Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:25

Odessalı taksiçilər qapalı 'şən sürücülər' kanalını yaradıblar


Taksi

Taksi

Taksi sürücüsünün başına nə gəlməz ki: müştəri hesabı vermək istəməz, qarət var, polislə qarşıdurma ola bilər… Bütün belə hallarda onlar nəfəslərini dərmədən həmpeşələrinin harayına yetişməyə çalışarlar.

Currenttime.TV Odessanın həmişə yardımahazır taksiçilərinin qeyri-adi həmrəyliyindən yazır.

Bu şəhərdən reportaj hazırlayan əməkdaşın sözlərinə görə, taksi sürücüləri bir-birinə hər cür yardıma hazırdırlar: lazımdırsa, bir kanistr benzin gətirə bilərlər. Yol qəzası baş veribsə, ya da yayda Odessanın mərkəzinə çevrilən Arkadiyada yad adamla «haqq-hesab çürütmək» gərəkəcəksə, özlərini tələsik ora yetirəcəklərinə də şübhəniz olmasın.

Arkadiyada çox sayda gecə klubu, kafe, əyləncə yeri var. Taksi sürücüləri gecə-gündüz onların önündə növbə çəkirlər.

«ÖZGƏ SÜRÜCÜLƏR»İN DƏRSİNİ VERİRLƏR

Burada «yoldan ötən», «özgə» sürücüləri sevmirlər. Sürücü Vitali Prus danışır: «Bu tərəflərdə işim vardı. Dedim, yolum düşmüşkən, bir müştəri götürüm». Söylədiyinə görə, buraları öz oylağına çevirən taksiçilər onun maşınını üzükqaşı kimi əhatəyə alıb getməyə imkan verməyiblər:

«Axırda məcbur qalıb maşından əl atdım və onlardan birinin üzünü cırdım. Yalnız bundan sonra gedə bildim. Onda gedə bildim, amma üstündən 3-4 gün keçmiş, küçələrdən birində iki taksi avtomobili məni dövrəyə aldı, 6 nəfər idilər. Məndən incidilmiş yoldaşlarının heyfini çıxmaq istəyirdilər. Əlbəttə, mənimlə bacarmadılar, bir neçə adamla vuruşmağı bacarıram, axı».

Odessa sakinləri danışırlar ki, taksi sürücüləri, ara-sıra,quldur dəstəsi kimi toplaşır və guya məhkəmə qurub, onlara dəyib-dolaşanların dərsini verirlər. Bilmədən, bir taksi sürücüsünün xətrinə dəydinsə, az sonra onun həmkarları olay yerinə gəlirlər.

Buna da bax - Sürücü: 'Böhrandan sonra az qala hamı taksi sürür'

SÜRÜCÜLƏRİN ÖZ KANALLARI DA VAR

Sürücülər arasında bağlantı kanalları da var. Mobil əlavə və GPS naviqasiyasından yararlanaraq, olub-bitənlərdən dəqiqəsindəxəbər tuturlar. Az öncə şəhərdə taksi sürücüsüylə polisin sözü çəp gəlib. Bir versiyaya görə, sürücü ekipaja yol vermək istəməyib. Başqa versiyaya görə, polislər sürücünün yolunu kəsərək, paltarını cırıblar. Hər necə olsa da, «dəstək qrupu» taksi sürücüsünü polisin əlindən dartıb alıb.

«Məni mat qoyan o oldu ki, taksilər dörd tərəfi tutmuşdu! Zərərçəkən taksi sürücüsü çatda problemi çıxdığı barədə dərhal xəbər yollayınca, hamısı oraya tökülmüşdü! Yəni taksiçilər yekdildirlər. Bir-iki deyincə, hamısı bir yerə yığıldı!» – kameraman Konstantin Dlunjevskiy belə deyir.

POLİS TAKSİÇİLƏRLƏ DOST OLDUĞUNU SÖYLƏYİR

Polislər belə toqquşmaların tək-tək baş verdiyini deyirlər: «Güc qurumları və polis, adətən, dostluq edir, bir-birinə dəstək göstərir. Məsələn, maşınqaçıranı tapmaq, ya da yol qəzası olan yerdən qaçıb gizlənənləri izləmək gərəkəndə, taksi sürücüləri öz köməyini əsirgəmir».

Polis idarəsinin mətbuat katibi Alla Marçenko deyir ki, radiostansiya tezliyi var və arzulayanlar ora məlumat ötürə bilərlər: «Onu patrul polisinin əməkdaşlarıyla yanaşı, taksiçilər də dinləyirlər».

Odessalı sürücülər qapalı icmalarını da yaradıblar – «Şən sürücülər» kanalını. Orada gerçək zaman dilimində yol durumunu dartışırlar. Bu kanalın qurucusu Vadim Yakobşuk kanalın şiddət və təhlükə mənbəyi olmadığını, tam tərsinə, sürücülərin həyatını yüngülləşdirdiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG