Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:37

►"Nurçuların işi" birinci instansiya məhkəməsinə qaytarıldı

Nurçu təriqətini yaymaqda təqsirləndirilən 5 nəfərin apellyasiya şikayəti üzrə məhkəmə prosesi dayandırıldı və iş birinci instansiya məhkəməsinə göndərildi.

Dekabrın 1-də Bakı Apellyasiya Məhkəməsində Qail Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar qəbul etdi.

Vəkillər Əsabəli MustafayevYalçın İmanov məhkəmənin nəzərinə çatdırdılar ki, məhkum olunan beş nəfər - Eldəniz Hacıyev, İsmayıl Məmmədov, onun qardaşı Zəkəriyyə Məmmədov, Şahin Həsənov və Rəvan Fərzəliyev oktyabrın 7-də məhkəmə zalında həbs ediliblər.

Lakin Yasamal Rayon Məhkəməsinin çıxardığı hökm bugünə qədər bu adamların özlərinə və vəkillərinə təqdim olunmadığından, onlar, hətta hansı müddətə həbs olunduqlarını da dəqiq bilmirlər.

Apellyasiya şikayətinin hökm və məhkəmə iclas protokolları ilə tanış olmadan yazıldığını deyən vəkillər cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılmasını tələb etdilər.

Qeyd etdilər ki, bu, qanunun tələbidir.

Buna da bax: İsa Qəmbər: “Nardaran olayı bir neçə günün hadisəsi deyil”

“PROSES UZUN ÇƏKƏ BİLƏR”

Təqsirləndirilən şəxslərdən Rəvan Fərzəliyev istisna olmaqla, digər dördünün vəkili Əsabəli Mustafayev müdafiə etdiyi şəxslər barədə həbs-qətimkan tədbirinin dəyişdirilərək, ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırdı.

Bildirdi ki, bu cür hallar üçün qanunda işin 10 gün ərzində aşağı instansiya məhkəməsinə qaytarılması və pozuntunun aradan qaldırılması nəzərdə tutulub. Amma bu proses daha uzun çəkə bilər:

"Çünki biz hökmü, məhkəmə iclas protokollarını görmədən apellyasiya şikayəti yazmışıq. Hökm və protokollarla tanış olandan sonra apellyasiya şikayətinə əlavələrimiz ola bilər. Bizim tanış olmağımız, əlavələr yazmağımız bir xeyli çəkə bilər. Bundan başqa, biz apellyasiya şikayətinə tam və ya qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyirik. Çünki araşdırılası xeyli məsələlər var. Çünki bu iş MTN-in adamlara tikdiyi növbəti "torba" idi. Əgər məhkəmə istintaqsız aparılması haqda qərar versə, biz ilkin baxış iclasının bu qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcəyik. Yəni proses uzun çəkəcək. Ona görə də apellyasiya məhkəməsinin son qərarı bəlli olana qədər bu adamların barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi daha məqsədəuyğundur".

Vəkil Yalçın İmanov da müdafiə etdiyi Rəvan Fərzəliyevlə bağlı eyni məzmunlu vəsatət qaldırdı.

Buna da bax: İstanbulda partlayış olub

HAKİM BARƏDƏ DƏ VƏSATƏT QALDIRILDI

Əsabəli Mustafayevin digər vəsatəti isə Yasamal Rayon Məhkəməsinin hakimi Aqşin Əfəndiyevin cəzalandırılması barədə oldu.

Müdafiəçi hakim barədə xüsusi qərardad çıxarılıb Məhkəmə-Hüquq Şurasına göndərilməsini istədi.

Əsabəli Mustafayev qeyd etdi ki, nəinki Aqşin Əfəndiyevin çıxardığı hökm və məhkəmə iclas protokolları, hətta bu iş üzrə 2014-cü ilin oktyabrında keçirilmiş hazırlıq iclasının qərarı da indiyə qədər onlara təqdim olunmayıb.

Məhkəmə qısa müşavirədən sonra hökmün təqsirləndirilən şəxslər və onların vəkillərinə verilməməsi səbəbilə cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar verdi.

Vəsatətlərə gəlincə, hakim Qail Məmmədov bildirdi ki, iş geri qaytarıldığına görə məhkəmə digər məsələlərə münasibət bildirə bilməz.

Xatırladaq ki, adları çəkilən şəxslər 2014-cü ilin aprelində MTN əməkdaşları tərəfindən həbs olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə ittiham irəli sürülüb.

5 ay həbsdə saxlanıldıqdan sonra barələrində həbs-qətimkan tədbiri dəyişdirilib. Bu iş üzrə 2014-cü ilin oktyabrından başlanan məhkəmə prosesi bir il sonra - bu il oktyabrın 7-də yekunlaşıb və onlar məhkəmə zalında həbs olunublar.

Təqsirləndirilən şəxslər iş materiallarında "klassik nurçu" kimi təqdim olunub. Onların həbsinin səbəbinə gəlincə, 2014-cü ilin aprelində eyni gündə 3 nəfər MTN-ə və polisə ərizə yazıb ki, bu adamların yaşadığı evin qapısında saxlanılan avtomobillər onların hərəkətinə mane olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG