Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:47

Obama Kubaya “tarixi səfər” etdi


Barack və Michelle Obama
Barack və Michelle Obama

O kommunistlərin “Azadlıq adası” adlandırqları ölkəyə son 88 ildə səfər edən ilk ABŞ prezidentidir

-

ABŞ prezidenti Barack Obama bu ölkənin kommunist lideri ilə görüşmək üçün Kubaya tarixi səfər edib.

Obama kommunistlərin “Azadlıq adası” adlandırqları ölkəyə son 88 ildə səfər edən ilk ABŞ prezidentidir.

Bunu Obama-nın özü də xüsusi qeyd edib: “1928-ci ildə prezident Coolidge bura döyüş gəmisində 3 günə gəlib çıxmışdı, mənsə üç saata gəldim”.

O, Havanaya gələn kimi Tvitterdə belə bir post edib: “Gəlmişəm ki, Kuba xalqı ilə üzbəüz görüşüm və onları eşidim”.

Cənab Obama bu səfər ərzində prezident Raul Castro ilə görüşüb ticarət və siyasi islahatlar məsələsini müzakirə edəcək.

ABŞ prezidentinin inqilab lideri Fidel Castro ilə görüşü nəzərdə tutulmayıb.

Barack Obama bu səfərə xanımı, birinci ledi Michelle, habelə qızları Sasha və Malia ilə gəlib.

Kommunistlər istəsələr də, istəməsələr də…

Obama-nın gəlişindən bir neçə saat əvvəl Havana limanında etirazçıların həbs olunduqları xəbər verilir.

Polis siyasi məhbusların arvadlarından ibarət “Ağ paltarlı xanımlar” qrupunun (Ladies in White) üzvlərini yaxınlıqdakı kilsənin qarşısından aparıb.

Ağ Ev səfərdən əvvəl bildirmişdi ki, prezident Obama Kuba hakimiyyətinin istəyindən asılı olmayaraq siyasi dissidentlərlə görüşəcək

Siyasi təhlilçilər deyirlər ki, bu səfər ABŞ-Kuba münasibətlərində nəhəng dönüş nöqtəsi sayılır.

Onlar bildirirlər ki, hələ 18 ay bundan əvvəl ABŞ prezidentinin Kuba torpağına qədəm basacağını təsəvvür etmək belə çətin idi.

Protokola görə cənab Obama və Raul Castro dövlət şam yeməyində görüşəcək, mətbuat konfransı keçirəcək və daha sonra ticarət əlaqələrini müzakirə edəcəklər.

Ağ Ev səfərdən əvvəl bildirmişdi ki, prezident Obama Kuba hakimiyyətinin istəyindən asılı olmayaraq siyasi dissidentlərlə görüşəcək. Bu dissidentlərə “Ağ paltarlı xanımlar” da daxildir.

Obama məktub yazıb

Bununla belə, bu səfər iki ölkə arasında münasibətlərin tam normallaşmasını təmin etməyəcək.

Kuba üzərində 54 illik iqtisadi embarqo hələ də qüvvədədir və yalnız Konqresin səsverməsi ilə qaldırıla bilər. Bundan başqa Kuba indiyədək ABŞ-ın dəniz bazası yerləşən Quantanamo körfəzinin işğalı ilə barışmayıb.

Kuba indiyədək ABŞ-ın dəniz bazası yerləşən Quantanamo körfəzinin işğalı ilə barışmayıb

Obama və Castro 2014-cü ilin dekabrında ölkələri arasında 1959-cu ildə amerikayönlü Kuba hökuməti devriləndən bəri davam edən düşmənçiliyə son qoyulması barədə razılığa gəlmişdilər.

O vaxtdan iki ölkə arasında telekommunikasiyalar, hava nəqliyyatı, hüquq-mühafizə orqanları arasında daha sıx əməkdaşlıq və ətraf mühitin mühafizəsinə dair ilkin sazişlər imzalanıb.

Ötən çərşənbə günü Obama Kubaya inqilabdan bəri iki ölkə arasında ilk dəfə bərpa olunmuş poçt xidməti ilə məktub göndərib.

Bazar günü isə Starwood otel firması 1959-cu ildən bəri Kuba hakimiyyəti ilə müqavilə bağlayan ilk Amerika şirkəti olub.

XS
SM
MD
LG