Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 11:00

►"Avropa Oyunlarına başqa ölkələrdən güclü idmançılar qatılmamışdı"

Bir il öncə Bakıdakı ilk Avropa Oyunlarında Azərbaycan idmançıları 56 medal qazanmışdı.

Həmin medallardan 21-i qızıl, 15-i gümüş, 20-si bürünc idi. Medalların sayına görə Azərbaycan yığması yalnız Rusiyadan (70 qızıl, 40 gümüş, 45 bürüncü olmaqla ümumilikdə 164) geri qalaraq ikinci olmuşdu, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya Azərbaycandan sonra gəlirdi.

Bir il sonra Rio Olimpiya Oyunlarında isə Azərbaycan idmançıları 1 qızıl, 7 gümüş, 10 bürünc olmaqla, 18 medal əldə etdi.

Avropa Oyunlarında Azərbaycandan sonra gələn Böyük Britaniya ikinci (67 medaldan 27-i qızıl), Almaniya 5-ci (42 medaldan 17-i qızıl), Fransa 7-ci (42 medaldan 10-u qızıl), İtaliya 9-cu oldu (28 medaldan 8-i qızıl).

Avropa Oyunlarının qızıl medalçılarından yalnız taekvandoçu Radik İsayev Rio Olimpiadasında bu uğurunu təkrarlaya bildi. Digərlərinin Rio Olimpiadasındakı nəticələrə baxaq:

43 medalçıdan yalnız 6-sı

Beləliklə, Bakıdakı Avropa Oyunlarında olimpiya idman növü üzrə medal qazanmış 43 idmançıdan yalnız 6-sı Rio-2016-da uğurunu təkrarlayaraq medal əldə edə bilib.

Bunlar taekvandoçu Radik İsayev və Patimat Abakarova, avarçəkən Valentin Demyanenko, güləşçilər Cəbrayıl Həsənov, Hacı Əliyev və Natalya Şinşindir.

6 idmançı Rioda Bakıdakından daha aşağı əyarlı medal qazanıb: taekvandoçu Milad Beigi Harchegani və güləşçilər Toğrul Əsgərov, Rəsul Çunayev, Xetaq Qazyumov, Sabah Şəriəti və Mariya Stadnik.

16 idmançı Bakıda fəxri kürsüyə qalxsa da, Olimpiadada heç bir medal əldə etməyib. 15 Azərbaycan idmançısı isə ümumiyyətlə, Rio Olimpiadasına vəsiqə qazana bilməyib, yaxud zədə səbəbindən iştirak etməyib.

İdman şərhçilərinin fikrincə, Birinci Avropa Oyunları ilə Olimpiya Oyunları müqayisəyə gəlmir.

Buna da bax: Bolt: 'Ən böyük mənəm!'

"Avropa Olimpiadası deməklə deyil ki..."

“Fütbol+” qəzetinin şərhçisi Sərxan Musayev deyir ki, Azərbaycan idmançılarının Bakıda çoxlu medal qazanmasının səbəbləri vardı:

“Avropa Oyunlarının dərəcəsini qaldırmaqdan ötrü Azərbaycanda bu oyunlara hətta “Avropa Olimpiadası” da deyirdilər. Zaman keçdikcə bu layihənin özünü doğrultmadığı, 8 milyardın havaya sovrulduğu ortaya çıxdı. İndi heç hansısa ölkədə İkinci Avropa Oyunlarının keçirilib-keçirilməyəcəyi də bilinmir. Nəticələrə gəlincə, oyunlar zamanı hakimlərin təşkilatçı ölkəyə müəyyən simpatiyası olur. Həm də Avropa Oyunlarına başqa ölkələrdən güclü idmançılar qatılmamışdı. Hətta Avropa ölkələrinin heç də hamısı optimal heyətlə iştirak etmirdi. Rio Olimpiadasındakı nəticələrlə, Avropa Oyunlarındakı Azərbaycan idmançılarının nəticələrini müqayisə edəndə, reallıq sərt sifətini üzümüzə vurdu”.

“Pis nəticə deyil”

“Ekspress” qəzetinin idman yazarı İntiqam Məmmədov isə Avropa Oyunları ilə Olimpiya Oyunlarını müqayisə etməyin doğru olmadığını söyləyir:

“Olimpiya Oyunları dünyanın ən səviyyəli yarışlarındandır. Orda dünyanın ən güclü idmançıları cəmləşirlər. Mediada yazıldığı kimi, Birinci Avropa Oyunlarına hətta Avropanın ən güclüləri gəlməmişdi. Həm də Azərbaycan ev sahibiydi və idmançılarının da sayı çox idi. Bu baxımdan, qızıl medalların sayı çox oldu. O ki qaldı Rio Olimpiya Oyunlarına, qızıl medaldan başqa, 7 gümüş medal qazanmaq, finala çıxmaq özü də qızıla bərabərdir. Heç də pis nəticə deyil”.

Avropa Oyunları ötən il iyunun 12-dən 28-nə kimi Azərbaycanda keçirilib. Yarışlarda Avropanın 50 ölkəsindən 10 min idmançı mübarizə aparıb. Oyunların rəsmi açılışında ölkə rəsmiləri ilə birlikdə Beynəlxalq Olimpiya Komitəsi-nin irlandiyalı üzvü, avqustun 17-də Braziliya polisinin həbs etdiyi Patrick Hickey də iştirak edib. Avropa Oyunlarının rəsmi büdcəsinin 1.12 milyard dollar olduğu bildirilirdi. Ancaq müstəqil iqtisadçılar bu yarışlara bir neçə dəfə artıq vəsait xərcləndiyinin hesablamışdı.

Buna da bax: "Şərəf" ordenli Patrick Hickey Olimpiada bileti alverində ittiham olunur

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG