Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:59

Keçmiş baş nazirə korrupsiyaya görə həbs cəzası


Ehud Olmert (solda)
Ehud Olmert (solda)

►Bu, Olmertə qarşı irəli sürülmüş ikinci ittihamdır

İsrailin keçmiş baş naziri Ehud Olmert həbs cəzasına məhkum edilib.

İsrailin Ali Məhkəməsi ona qarşı ölkənin ən böyük daşınmaz əmlak qalmaqalı ilə bağlı ittihamı müdafiə edib. Hadisələrin üstündən on ildən çox vaxt keçib. O zaman Olmert Yerusəlimin meri olub.

Olmert İsrailin həbs cəzası çəkən ilk baş naziri olacaq.

O, 2006-2009-cu illərdə baş nazir vəzifəsini tutub. Məhkəmə onun vəsatətini qəbul edərək cəza müddətini altı ildən 18 aya qədər endirib. Eyni məhkəmə 2014-cü ilin martında onu daşınmaz əmlak şirkətindən Yerusəlimdə nəhəng lüks mənzil kompleksi tikmək üçün icazə müqabilində rüşvət almaqda təqsirli bilib.

Bu işlə bağlı Olmertdən başqa daha səkkiz rəsmi şəxs və biznesmen ittiham edilib. Onların arasında Yerusəlimin başqa bir keçmiş meri də var.

Bu Olmertə qarşı irəli sürülmüş ikinci ittihamdır. O 2014-cü ildə öz şirkəti üçün yəhudi əsilli Amerika biznesmeni Morris Talansky-dən ianələr qəbul etməkdə də ittiham edilib. O, bu ianələri mer olan zaman göstərdiyi müəyyən siyasi xidmətlər müqabilində qəbul edib. Həmin işlə bağlı ona səkkiz aylıq həbs cəzası kəsilib, amma o, hələ ki, bu cəzanı çəkməyib.

Buna da bax: Bakı, hanı sənin avtobusların?

Olmertin özü jurnalistlərə cəzasının yüngülləşdiyinə görə rahatlıq tapdığını desə də, hələ də günahsız olduğunu iddia edir.

Yerusəlimin digər keçmiş meri Uri Lupolianskinin də cəzası yüngülləşdirilib və o, altı ay icma işlərinə məhkum edilib.

Olmert həbs cəzası almış ilk baş nazir olsa da, bu cəzanı almış ilk İsrail rəsmisi deyil. Ölkənin səkkizinci prezidenti Moshe Katsav artıq zorlama və cinsi zəmində törədilmiş başqa cinayətlərə görə məhkum edildiyi yeddi illik həbs cəzasını yarıya qədər çəkib.

İsrailin ultraortodoks Şas Partiyasından olan hökumət naziri Aryeh Deri də 2000-ci illərin əvvəllərində nazir postunu tutduğu vaxt rüşvət almağa görə həbs cəzası çəkib. 2002-ci ildə həbsdən azad edilən Deri 2013-cü ildə siyasi həyata qayıdıb.

Son bir neçə həftə ərzində İsrailin siyasi sistemi yüksək səviyyəli rəsmilərlə bağlı qalmaqallarla dolu olub və bir sıra parlament üzvü mandatını itirməli olub.

Keçən həftə bir neçə qadın tərəfindən cinsi təcavüzdə ittiham edilən Daxili İşlər naziri Silvan Shalom vəzifəsindən istefa verib. Baş nazir Benjamin Netanyahunun Likud Partiyasında altıncı şəxs olan Shalom əvvəllər müxtəlif hökumət vəzifələrini tutub və ümumilikdə 20 il siyasətdə olub.

XS
SM
MD
LG