Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:42

Novruz şənliklərinə Təbrizdən gələnlər daha çox idi


Novruz şənliklərinin Bakının qədim hissəsində – İçərişəhərdə keçirilməsi artıq ənənə halını alıb. Qala divarları üzərinə Novruzun rəmzlərindən olan Səməni şəkilləri, «Bayramınız mübarək» şüarları vurulub. Tanınmış müğənnilər oxuyur, bir tərəfdə idmançı gənclər güləşir, bununla da qədim zorxana mərasimlərini canlandırır, bir tərəfdə kabab bişirilib satılır, bir tərəfdə isə Kosa və Keçəl uşaqlarla oynayır, onlarla şəkil çəkdirir.


«Dekorasiyalar da çox gözəldir, musiqi də, rəqslər də. Təbiətin canlanmasının, yeni həyatın bayram edilməsi mənə çox ləzzət edir…» Bunu deyən həmsöhbətim amerikalıdır, artıq bir neçə ildir Bakıda yaşayır. Hər il Novruz şənliklərini seyr edir.



Ümumiyyətlə, bayramı seyr edənlər arasında əcnəbilər çoxdur. Norveç Krallığının Azərbaycandakı səfiri Steynar Gil də burdadır. Ondan soruşuruq ki, Novruz şirniyyatlarından hansının dadına baxıb.


- Halva, paxlava yemişəm…


- Xoşlayırsız?


- Mən ümumiyyətlə, çox şirin yeyən deyiləm, amma az miqdarda olar, yaxşıdır, xoşuma gəlir.


Digər həmsöhbətlərim isə İrandan gəliblər, turistdirlər. Novruz İranda da qeyd edilir, amma Rəsul bəy deyir ki, Azərbaycanda əhali Novruzu daha təntənəli qeyd edir, dövlət başçısının təntənələrə qatılması isə bayramı daha əzəmətli edir: «Burda bütün çərşənbələrdə tonqal qalanır, bizdə ancaq axır çərşənbədə, şəhər rəngli işıqlarla bəzədilir, elə bil tamam ayrı bir aləmə düşmüsən…»



«Bizə yumurtanı rayondan göndərdilər, sağlam toyuqların yumurtasıydı, yedik, heç nə də olmadı»
Rəsul bəyin həyat yoldaşı Zəhra xanım isə İranda və Azərbaycanda bayramın qeyd olunmasındakı başqa fərqlərdən danışır: «Bizdə şəkərbura – paxlava bişirilmir, xonçada şam yandırılmır… Küçələrdə konsertlər olmur…»

Ümumiyyətlə, bu il bayramı seyr edənlər arasında İrandan olan azərbaycanlılarla tez-tez rastlaşmaq olardı.



Kosanın prezidentlə yumurta döyüşdürməsi artıq Novruz təntənələrinin ayrılmaz hissəsinə çevrilib. Baxmayaraq ki, Azərbaycanda "quş qripi" tapılıb və yumurtadan istifadə edənlər azalıb. Builki bayram tədbirlərinə qatılan prezident İlham Əliyev Kosayla yumurta döyüşdürüb və qalib gəlib. Maraqlıdır ki, indiyəcən keçirilən bütün yumurta döyüşlərində Kosa prezidentə uduzub.


Kosa: - Yenə uduzdum…


Keçəl: - Burda nə isə bir iş var… Noldu elə hər dəfə prezident uddu…


Kosa: - Mən neyliyim, o kişinin siyasi oyunlarda da bəxti gətirir, meydan oyunlarında da.


Bu il bayram tədbirlərində Kosa rolunu «İrs» folklor ansamblının aktyoru Qafar Novruzlu, Keçəl rolunu isə ansamblın başqa bir aktyoru Vaqif İbrahimov ifa ediblər. Onlar deyirlər ki, ildən-ilə şənliklərin təntənəsi artır.



"Quş qripi" demişkən, yumurta vurulduğu üçün Novruz şirniyyatı bişirməkdən imtina edənlər də olub bu il. Amma hamı yox. Şənliyə qızı ilə gələn Müsavat partiyasının üzvü, vəkil Mirismayıl Hadı deyir ki, nə qədər çətin olsa da, evdə qərara gəliblər ki, ənənəni pozmasınlar: «Bizə yumurtanı rayondan göndərdilər, sağlam toyuqların yumurtasıydı, yedik, heç nə də olmadı».


Təqaüdçü Ələkbər kişi isə deyir ki, Novruz şənlikləri insanın ovqatını tamam dəyişir, qısa müddət olsa da, problemlər yaddan çıxır: «Bu, elə bir bayramdır ki, nə dərd sər oldu yaddan çıxır. Bir dərdimiz var - Qarabağ dərdi. O da yəqin Allahın köməkliyi ilə həllini tapar».


Müğənni Mətanət İsgəndərli isə deyir ki, Novruzla bağlı tədbirlərdə iştirak etməkdən yorulmur. Onun sözlərinə görə, Sovet dövründə dini bayram kimi qadağan edilən Novruz bayramının indi – müstəqillik dövründə təntənəli şəkildə qeyd edilməsindən qürur düyür.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG