptek kimi fəaliyyət göstərir.
Buna da bax: Alimin "Sovetski" söküntüsünə qiyməti: Barbarlıq!
Həm milli, həm qədim, həm işlək...
Qaldı 18-ci əsrə aid Ağa Mikayıl hamamı. Hə, bu hamam işləyir. Lap köhnə vaxtlardakı kimi, 1-5-ci günlər qadınlara, qalan günlər kişilərə aiddir. «O olmasın, bu olsun» filmindəki Məşədi İbadın hamamda çimdirilməsi səhnəsi burda çəkildiyindən, camaat arasında bu hamama «Məşədi İbad hamamı» da deyirlər. Hamamın divarından 100 il əvvələ aid foto asılıb. İçəri də ki, əsl hamamdır. Kisə, fitə, buxar, buxarda istifadə olunmağa kisə əvəzi – Rusiyadan gətirilmiş palıd ağacının yarpaqları, qaynar su...
«O olmasın, bu olsun» filmindəki Məşədi İbadın hamamda çimdirilməsi səhnəsi burda çəkildiyindən, camaat arasında bu hamama «Məşədi İbad hamamı» da deyirlər.
Buranın inzibatçısı Orxan Qasımov danışır ki, hamam uzun müddət təmir olunub 2010-ci ildə açılandan sonra həm qədimliyini, həm milliliyini, həm də hamam mədəniyyətini qoruyub saxlayır:
«Əlbəttə, ölkədə bundan da qədim hamamlar var. Ancaq işlək vəziyyətdə olan ən qədim hamam buradır. İndi də qabla su töküb çimirəm. Hamam 18-ci əsrdə necə tikilibsə, elə də qalır. Özü də çimməkdə limit yoxdur, nə qədər istəyirsən gir, çim».
Çimib çıxandan sonra çay dəsgahı da qurulur. Hamamın qiyməti İçərişəhərdə qeydiyyatı olanlara 4-5 manat, başqalarına 10 manatdır. Hamam «İçərişəhər» qoruq idarəsinin balansında olduğundan, buranın sakinlərinə endirim var. Turistlərə çimmək, kisə, masaj, dəsmal, fitə daxil olan 32 manatlıq paket təqdim edilir.
Buna da bax: Məşədi İbad hamamı bərpa olunub
«El hamamı» hara, «ev hamamı hara?
Hamamın qiyməti İçərişəhərdə qeydiyyatı olanlara 4-5 manat, başqalarına 10 manatdır.
Hamamın kisəçisi Mübariz deyir ki, rahatlığına, dincəlməyinə görə, el hamamıyla, ev hamamının fərqi çoxdur:
«Hər şeydən əvvəl burda keçmişin aurası var. Burda hamam genişdir, istədiyin kimi istirahət edirsən, bədən əməlli-başlı nəfəs alır. Burda azı 2 saat çimib dincəlmək hara, evdəki uzağı yarım saatlıq çimmək hara?»
Hamamın daimi müştərilərindən biri söyləyir ki, hamama getmək üstündə evdə arvadla mübahisə də düşür:
«Deyir ki, «evdə hamam ola-ola, niyə hamama gedirsən?» Onda deyirəm ki, «evdə güzgü, daraq ola-ola, sən niyə gözəllik salonuna gedirsən?» Fərq çoxdur. Belə hamamda çimmək bir başqa ləzzətdir».
«Belə hamamda çimmək bir başqa ləzzətdir»
İnzibatçı deyir, işləri pis getmir, ancaq müştərilərinin havalar soyuyandan sonra çoxalacağına ümid edirlər.
Həftənin cəmi günü hamamda qadınlar çimir. İnzibatçı Orxan Qasımov deyir, bu ya başqa səbəbdən qadın günləri hamam daha qələbəlik olur.
Buna da bax: Adam harada dincələr...
«Yığışırıq, söhbət edirik, deyib-gülürük»
Hüriyyə Zeynalova İçərişəhər qadınlarının çoxunun buraya həftədə, heç olmasa, bir dəfə baş çəkdiklərini söyləyir. Hüriyyə «hamamda əməlli-başlı dincəlirik» deyir:
«Buranın camaatı qədimiliyi çox sevir. Həm də hamamda yaxşı ab-hava var. Biz qadınlar, yığışırıq, söhbət edirik, deyib-gülürük. Hamama getdiyim gün özümüzə çox vaxt ayırırıq ki, həm də dincələ bilək. Yaxşı çimirik, çay, söhbət, maraqlı keçir. İstəyirsən, özün kisələn, istəyirsən, əllərinə əziyyət vermə, səni kisələsinlər».
Qədimlərdə qadınlar boxçalarını, daraqlarını götürüb hamama təkcə çimməyə getməzlərmiş. Oğlanlarına, yaxın qohumlarına qız da gözaltı edərlərmiş.
Qədimlərdə qadınlar boxçalarını, daraqlarını götürüb hamama təkcə çimməyə getməzlərmiş. Oğlanlarına, yaxın qohumlarına qız da gözaltı edərlərmiş. Yaşı 90-ı haqlamış Səltənət nənə deyir, bu adət indi də qalır:
«Arvadlar hamama həm çimməyə, həm də özünə gəlin seçməyə gedir. Xoşu gələn, ürəyinə yatan qız olsa, gəlib deyir ki, «ay Əli, hamamda bir qız gördüm, qabiliyyətli, gözəl, yaraşıqlı». Həm də burda hamama kənar adam gəlmir ki, çoxu elə içərişəhərlilər olur».
Hə, sentyabrın 14-ü Beynəlxalq Çimmək Günüymüş. «Camaat hamamı»nda çimənlərsə deyir ki, bu çimmək bir başqa çimməkdir.