Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:02

London meri “Obama-ya qarşı irqçiliyə” görə tənqid edilir


London meri Boris Johnson Avropa İttifaqından çıxmağı dəstəkləyən kampaniyada

London meri Boris Johnson Avropa İttifaqından çıxmağı dəstəkləyən kampaniyada

ABŞ prezidentinin Londonu Avropa İttifaqından çıxmamağa çağırması ölkə siyasətçiləri tərəfindən birmənalı qarşılanmayıb

Böyük Britaniyaya prezident kimi son səfərində olan Barack Obama-nın Londonu Avropa İttifaqından çıxmamağa çağırması ölkə siyasətçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Baş nazir David Cameron-la görüşündən sonra ABŞ prezidenti “The Daily Telegraph” qəzetinə deyib ki, Avropa İttifaqı Britaniyanın dünya boyunca təsir gücünü artırır.

Lakin London meri, ölkənin iyun ayında keçiriləcək referendumda ittifaqdan çıxmağa səs verməsini istəyən Boris Johnson Obama-nın çağırışını “riyakar” adlandırıb və deyib ki, Aİ sistemi ABŞ-ın öz ənənələrinə tamamailə ziddir.

Beləliklə, Barack Obamanın iyunun 23-də keçiriləcək referenduma müdaxilə etməsi Avropa İttifaqından çıxmağı dəstəkləyən Brexit düşərgəsini qəzəbləndirib.

Səssiz şahidlər

“The Daily Telegraph” qəzetində dərc olunmuş müsahibəsində prezident Obama deyir ki, referendumda necə səs vermək tamamilə britaniyalıların öz iradəsinə bağlıdır.

Prezident Barack Obama və baş nazir David Cameron

Prezident Barack Obama və baş nazir David Cameron

“Lakin sizin qərarınızın nəticəsi Birləşmiş Ştatlarda dərin maraq kəsb edir, – deyib prezident, - Avropa qəbristanlıqlarında yatan on minlərlə amerikalı bizim firavanlıq və təhlükəsizliyimizin bir-birinə həqiqətən də nə dərəcədə çulğalaşmasının səssiz şəhadətidir”.

Bu müsahibətə münasibət bildirən tvitdə David Cameron yazır: “ABŞ bizim ən yaxın müttəfiqlərimizdən biridir. Buna görə də bizim Aİ-də qalmağımızın əhəmiyyətinə dair Barack Obama-nın dediklərini eşitməyimiz mühümdür”.

Buna baxmayaraq Britaniyanın Avropa İttifaqından çıxması üçün kampaniya aparan rəsmilər Obama-nın ABŞ-ın siyasi dairələrinin mövqeyini ifadə etmədiyini söyləyirlər.

Onlar deyirlər ki, məsələn, respubklikaçılar Britaniyanın Aİ-dən çıxmasına tərəfdardırlar.

Winston Churchill-in büstü

İttifaqdan çıxmaq tərəfdarlarının “Vote Leave” düşərgəsindən London meri Boris Johnson Obama-nı riyakarlıqda ittiham edib.

O deyib ki, öz müstəqilliyini hər şeydən uca tutan ABŞ Britaniyaya belə bir məsləhət verməməliydi.

Londonlu rəssam Kaya Mar Obama, Cameron və Johnson-u "əks etdirən" karikaturası ilə

Londonlu rəssam Kaya Mar Obama, Cameron və Johnson-u "əks etdirən" karikaturası ilə

Özünün kəskinlik və təhqir arasında ləngər vuran şərhlərinə görə tanınan Johnson bundan əvvəl “Sun” qəzetindəki məqaləsində Obama-nın “anti-Britaniya sentimentini onun yarı-Keniyalı irsiyyəti” ilə izah etmişdi.

London merinin kəskin bəyanatları bir çox siyasətçilər tərəfindən qətiyyətlə pislənib.

Müxalif leyborist millət vəkili John McDonnell və onun partiyadaşları Yvette Cooper və Chuka Umunna Boris Johnson-un şərhini “qatı irqçilik” adlandırıblar.

Onlar deyiblər ki, Johnson sözlərini geri götürməlidir.

Boris Johnson “Sun” qəzetində yazdığı məqalədə Winston Churchill-in Oval ofisdəki büstünün oradan götürülməsinin prezident Obamanın Keniya mənşəyindən doğan anti-Britaniya hissiyyatı ilə bağlı ola biləcəyinə işarə etmişdi.

Obama-nın demədikləri

Britaniya qəzetlərinin bir sıra aparıcı şərhçiləri yazırlar ki, Barack Obama-nın doğuracağı ziddiyyəti bilməsinə baxmayaraq Britaniya referendumu barədə açıq münasibət bildirməsi, Vaşinqtonun dərin narahatlığından xəbər verir.

Amerikada bir deyim var: Biz öz dostlarımızı sərxoş vəziyyətdə maşın sürməyə qoymuruq

Bu narahatlıq Avropa İttifaqının hər hansı bir şəkildə, ələxüsus da Rusiya təcavüzkarlığının artması fonunda zəifləməsi mümkünlüyü ilə bağlıdır.

Şərhçilərin fikrincə, Rusiya və onun prezidenti Vladimir Putin Moskvaya qarşı ABŞ-la vahid cəbhədə çıxış edən Avropa İttifaqının çökməsini istərdi.

Yeri gəlmişkən, Obama-nın Britaniya səfərini geniş işıqlandıran Rusiyanın dövlət “ictimai” telekanalları efirə “istehzalı anti-ABŞ” reportajları ilə çıxırlar.

Barack Obama-nın birmənalı qarşılanmayan bəyanatları barədə BBC-yə şərh verən Dövlət Departamenti sözçüsü James Rubin siyasi təhlilə varmayıb və daha bədii dildə danışıb:

“Amerikada bir deyim var: Biz öz dostlarımızı sərxoş vəziyyətdə maşın sürməyə qoymuruq”.

Obama və Cameron London görüşündə İslam Dövləti adlandırılan təşkilatla mübarizə, Liviyanın yeni Milli Barışıq Hökumətinin dəstəklənməsi, Suriya münaqişəsi məsələlərini müzakirə ediblər.

İki liderin müzakirələrində Britaniyanın hökumət nazirləri də iştirak edirdilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG