Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:40

Bin Laden “ABŞ xalqını Obamaya dəstək verməyə” çağırıbmış


Osama bin Laden
Osama bin Laden

Əl-Qaeda təşkilatının mərhum banisi Amerika xalqını “bəşəriyyəti xilas etməkdə” prezident Barack Obamaya dəstək verməyə çağırıbmış

Əl-Qaeda təşkilatının mərhum banisi Osama bin Laden Amerika xalqını “fəlakətli” iqlim dəyişikliyinin qarşısını almaqda və “bəşəriyyəti xilas etməkdə” prezident Barack Obamaya dəstək verməyə çağırıbmış.

Reuters agentliyi xəbər verir ki, bu məzmunda məktub başqa sənədlərlə birlikdə 2011-ci ilin may ayında Osama bin Laden-in Pakistandakı gizli sığınacağına reyd zamanı ələ keçirilib.

“Obamanı xilas edəcək inqilab”

ABŞ kəşfiyyat rəsmiləri “Amerika xalqına” başlıqlı, lakin tarixsiz və imzasız məktubun bin Laden tərəfindən təxminən 2009-cu ildə yazıldığını iddia edirlər. Həmin il prezident Barack Obama özünün birinci müddətinə başlamışdı.

Bin Laden-in iqlim dəyişikliyi məsələsindən narahatlığı habelə onun 2015-ci ildə üzərindən məxfilik götürülmüş başqa sənədlərində də ifadə olunmuşdu.

2011-ci il. Prezident Barack Obama və komandası Osama bin Laden-ə qarşı reyd barədə yeni məlumatı dinləyir
2011-ci il. Prezident Barack Obama və komandası Osama bin Laden-ə qarşı reyd barədə yeni məlumatı dinləyir

O bu barədə həmçinin 2010-cu ildə Əl-Cəzirə şəbəkəsi vasitəsilə yayınlanmış audioçıxışında danışırdı.

Bundan başqa çərşənbə axşamı ictimaiyyət üçün açıqlanmış “rabitəsiz” məktubunda bin Laden 2007-2008-ci ilin maliyyə böhranına görə kapitala korporativ nəzarəti və korporativ lobbiçiləri, habelə ABŞ-ın Əfqanıstanda apardığı müharibəni günahlandırmışdı.

O Amerika xalqını “ABŞ prezidentini bu kimi təsirlərdən azad etmək məqsədilə böyük azadlıq inqilabına” çağırmışdı.

Məktub müəllifinin fikrincə bu, Obama-ya “bəşəriyyəti onun taleyinə təhlükə yaradan zərərli qazlardan xilas etmək üçün rasional qərar qəbul etmək imkanı verərdi”.

İki mədəniyyətin toqquşması

Ayrıca bir məktubda bin Laden öz yaxın köməkçisinə 11 sentyabr 2001-ci il basqınlarının 10-cu ildönümünə həsr olunmuş media kampaniyasına başlamağı və bu kampaniyaya istixana qazlarının ixtisarına çağırışı əlavə etməyi tapşırır.

Bu Yer üzündə iki ən böyük mədəniyyətin toqquşmasıdır və bütün bunlar fəlakətli iqlim şəraitində baş verir

Bin Laden belə bir mülahizə irəli sürürdü ki, dünya İslam əleyhinə müharibə etməkdənsə, iqlim dəyişikliyinin qarşısını almaq üçün mübarizə aparmalıdır.

“…dünya öz səylərini qazların azaldılması səylərinə yönəltməlidir” – deyilir tarixsiz və imzasız məktubda. Kəşfiyyat rəsmilərinin bin Laden tərəfindən yazıldığını iddia etdikləri bu məktub Şeyx Mahmud adlı bir nəfərə ünvanlanıb.

“Bu Yer üzündə iki ən böyük mədəniyyətin toqquşmasıdır və bütün bunlar fəlakətli iqlim şəraitində baş verir” – deyilir məktubda.

29 milyon dolları cihada vəsiyyət edib

Başqa mənbələrin verdiyi məlumatlarda bin Laden-in habelə vəsiyyətinin açıqlandığı bildirilir.

Bu vəsiyyətdə o 29 milyon dollarlıq vəsaitinin “Allah yolunda müqəddəs cihada xərclənməsini” istəyir.

Vəsaitin təfərrüatları barədə məlumat verilməsə də, onun Sudanda olduğu bildirilir.

Vəsiyyətdə bin Ladenin şəxsi xahişləri də var. Bunlardan birində o, öldüyü təqdirdə atasından onun ailəsinin qayğısına qalmağı xahiş edir.

Sözü gedən sənədlərin Pakistanın Abbotabad şəhərində ABŞ dəniz piyadaları tərəfindən keçirilmiş reyd zamanı tapıldığı xəbər verilir.

2011-ci ildə keçirilmiş həmin reydin gedişində əl-Qaeda lideri Osama bin Laden öldürülüb.

XS
SM
MD
LG