Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:39

Amerika prezidentliyinə namizəd Donald Trump, axır ki, indiki prezident Barack Obama-nın Birləşmiş Ştatlar ərazisində doğulması faktını qəbul edib.

Trump Obama-nın Keniyada dünyaya gəldiyinə, bu üzdən Amerika prezidenti seçilmək hüququ olmadığına dair beş il əvvəl gündəmə gətirilmiş spekulyasiyaları uzun müddət fəal şəkildə dəstəkləmişdi. Respublikaçıların prezidentliyə namizədi ölkə siyasətində də məhz belə söz-söhbətlə diqqət çəkmişdi.

«BIRTHERISM» NƏDİR?

Bir müddət amerikalıların əsas müzakirə predmetinə çevrilmiş məsələ ölkənin siyasi leksikonuna «birtherism» adlı terminə də yol açıb («birtherism» - ABŞ siyasətçilərinin daha çox alçaldıcı niyyətlə işlətdiyi slenqdir və indiki prezident ABŞ-da doğulmadığından, onun prezident olmaq hüququnun da olmadığına işarədir –red.).

Üç gün öncə Trump-ın «The Washington Post» qəzetinə müsahibəsində Obama-nın gerçəkdən Amerikada doğulduğuna inana bilmədiyini söyləməsi «birtherism» məsələsini yenidən alovlandırıb. Ancaq müsahibədən bir neçə saat keçmədən respublikaçı namizədin seçki qərargahı Trump-ın Obama-nın ABŞ-da doğulduğuna şübhə etmədiyi ilə bağlı məlumat yayıb.

Sentyabrın 16-da eyni sözləri, axır ki, Trump-ın öz dilindən də eşitmək mümkün olub.

Vaşinqtonda yeni otelinin açılışından sonra jurnalistlərin suallarına cavab olaraq, qısaca «Prezident Barack Obama Birləşmiş Ştatlarda doğulmuşdur» deməklə kifayətlənən prezidentliyə namizəd əlavə sualları dinləmədən mövzunu dəyişib: «İndi hamımız istəyirik ki, Amerikanı yenidən güclü və qüdrətli bir dövlətə çevirək».

Bununla da Trump uzun müddət Obama-nı gözdən salmaqdan ötrü istismar etdiyi bir mövzuda dediklərini geri götürməli olub. Ancaq birdən-birə niyə fikrini dəyişməsi haqqında nə bir açıqlama verib, nə də indiyədək yanlış bir fikri həqiqət kimi təbliğ etdiyinə görə üzr istəyib.

Donald Trump

Donald Trump

DEMOKRATLARIN HAVASINA OYNAYIR...

Müşahidəçilərin fikrincə, o, seçkilərə 53 gün qalmış artıq bir az da demokratların havasına oynamaq və bununla onların seçicilərinin müəyyən rəğbətini qazanmaq istəyir. Son günlər «birtherism» məsələsində onun mövqeyinin yumşalması da bundan qaynaqlanır. Demokratlar, eləcə də liberal respublikaçılar, özəlliklə qaradərili seçicilər «birtherism»i daim irqçilik və Obama-ya təhqir sayıblar.

Trump bu son gedişi ilə sentyabrın 26-da Clinton-la keçiriləcək həlledici debatadək bu mövzunun müzakirə masasından qalxmasına da çalışır.

Rəqib düşərgə də Trump-ın səmimiyyətinə inanmır. «O, düz 5 il bizim ilk qaradərili prezidentimizi qeyr-legitim göstərmək niyyətilə başladılan bir hərəkata liderlik edib. Onun bütün kampaniyası bu iyrənc iftiraya söykənib». Demokratların prezidentliyə namizədi Hillary Clinton belə deyir. Clinton Trump-ın həqiqəti qəbul etməsini yetərsiz sayır və onun Amerika prezidentindən üzr istəməli olduğunu da bildirir.

OBAMA: «MƏN ÖZÜM HARADA DOĞULDUĞUMA YETƏRİNCƏ ƏMİN İDİM»

Obama-nın özü isə Trump-ın onun Amerikada doğulduğuna inanmasına «Mən özüm harada doğulduğuma yetərincə əmin idim» deməklə zarafatyana reaksiya verib.

Trump israr edir ki, indiki prezidentin doğum yerini şübhə altına alaraq «birtherism» mübahisəsini ilk başladan məhz Clinton olub. Trump deyir ki, xanım Clinton 2008-ci ildə demokratların prezidentliyə namizədi uğrunda Obama ilə mübarizə apararkən, bu mübahisəli mövzunu ortaya atıb.

Ağ Ev əvvəllər prezidentin doğum yeri ilə bağlı müzakirələri ciddi qəbul etməyib. Ancaq mühafizəkar media məsələni davamlı gündəmdə saxlayandan sonra Obama 2011-ci ilin aprelində jurnalistlərə verdiyi brifinqlərin birində doğum şəhadətnaməsini nümayiş etdirib. Bundan sonra müzakirələr səngisə də, Obama zaman-zaman bu məsələyə qayıdaraq Trump-ı gülüş hədəfinə çevirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG