Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:22

Olimpiyaçılar təmiz və az qidaya üz tuturlar


Üzgüçülər Michael Phelps və Caeleb Dressel

Üzgüçülər Michael Phelps və Caeleb Dressel

Üzgüçülük üzrə olimpiya çempionu Michael Phelps 2008-ci ildə hər gün nə yediyini açıqlayanda, dünya mat qalmışdı.

«The Wall Street Journal» yazmışdı ki, Phelps hər səhər içərisində pendir, kahı, pomidor, soğan qızartması və mayonez olan üç yumurtanın sendviçini yeyir. Onun menyusunda beş yumurtanın qayğanağı, yulaf, üstündən də yağlı fransız tostu və şokoladlı bişilər var.Phelps naharda və şamda, az qala, bir kilo (iki bütöv qutu) makaron, sendviç və pitsa yediyini deyib.

ORTASTATİSTİK AMERİKA KİŞİSİ...

Başqa sözlə, o, təxminən 12 min kalori qəbul edir. Bu, ortastatistik Amerika kişisinə gərəkli kalori miqdarından 5 dəfəyədək çoxdur. Phelps bu yaxınlarda «The Washington Post»a deyib ki, indi 2008-ci ildəkindən xeyli az yeyir.

İndi idmançıların qidalanması o vaxtdan çox fərqlənir. «Vox» seçmə idmançılarla işləyən diyetoloqlardan və idman qidasını araşdıran alimlərdən öndə gedən atletlərin necə qidalandığını soruşub, indiki ABŞ olimpiya komandasının təlim qidalanması ilə də maraqlanıb.

Məlum olub ki, Rio Olimpiadasına qatılan bir çox idmançı qidalanmaya çox ciddi yanaşır. İdmançılar təmiz qidayla yetərlənmir, həm də çox yemirlər. Onların qidasına yaşıl kokteyllər, çuğundur şirəsi, salat və sendviçlər daxildir.

Jurnalistlər üzə çıxarıblar ki, idmançıların qida rasionunda adi qatıq, yulaf və brunkol - qıvırcıq kələm daha çox gözə çarpır. Bayramlar istisna, menyuda pitsa və blinçik kimi yeməklər olmur.

«Vox» indiki 6 olimpiyaçının qida rasionuna göz gəzdirib. ABŞ gimnastı Gabby Douglas nahar zamanı qrildə bişmiş toyuq döşü ilə üzərinə balzamik sirkə tökülmüş qulançar yeyir.

Buna da bax - 'Cahangir Əsgərova demişdilər ki, Nicat alkaşdır, atası da müxalifətçi'

Diyetoloqlarının sözlərinə görə, idmançılar arasında bu qədər təmiz qidalanmaya meyl son zamanlar başlanıb.

«DÖZÜMLÜLÜK DİYETASI»

Olimpiya çempionları çalışmış aparıcı idman diyetoloqu Asker Jeukendrup deyir: «Get-gedə daha çox idmançı qidasına ciddi yanaşmağa başlayır».

İdman diyetoloqu və məşqçisi Matt Fitzgerald bu yaxınlarda özünün «Dözümlülük diyetası» adlı kitabından ötrü beş ölkəyə səyahət edərək, dözüm istəyən idman növlərini təmsil edən elit idmançıların qidası ilə maraqlanıb.

O, Michael Phelps kimi «nə gəldi yeyən» idmançılara rast gəlmədiyini, ancaq bunun idmançıların son iki nəslinə aid olduğunu deyir.

Matt Fitzgerald araşdırmaya cəlb etdiyi 130-dan çox seçmə idmançının balanslı və təmiz qidalandığını üzə çıxarıb: «Onlar hər şey yesələr də ən yüksək keyfiyyətli, təbii və emal olunmayan qidalara meyl göstərirlər». Fitzgerald-ın sözlərinə görə, idmançılar populyar meyllərə də baş qoşmur, özlərini hər hansı yeməkdən və ya qida qrupundan məhrum etmirlər. Onlar tək-tək hallarda hətta şirniyyat və içkidən də dadırlar.

2016-cı il Rio Olimpiadasında ABŞ qadın futbol komandasının oyunçusu Julie Johnston deyir ki, əsasən, təzə meyvə və tərəvəzlə qidalanır. O, kaloriləri hesablamır, sadəcə, qidalı yeməklərə üstünlük verir. Onun məşq naharı sadə kokteyl (smuzi) və toyuq şorbasından ibarətdir.

Güllə atıcılığı üzrə çempion Corey Cogdell-Unrein də nahara qrildə bişən toyuq və tərəvəz yeyir.

KALORİ TƏLƏBATINA GÖRƏ YEMƏK

Müxtəlif idman növləri ilə məşğul olan atletlərin kalori tələbatı da fərqlidir. Estetik (məsələn, bədii gimnastika) və çəki kateqoriyalarına bölünmüş (məsələn, cüdo və güləş) idman növləri ilə məşğul olan atletlər ən az kalori qəbul edənlərdir. Onlar məşq və yarışda da daha az enerji xərcləyirlər. Üstəlik, bəlli çəkini aşsalar, yarışa da bilməzlər.

Buna da bax - Niyə Nicat kimilərə Azərbaycanda yer yoxdur?

Jeukendrup deyir ki, bu kateqoriyadan olan idmançılar çəki atmaq üçün hər şeyə əl atırlar. Onlar son dərəcə az yeyə və çəki itirmək üçün cürbəcür «qurutma» texnikasından yararlana bilərlər. Məsələn, bədən su itirsin deyə, saunada məşq etmək olar. Amerika güləşçisi Jordan Burroughs-un nahar yeməyi təzə sıxılan şirə, zəncəfil, sarıkök, qıvırcıq kələm və çuğundurdan ibarətdir.Razılaşın ki bu, olimpiyaçının yeməyindən çox detoks menyusuna oxşayır («detoks» bədəni zəhərli maddələrdən təmizləmək üçün istifadə edilən üsuldur –red.).

Atletlərin balanslı qidalanması xeyli çətin məsələdir. Onlar bütün qidalı maddələri çox kiçik porsiyalara yerləşdirməyi bacarmalıdırlar. Bəzən günboyu 1200 kalori qəbul etmək də problem törədə bilər.

Kalori spektrinin digər ucunda dözüm istəyən idman növləri ilə məşğul olan idmançılar dayanır. Söhbət üzgüçü, qaçışçı, avarçəkən və marafonçulardan gedir. Bu idman növləri xeyli miqdarda istifadəyə hazır kalori tələb edir – adətən, karbohidrat.

«ANCAQ ÇOXUNUN 195 SM BOYU VƏ 100 KQ ÇƏKİSİ VAR...»

Kanada İdman İnstitutunda çalışan fizioloq və diyetoloq Trent Stellingwerff-in sözlərinə görə, bəzi avarçəkənlər günboyu 8-10 min kalori qəbul edir: «Ancaq çoxunun təxminən 195 sm boyu, 100 kq çəkisi var və onlar həftədə 20-30 saat məşq edirlər».

Amerika Olimpiya komandasının üzvü, üzgüçü Nathan Adrian öz adi naharını belə təsvir edir: «İçində hindi və provolon pendiri, kahı, pomidor və bibər olan yepyekə sendviç».

O, koreyasayağı düyü, dondurulmuş gürzə, meyvə və tərəvəz də yeyir. Phelps kimi əlinə keçəni yeməsə də, Adrian-ın da dözüm istəyən idman növündə uğur qazanması üçün çox kaloriyə ehtiyacı var.

Ağırlıqqaldırma kimi güc tələb edən idman növlərində isə əzələ yetişdirmək üçün daha az kalori, ancaq daha çox zülal qəbul etmək tələb olunur.

ABŞ qadın ağırlıqqaldıranı Morghan King hər dəfə çoxlu yumurta və ət yeməyə çalışır. Zülalın yanında bir qədər düyü və tərəvəz də yeyir. King «Elle» jurnalına deyib ki, hərdən pitsa kimi yeməklərdən də bir azca dadır. O, «real qidaları qəbul etməyə» üstünlük verdiyini deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG