Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:06

Vahid Ələkbərov 'Nikoil'u xilas edir


Nikoil Bank
Nikoil Bank

ƏVVƏLCƏ 60 MİLYON, SONRA 90 MİLYON MANAT

Səhmdarların bugünlərdə verdiyi qərara əsasən, ilk mərhələdə «Nikoil» İnvestisiya Kommersiya Bankı ASC-nin nizamnamə kapitalına 60 milyon manat vəsait cəlb ediləcək. Amma bu son deyil. Oktyabrın sonunadək nizamnamə kapitalına 90 milyon manat həcmində əlavə «qan» vurulacaq.

Bakı Fond Birjasının (BFB-nin) listinq komitəsi bu bankın 30 milyon ədəd yeni səhmini (dövlət qeydiyyat nömrəsi AZ1001006100) satışa buraxıb. Bir səhmin qiyməti 2 manatdır. Bu buraxılış qiymətli kağız alqı-satqısının nə zaman olacağı, hələlik, bildirilmir.

«TOPAZ INVESTMENTS LTD» İLƏ MBNP-NİN RAZILAŞMASI VAR

«Nikoil» İKB ASC-nin özünün yaydığı açıqlamada (http://nikoil.az/az/news/570) deyilir ki, bu il sentyabrın 21-də Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə əsas səhmdar – «Topaz Investments Limited» QSC arasında bankın nizamnamə kapitalının iki mərhələdə toplam 150 milyon manat məbləğində artırılmasına dair ikitərəfli protokol imzalanıb. Bu, bank sektorunun sağlamlaşdırılması proqramı çərçivəsində həyata keçirilir.

Buna da bax-'İqtisadi-maliyyə sistemimizin ən bərbad rəhbər şəxsi Babayev idi'

«Səhmdarlar və MBNP tərəfindən atılan bu addım Azərbaycanın bank bazarına müsbət təsir edəcək, «Nikoil Bank»ın daha da inamlı inkişafı üçün geniş imkan yaradacaq». Bankın məlumatında belə deyilir.

PUL GƏLMƏSƏYDİ, LƏĞV OLUNA BİLƏRDİ

Bu il iyul ayının əvvəlinə bankın toplam kapitalı 38.5 milyon manata yaxın olub. Halbuki məcmu kapitala olan ən aşağı tələb 50 milyon manatdır. Bu səbəbdən bankın lisenziyası hər an ləğv edilə bilərdi. Məhz buna görə, səhmdarlar onu xilas etmək qərarına gəliblər.

«Nikoil Bank» 1994-cü ildən fəaliyyət göstərən «Ülpər» kommersiya bankının təməlində yaradılıb. 2002-ci ildə bankın kapitalı Rusiya mənşəli şirkətlərə keçib. Hazırda onun səhmdarları «Topaz Investments Limited» QSC (səhmlərin 56.4 faizi), «Nikoil» QSC (42.6 faiz) və «ISR Holding» MMC-dir (1 faiz). Bankın Müşahidə Şurasına azərbaycanlı işadamı İsgəndər Xəlilov başçılıq edir.

Buna da bax-'Bank Standard'ın lisenziyası ləğv edildi

Ötən ilin nəticəsinə görə, 23.6 milyon manat zərərə düşən bank bu ilin birinci yarısında maliyyə durumunu nisbətən yaxşılaşdıra bilib. Yarımildə qazanılan mənfəət 5 milyon 633 min manatdır.

«NIKOIL» AZƏRBAYCANDA 5-Cİ OLACAQ

Əlavə kapital qoyuluşlarından sonra «Nikoil» İKB ASC-nin nizamnamə kapitalı 184.5 milyon manata çatacaq. Beləcə, kapitalın həcminə görə ölkənin bir çox banklarını geridə qoyaraq, 5-ci pilləyə yüksələcək.

Hazırda «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin nizamnamə kapitalı 641.2 milyon manat, «Paşa Bank» ASC-nin – 333 milyon manat, «Xalq Bank» ASC-nin – 211.6 milyon manat, «Kapital Bank» ASC-nin – 185.8 milyon manatdır.

Kapitalın həcmi baxımından növbəti yerlərdə «Expressbank» ASC (137.2 milyon manat), «Bank Silk Way» ASC (101.5 milyon manat) və «Accessbank» QSC (85 milyon manat) gəlir.

«Bank Standard» QSC-nin ləğvi haqqında bu gün (1 oktyabr 2016-cı il) qüvvəyə minən qərardan sonra Azərbaycandakı bankların sayı 32-yə düşüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG