Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:52

Heydər Əliyev Fondunun Rumıniyadakı qaranlıq biznesi


Keçmiş Rumıniya prezidenti Traian Basescu (solda) və Azərbaycan prezidenti İlham Əliyev Buxarestdə Fondun açılış mərasimində, (Mediafax/AFP/Daniel Mihailescu).
Keçmiş Rumıniya prezidenti Traian Basescu (solda) və Azərbaycan prezidenti İlham Əliyev Buxarestdə Fondun açılış mərasimində, (Mediafax/AFP/Daniel Mihailescu).


Roxana Jipa,
Victor Ilie və
Daniel Bojin

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (Organized Crime and Corruption Reporting Project – OCCRP) və Rumıniyadakı jurnalist araşdırmaları mərkəzi - RİSE Heydər Əliyev Fondunun Rumıniyadakı biznesi barədə araşdırma yayıb.
Həmin jurnalist araşdırmasını təqdim edirik.

Buxarestdəki dəbdəbəli bina

Azərbaycan prezidenti İlham Əliyevin bütün dünyada bahalı binalar almaq sevgisi sirr deyil, ancaq onun bu pulu hardan əldə etdiyi heç də həmişə açıqlanmır.

Buxarestin qədim hissəsində Popa Soare küçəsi 39 ünvanındakı 7.3 milyon dollarlıq binanın tarixi digərlərindən daha qaranlıqdır. Bu tarix özündə ofşor sövdələşmələr, korrupsioner məmurlar və mütəşəkkil cinayətlərlə əlaqələr, daxili razılaşmalar və ölkənin mərhum liderinə - şəxsiyyətə pərəstişi birləşdirir.

Həmin binada hazırda qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun qərargahı yerləşir. Bu təşkilatı indiki prezident İlham Əliyevin ailəsi yaradıb və idarə edir.

Onun atası - 2003-cü ildə 80 yaşında dünyasını dəyişmiş Heydər Əliyev keçmiş KGB generalı, Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi olub. “The New York TImes” nekroloqda yazırdı ki, “o, Azərbaycanı 30 il dəmir əllə idarə edib”.

Ata Əliyev ətrafında özünə bir pərəstiş də yarada bilmişdi. Heydər Əliyev Fondunun sayəsində bu pərəstiş ölümündən on ildən artıq keçməsinə baxmayaraq, davam edir. Ölkə ərazisində mərhum liderin minlərlə portretləri qalır, çoxunda oğluyla bilikdədir. Onlarla küçə, bina, park onun adını daşıyır, heykəli qoyulub və ya portretləri asılıb. Xarici ölkələrdə də onlarla belə xatirə görmək mümkündür.

Heydər Əliyev Fondu konkret olaraq nə təşkilatdır və nəylə məşğuldur?

Rumıniya rəsmiləri bu sualın cavabından elə də əmin deyillər. Popa Soare St. 39 ünvanındakı binanın statusu barədə Rumıniya Jandarmeriyası və Xarici İşlər Nazirliyi ziddiyyətli cavablar veriblər.

Məsələn, binanı fasiləsiz olaraq Rumıniya Daxili İşlər Nazirliyinin nəzdindəki Jandarmeriya mühafizə edir.

“Bu, diplomatik binadır”, deyən jandarmlardan biri binanı çəkən OCCRP müxbirindən vəsiqəsini istəyib. Bu zaman yan küçədən daha iki jandarm peyda olub.

Reportyorlar binada hansı diplomatik missiyanın yerləşiyini soruşanda onlara “Azərbaycanın Rumıniyada İqtisadi Təmsilçiliyinin Ofisləri” cavabı verilib.

Jurnalistlər binanın üzərində niyə “Heydər Əliyev Fondu” yazıldığını soruşanda ikinci polis nəfəri cavab verib ki, fond “xüsusi statusa malikdir”.
Heydər Əliyev Fondu özünün İnternet səhifəsində qeyd edilir:

“Fond tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır."

Jandarmeriya deyir ki, onların vəzifəsi fondun qərargahını deyil, dəqiqləşdirilməmiş diplomatik maraqları qorumaqdır. Digər tərəfdənsə, Daxili İşlər Nazirliyi deyir ki, nə fondun, nə də binanın diplomatik status var.

Fondun nə etməsindən asılı olmayaraq binanın özü Əliyevlər ailəsinin gizli sahib olduğu növbəti çoxmilyonluq əmlakdan başqa bir şeyə oxşamır. Bundan əvvəl OCCRP və digər media qurumları Əliyev ailəsinin London, Moskva, Çexiya və Dubaydakı əmlaklar barədə məlumat verib.

Biznes qeydlərində aparılmış araşdırma göstərir ki, Buxarestdəki bina bir rumın özəl şirkətinə məxsusdur. Azərbaycanın prezident ailəsi isə ofşor şirkət vasitəsilə həmin şirkətlə bağlıdır.

Sözügedən şirkət sahəsi 600 kvadrat metr olan bütöv bir binanı Heydər Əliyev Fonduna verib, üstəlik tamamilə pulsuz. Hətta fondun binasında şirkətə vergisiz status təqdim edilib.

Buxarestdə Popa Soare 39 ünvanında yerləşən bina.
Buxarestdə Popa Soare 39 ünvanında yerləşən bina.

Ofşor ailəsi

Son illərdə Azərbaycanın birinci ailəsi – İlham Əliyev (dövlət başçısı), Mehriban (birinci ledi) və onların üç övladı – Leyla, Arzu və gənc Heydər bir neçə qitə boyunca çoxsaylı məxfi biznes əməliyyatlarında adları keçib.

Ölkənin birinci ailəsi ofşor şirkətlərdən və vasitəçilərdən istifadə edərək, qızıl mədənləri, turizm, telekommunikasiya şirkətləri və banklar da daxil olmaqla, Azərbaycan iqtisadiyyatının ayrı-ayrı hissələrinə nəzarətə sahiblənib və eyni zamanda Avropa və Körfəzin müxtəlif ölkələrində dəbdəbəli mülklər alıb.

Prezident ailəsinin gizli işlərini faş etmiş Azərbaycan jurnalistləri qisasa məruz qalıblar. Onlar əvvəlcə ləkələmə kampaniyaları ilə hədəflənmiş, sonradan isə bir çox insan haqları təşkilatlarının dediyi kimi, qondarma ittihamlarla həbs ediliblər.

Bakıda Birinci Avropa Oyunlarının açılış mərasimi
Bakıda Birinci Avropa Oyunlarının açılış mərasimi

Jurnalistlərlə birlikdə 80-dək yerli fəal və siyasi opponent, sürətlə regionun ən repressiv dövlətlərindən birinə çevrilməkdə olan Əliyev rejimini tənqid etdikdən sonra həbs olunublar.

2015-ci ilin iyununda birinci ailə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının, olimpiya qabağı idman tədbirlərinin təşkilatçılığı ilə məşğul idi. Bu yarışlarda 6000-dək idmançı iştirak etsə də, əksər Avropa liderləri Azərbaycanda insan haqlarının pisləşməsinə etiraz olaraq oyunları boykot etmişdi.

Rumıniyanın o zamankı baş naziri Victor Ponta daxil olmaqla, yalnız bir neçə Şərqi Avropa rəsmisi Azərbaycan paytaxtındakı Heydər Əliyev stadionunda keçirilən hədsiz dəbdəbəli açılış mərasimi şənliklərinə qatılmışdı.

Heydər Əliyev Fondu iddia edir ki, Buxarestdə azı bir nazirlik - Əmək, Ailə və Sosial Müdafiə Nazirliyi ilə rəsmi əməkdaşlıq edir.

Heydər Əliyev Fondunun həm də Rumıniyanın keçmiş Baş naziri Adrian Năstase-nin rəhbərlik etdiyi fondla da əlaqəsi var. Năstase özü də korrupsiya ittihamı ilə həbsdə yatıb.

Amma Rumıniya Xarici İşlər Nazirliyi OCCRP -ə məktubunda Azərbaycan fondu ilə rəsmi əməkdaşlığının olmadığını bildirir:

“İndiyə qədər nazirliyin müxtəlif nümayəndələri fondun bir çox tədbirlərinə dəvət olunublar. Amma nazirlik və fond arasında rəsmi razılaşma mövcud deyil”.

Bununla belə, iki ölkə arasında dərinləşən bağların öz tarixçəsi var.
Azərbaycan 1991-ci ildə müstəqillik qazanandan sonra Rumıniya onun müstəqilliyini tanıyan ikinci dövlət oldu.

Münasibətlər elə həddə çatdı ki, Rumıniya özünün Rusiyadan qaz asılılığını azaltmaq üçün Azərbaycanın neft və qazına güvənməyə başladı.
Azərbaycan prezidenti İlham Əliyev Rumıniyadan iki dəfə təltif alıb- birini Rumıniyanın indiki prezidenti Traian Băsescu-dan, birini isə onun sələfi Ion Iliescu–dan.

Iliescu həm Heydər Əliyev, həm də İlham Əliyevlə prezident səviyyəsində görüşmüş bir neçə dövlət baş başçısından biridir.

Gizli sahiblər

Əmlak sənədlərində qeyd olunur ki, Popa Soare küçəsindəki mülkün sahibi Curzun Properties-dir. Bu qurumun sahibləri isə ofşor şirkətlərin arxasında gizlənib.

Buxarestdə qeydiyyatdan keçən Ruminya firması 2008-ci il sentyabrın 28-də yaradılıb. Bu şirkət qeydiyyatdan cəmi iki gün sonra Popa Soare küçəsindəki binanı alıb. Və cəmi 5 gün sonra bu binaya Heydər Əliyev Fondu köçüb, özü də icarə haqqı ödəmədən.

Yeri gəlmişkən, Curzon Londondakı Hyde Parkın qapısının adıdır. Bu parkdan bir neçə küçə aralıda Əliyevlərin başqa bir dəbdəbəli mülkü var.

Rumuniyada binanın yekun dəyir 7,3 milyon dollar olub. Bu vəsaiti tam şəkildə Curzon Properties-in əsas səhmdarı olan Asbet LTD ödəyib.

Gafar Gurbanov, Ciaba Ltd. ofşor şirkətin meneceri.
Gafar Gurbanov, Ciaba Ltd. ofşor şirkətin meneceri.

Həmin ərəfədə Asbet LTD-nin sahibi Əşrəf Kamilov idi. Əşrəf Kamilov AtaHoldinigin işçi olub və bu holdingin payçı olduğu iki bankda - VTB Bank və AtaBankda da payçıdır. AtaHolding özü isə Əliyevlərin ailəsinin nəzarətindədir.

2009-cu ilin mayında Asbet Ruminiyada əsas paylarını Vircin adalarında qeydiyyatdan keçən Ciaba LTD adlı şirkətə transfer edib.

OCCRP/RİSE əldə etdiyi sənədlərlə Ciaba LTD-nin Azərbaycan prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyeva məxsusluğunu üzə çıxarıb.

Asbet və Ciaba-da bir sıra ortaq əlaqələr və ortaq simalar diqqəti çəkir.
2009-cu ilin martında Asbet Ltd. Arzu Əliyevanın Ciaba Ltd-sinin yerləşdiyi binanın sahibi olan şirkətdəki payından imtina edib.

Hər iki şirkəti Buxarestdə Metin Guvener adlı britaniyalı məsləhətçi təmsil edib.

Guvener-in hər iki tərəflə əlaqələri olub. İki ilə yaxın müddətdə o, Londondakı Triangle Group-da digər Azərbaycan vətəndaşı Qafar Qurbanovla tərəfdaş olub. Qafarov Ciaba-nın menecerlərindən biri və birinci ailəyə məxsus AtaHoldinq maliyyə qrupunun rəhbərliyində təmsil olunub.

2012-ci ildə Asbet Ltd. AtaHoldinq qrupunun dörddə-birinə sahiblənib. Qrupda əsas pay Panamadakı bir şirkət vasitəsilə birinci ailəyə məxsusdur.
Nə Qurbanov, nə də Guvener-lə onların London ofisində əlaqə yaratmaq mümkün olmayıb. Onların təmsilçiləri isə OCCRP/RISE Layihəsinin suallarını cavablandırmayıblar.

2012-ci ildə prezidentin qızı Rumıniya biznesindəki payının həcmini azaldıb. Bu, Asbet Ltd-nin Buxarestdəki bina üçün 6 milyon avro (6,7 milyon dollar) məbləğində krediti - son ödənişi etməsindən sonraya təsadüf edib.
Nəticə o olub ki, Birinci ailə mərhum patriarxın adına olan fondun yerləşməsi üçün bina almağa təxminən 7 milyon dollar xərcləyib.

Buxarestdə Heydər Əliyevin abidəsi.
Buxarestdə Heydər Əliyevin abidəsi.

Buxarst əlaqələri

Azərbaycan prezidenti İlham Əliyevin Buxarestdə 7,3 milyon ABŞ dollarına evi necə almasının detalları şübhəli fiqurların qeyri-sağlam şəbəkəsinə, daxili əməliyyatlarına və mübahisəli sövdələşmələrinə işıq salır.

Maliyyənin mənbəyi qaranlıq qaldığından, iştirakçıların bir neçəsi mütəşəkkil cinayətkarlıqda şübhəli bilinirlər.

Köhnə şəhərdəki Popa Soare küçəsi 39 ünvanında yerləşən ev bir neçə xarici şəhərdə ofisləri olan xeyriyyə təşkilatı Heydər Əliyev Fondunun Rumıniya mərkəzinin baş qərargahıdır.

Digər işlərlə bərabər Fond Azərbaycanı 30 il idarə etmiş, 2003-cü ildə vəfat etmiş keçmiş KQB generalı Heydər Əliyevin xatirəsini və irsini təbliğ etmək üçün fəaliyyət göstərir. Onun oğlu İlham ölkənin hazırkı prezidentidir.

Fondun Buxarest qərargahı Buxarestdəki Azərbaycan Səfirliyi tərəfindən təsis olunmuş Rumıniya-Azərbaycan Ticarət Palatası ilə əlaqələr vasitəsilə alınıb. Moldova Respublikasından biznesmenlərin də daxil olduğu eyni şəbəkə vasitəsilə Azərbaycan Səfirliyi Buxarestin Tei parkında Heydər Əliyev adına xiyaban üçün milyonlarla avro xərcləyib.

Köçürmələrə yaxşı əlaqələri olan xeyli iştirakçı cəlb edilib.

Dobrea ailəsi. Moldova vətəndaşı Vladlen Dobrea Popa Soare küçəsindəki ev üçün 6,5 milyon avro (7,3 milyon ABŞ dolları) alıb. O, Rusiyanın neft şirkəti Lukoil-un Rumıniya filialının ilk baş icra məmuru və Moldovanın paytaxtı Kişinyovun keçmiş meri Vladimir Dobreanın oğludur.

Balaban ailəsi. Balaban ailəsi bir neçə biznes işində Dobrea ailəsinin şərikidir. Ailənin başçısı, Kişinyovda doğulmuş Valeriu Balaban həm də Rumıniya-Azərbaycan Ticarət Palatasının üzvüdür.

Valeriu Balaban və onun qızı Natalia Balaban 2004-cü ilədək Popa Soare küçəsindəki evin sahibi idilər, həmin il evin müllkiyyət hüququnu oğul Dobreaya təhvil verdilər. Balaban ailəsi 2007-ci ildə Azərbaycan Səfirliyinin maliyyəsi ilə Heydər Əliyev xiyabanını salıb. Rumıniyada Lukoil-un qaz stansiyalarını tikmiş Valeriu Balaban baş podratçı idi.

Ruslan Valadov. Rumıniya-Azərbaycan Ticarət Palatasının vitse-prezidentidir.

Balaban ailəsinin digər şəriki 46 yaşlı Valadov hazırda Azəri fondunun sahibliyində olan evdə 2003-cü ildə biznesinə rəhbərlik edib. O həmçinin Ticarət Palatasının, aralarında Azərbaycan Səfirliyinin hazırkı adminstratoru Elşən Bağırovun da olduğu digər üzvləri ilə şirkətlərdə iştiraka cəlb edilib.

Alev Balgi-Curpedin. Rumıniya-Azərbaycan Ticarət Palatasının keçmiş prezidentidir. Valadova məxsus bir neçə şirkətin adminstratoru olan Bargi-Culpedin 1990-1992-ci illərdə Rumıniya Xarici Kəşfiyyat Xidmətinin sədr müavini olmuş general Gheorghe Dragomir-in ardınca bu palatada işləyib.

Daha sonra Bargi-Culpedin Buxarestdə Beynəlxalq Qara dəniz və Xəzər dənizi Kooperasiya və Əməkdaşlıq Fondunun icraçı direktoru oldu. Fondun baş katibi Rumıniya-Azərbaycan Ticarət Palatasının yaradıcısı, Azərbaycanın Buxarestdəki keçmiş səfiri Eldar Həsənovdur.

Cristina Trelea Rumıniya-Azərbaycan Ticarət Palatasının üzvü, Heydər Əliyev Fondunun, eləcə də Popa Soare küçəsindəki evi alan şirkətin hüquqşünasıdır. O, həmçinin evi satmış Moldova biznesmenlərinə də məsləhət xidmətləri təklif edib. 2007-ci ildə Əliyev ailəsinin fondu özlərinin ilk qərargahlarını Treleanın hüquq ofisində qeydiyyatdan keçiriblər.

Təqaüddə olan kəşfiyyatçı

Sovet İttifaqı dağılandan sonra Rumıniyanın Xarici Kəşfiyyat Xidmətinin rəis müavini olmuş general Gheorghe Dragomir 2005-2007-ci illərdə Rumıniya-Azərbaycan Ticarət Palatasının ilk sədri olub.

Gheorghe Dragomir
Gheorghe Dragomir

1989-cu ildən qabaq isə Dragomir Asiyaya Rumıniya casusu kimi getmişdi. Ancaq general deyir ki, heç vaxt Heydər Əliyevlə görüşməyib. O əlavə edir ki, Ticarət palatası Azərbaycanın Buxarestdəki keçmiş səfiri Eldar Həsənovun təşəbbüsü ilə yaranıb.

Dragomir palatadan 2007-ci ildə səhhətinə görə istefa verdiyini deyir. Onun sözlərinə görə, 2005-ci ildə isə Azərbaycana iqtisadi səfərləri təşkil edib.

Dragomir deyir ki, Rumıniya şirkətləri arasından təmsilçiləri o özü, Rumıniya bazarında işləyən şirkətləri isə səfirlik təklif edib və palata öz işinə başlayıb:

“Mən Ruslan Valadovu tanımırdım. Mən onunla Azərbaycan-Rumıniya ticarət platası yaradılanadan sonra görüşdüm. O, səfirlikdə işləmirdi. O, yalnız Ruminiyadakı Azərbaycan iş adamı idi. Mən Azərbaycan səfirliyindəki adamlarla birlikdə gələnlərin Moldovan olub-olmadığını da bilmirdim”.

Generalın evi Rumıniya-Azərbaycan Ticarət palatasının birinci qərargahı olub. Ancaq o, 2007-ci ildıə xahiş edib ki, onlar qərargahı dəyişsinlər.

Cinayət təhqiqatı

6 il sonra, 2013-cü ilin aprelində Buxarest polisi Rumıniya-Azərbaycan Ticarət Palatasının ofislərində axtarış aparmışdı.

Hələ 2011-ci ildən Rumıniya müstəntiqləri Rumıniya-Azərbaycan Ticarət Palatasının iki rəsmisinin idarə etdiyi bir neçə məhdud məsuliyyətli şirkətin də iştirak etdiyi 2 milyon avro (2,3 milyon ABŞ dolları) məbləğində çirkli pulların yuyulması da daxil, bir neçə qanunsuz sövdələşmədən şübhələnmişdilər. Onlar sənədləri firmada müsadirə etmişdilər.

Barəsində təhqiqat aparılan şirkətlərdən Intelect Prestige SRL adlı birinə Valadov nəzarət edirdi, şirkətin idarəçiliyini isə Balgi-Curpedin-in əri Ridvan Curpedin aparırdı. 2011-ci ildə Rumıniya-Azərbaycan Ticarət Palatasının üzvü olan Intelect Prestige müflisləşdi və onun dövlət büdcəsinə borcu var idi. Bu həmin vaxt idi ki, Balgi-Curpedin firmanın xüsusi inzibatçısı kimi işləməyə başlamışdı.

Bu təhqiqat, firmanın keçmiş işçisi Mihai Corsate keşmiş rəhbərliyini məhkəməyə verəndə ictimailəşmişdi:

“Mən şirkəti ona görə məhkəməyə vermişdim ki, şirkətin kimisə menecer kimi işə götürüb amma onun əmək müqaviləsini qeydiyyatdan keçirmədiyini təsəvvürümə gətirə bilmirdim. Onlar qanunu pozmuşdular və bir sahibkar kimi Rumıniya dövlətinə vergi ödəmirdilər. Onlar heç nə ödəmirdilər”.

OCCRP/RISE Valadov-la əlaqə yaradanda o deyib ki, Buxarestdən kənardadır və sualları başa düşmür. O həmçinin reportyorlara deyib ki, ona bir neçə gün sonra zəng etsinlər, lakin ona edilən zənglərə bir daha cavab verməyib.

Eyni suallara Balgi-Curpedin də çox az aydınlıq gətirib:

“Mən bilmirəm ki, bu məlumat sizin nəyinizə lazımdır? Mənim sizin haqqında danışdığınız məsələlərə heç bir aidiyyətim yoxdur. Mən çox qısa bir müddətdə (Rumıniya-Azərbaycan) Ticarət Palatasında iştirak etmişəm. Lakin sizə bunu deyə bilərəm ki, Intelect Prestige şirkətinin heç bir arxivi müsadirə edilməyib. Mən düzü bilmirəm ki, sizdə olan informasiya nədir”.

Rumıniyanın keçmiş Baş naziri Emil Boc (sağda) Avropa Göz Mərkəzinin açılışında.
Rumıniyanın keçmiş Baş naziri Emil Boc (sağda) Avropa Göz Mərkəzinin açılışında.
Mütəşəkkil cinayət bağları

Araşdırma çirkli pulların yuyulmasında şübhəli bilinən iki firmanı hədəfləmişdi: Stones Invest Capital və European Eye Center.

Birinci şirkətə Valadov nəzarət edirdi və əvvəlcə bu şirkət Balgi Curpedin-in idarəçiliyində olmuşdu.

İkinci şirkət Valadov tərəfindən təsis edilmiş və İstanbuldakı Hacısüleymanoğlu ailəsinə satılmışdı. Valadov türk ailəsinin Bixarestdəki başqa bizneslərində tərəfdaş olaraq qalırdı.

Hacısüleymanoğlu ailəsi Buxarestdə Balgi-Curpedin-in təmsilçisi olduğu Britaniya şirkəti HCS-Providers şirkəti ilə tərəfdaşlıq sazişi imzaladıqdan sonra, bu şirkətdən Buxarestdə oftalmologiya xəstəxanası tikmək üçün istifadə edib.

Bu Britaniya şirkətini isə dünya boyunca təmsilçilik əsaslı bizneslərdə “ofşor məsləhətçisi” kimi iştirak edən Yeni zelandiyalı Ian Taylor təsis edib. Həmin Britaniya şirkəti daha sonralar ABŞ-ın Delaver ştatında qeydiyyatdan keçib.

OCCRP-nin 2010-cu ilin noyabrında apardığı təhqiqat Taylıor-un öz qlobal şəbəkəsini necə işlətdiyinə, silah alverçilərindən tutmuş Meksika narkotik kartellərinədək mütəşəkkil cinayətkarlıq dəstələrinə ofşor xidmətləri göstərməsinə işıq salıb.

Onun Buxarestdəki partnyoru, rumıniyalı vəkil Kiss Laszlo Petromservice işi üzrə mənimsəmə və çirkli pullarn yuyulması irttihamları ilə 2010-cu ilin oktyabrında həbs edilib. Həmin vaxt Petromservice Rumıniya-Azərbaycan Ticarət Palatasının üzvü idi.

Taylor öz adamının Buxarestdə həbs edilməsindən sonra xəstəxananın fəaliyyətinin davam etməsi üçün, Delaverdə qeydiyyata alınmış şirkətin adından Balgi-Curpedin-ə vəkalətnamə verib.

Balgi-Curpedin bunun əksini iddia edir:

“Mənim Taylor-la heç bir əlaqəm yoxdur və doğrusu, indi bu barədə, danışmaq istəmirəm. (…) Mən xaricdəyəm, gəlin, bir neçə gündən sonra danışaq. Qalanına gəlincə isə, istədiyiniz yerdən asanlıqla ala biləcəyiniz açıq informasiya var”.

O sonrakı zənglərə heç vaxt cavab verməyib. Britaniyanın HCS-Providers şirkəti 2011-ci ilin yayında türkiyəlilərlə birlikdə biznesi tərk edib.

Türkiyə vətəndaşı, 41 yaşlı Basar Hacısüleymanoğlunun mütəşəkkil cinayətkarlıqda iştiraka görə həbsi qərarını 2007-ci ildə Türkiyə çıxarmışdı. O, ötən il Türkiyə hakimiyyət orqanlarının ricası ilə ekstradisiya olunub.

Türkiyə hakimiyyət orqanlarının ona qarşı ittihamlarına adamöldürmə, mütəşəkkil cinayətkar qrupun yaradılması, şantaj, azadlıqdan məhrumetmə, hədələmə və saxtakarlıq daxildir.

Türkiyəlilərin keçmiş vəkili Cristina Simion deyib:

“Basar Hacısüleymanoğlu mənim əlaqədə olduğum yeganə şəxs olub. İndi onları təmsil etmirəm. Təəssüf ki, biznes onların gözlədikləri uğuru qazana bilməyib, çoxu da ona görə ki, Basar ekstradisiya olunub”.

Rumıniya prezidenti Traian Basescu (solda) və Azərbaycan prezidenti İlham Əliyev Buxarestdə Fondun açılış mərasimində. Mediafax/AFP/Daniel Mihailescu
Rumıniya prezidenti Traian Basescu (solda) və Azərbaycan prezidenti İlham Əliyev Buxarestdə Fondun açılış mərasimində. Mediafax/AFP/Daniel Mihailescu

Türkiyəli biznesmen rumın hakimlərin qarşısında iddia edirdi ki, o heç bir cinayət törətməyib və Rumıniyaya 10 il bundan əvvəl qaçaq yox, biznesmen kimi gəlib.

Hacısüleymanoğlu xəstəxanaya rəhbərlik etdiyi vaxtda, Buxarestdə bir kənarda qumar biznesi də olub.

Prokurorluğun Azərbaycan vətəndaşı Valadov-un, Türkiyə biznesmenlərinin və Rumıniyalı Balgi-Curpedin-in iştirakilə sövdələşmələrə dair təhqiqatı hazırda davam edir.

Prokurorlar hakimləri Valadov-un 400 min avro (450 min ABŞ dolları) məbləğində ödənməmiş vergini onun öz şəxsi sərvətindən ödəməsi barədə qərar çıxarmağa çağırıblar. (P57) Valadov-un müflis olmuş Euroasia Exim şirkətinin maliyyə ünvanı, 2003-cü ildə Əliyev Fondu ora yerləşməzdən əvvəl Popa Soare küçəsindəki bir binada idi.

Bu məqalə həmkarımız, Rumıniya RİSE layihəsinin tərəfdaşı olan Mütəşəkkil Cinayətkarlığa və Korrupsiyaya qarşı Jurnalistika Layihəsinin, həmçinin AzadlıqRadiosunun reportyoru
Xədicə İsmayıla ithaf edilir.

Xədicə Əliyev rejiminin məxfi işlərini
faş etdikdən sonra Bakıda həbs olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG