Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:15

7 yaşlı Nihadın başına gələnlər


Nihad
Nihad

Bakıda yaşayan Bağırovlar ailəsi bilsəydi ki, 7 yaşlı Nihadın boğazındakı artıq ət ona həyatı bahasına başa gələcək, yəqin ki, ömrünün sonunadək bu qüsurla yaşamasını daha üstün tutardılar. Ailənin hüquqi nümayəndəsi olan Samir Zeynalov AzadlıqRadiosuna «Diaqnoz» Tibb Mərkəzi tərəfindən ailəyə vurulan ziyandan danışır:

«Uşağın boğazındakı artıq əti əməliyyatla götürmək istəyən həkim onu şikəst edib. İndiyədək başqa ölkələrdə sağlamlığının bərpasına 50 min dollara qədər pul xərclənib. Uşağın vəziyyəti nisbətən yaxşılaşsa da, problem kökündən həll olunmayıb. Amerikadakı bir klinika ilə yazışırıq, sağlamlığın tam bərpasına 100 min dollar tələb olunur».

«QAN ANALİZİ DƏ EDƏ BİLMİRLƏR»

Nümayəndənin deməsinə görə, əməliyyatdan sonra uşaqda udlaq darlığı yaranıb, elə hər şey də bundan sonra başlayıb.

Nihadın atası Rəşad Bağırov deyir ki, bir dəfə qan analizindən ötrü «Diaqnoz» Tibb Mərkəzinə gediblər: «Analizlərin cavabı sahə həkimində şübhə yaratdığından, bizi Dövlət Qanköçürmə İnstitutuna göndərdi. Orada götürülən qan analizinin cavabı ilə birinci analizin cavabı daban-dabana idi. «Diaqnoz» Tibb Mərkəzinin baş həkimi Ələddin Cabbarova şikayət etdim ki, bu boyda tibb mərkəzinin laborantları qan analizi də edə bilmirlər. Baş həkim əvvəlcə klinikada avadanlıqların müasir və analiz nəticələrinin doğru olduğuna inandırmağa çalışdı. Sonra da bizi klinikanın loru Qəmbər Qocayevin yanına göndərdi ki, hər ehtimala qarşı uşağın boğazını yoxlasın».

TÜRKİYƏ KLİNİKASINDAN FAYDA DƏYMƏYİB

Qısası, həkim Qocayev uşağı müayinə edəndən sonra boğazındakı artıq ətin kəsilməsini vacib sayıb və bu işi üzərinə götürüb. Əməliyyat 2014-cü il iyunun 2-də elə tibb mərkəzində baş tutub və elə həmin gün evə buraxılıb. (Sənədlərdəsə 5 gün xəstəxanada həkim nəzarətində qaldığı qeyd olunur - red). Atanın deməsinə görə, uşaq evə gəldiyi gündən boyun-boğazındakı möhkəm ağrılardan əziyyət çəkirmiş: «9 gündən sonra Nihadın ağzından, burnundan kəskin qanaxma başladı. Onu ölümcül vəziyyətdə «Diaqnoz» Tibb Mərkəzinə çatdırdıq. Ancaq nədənsə, klinikanın sənədlərində uşağı qanaxma ilə xəstəxanaya yerləşdirdiyimiz gizlədilir. Uşağa təcili müdaxilələr olundu, sistem köçürüldü. Vəziyyət ciddi olduğundan, bir gecə xəstəxanada saxladılar. Uşağın vəziyyəti günbəgün yox, saatbasaat ağırlaşırdı. Həkimlərsə «əlimizdən nə gəlirsə, edirik» deyib dururdular. Qəmbər Qocayev eləcə «xroniki faringit və allergiyası var» deyib, bir neçə dərman yazdı, beləcə, bizi «yola verdi». Özüm də hiss edirdim ki, uşağın dərdinin dərmanı bu xəstəxananın həkimlərində deyil, bunlar sadəcə, vaxt qazanırlar, əllərindən də heç nə gəlmir».

Buna da bax-Pulu olmayan xərçəng xəstəsinin başına gələnlər

Pulu olmayan xərçəng xəstəsinin başına gələnlər
Gözlə

No media source currently available

0:00 0:07:27 0:00

Nihadın nəfəs alması, qida qəbulu dəqiqəbədəqiqə çətinləşir, udlaq daralır, çarəsiz valideynlərsə nə edəcəklərini bilmirlər. Üstəlik, atanın iddiasına görə, həkim Qocayevin xəstəhal uşaqla kobud davranışı vəziyyəti daha da çətinləşdirib. Sonucda, valideynləri bu tibb mərkəzindən əllərini üzüb Nihadı daha bir neçə klinikaya götürürlər. Həkimlər uşağın vəziyyətinin ağır olduğunu bildirirlər. Bağırovlar onu ölkədən xaricə çıxarmaq qərarına gəlirlər. Uşağın Türkiyədəki klinikalardan birində müalicəsi ailəyə 45 min ABŞ dollarına başa gəlib. Ancaq Nihad tam sağalmayıb.

«10 FAİZİNDƏ AĞIRLAŞMALAR OLUR»

Nihad növbəti müalicələrini almasa, nəfəs çatışmazlığı və yeməməzlikdən həyatını itirə bilər. Amerika klinikalarından biri müalicəni öz üzərinə götürür – 100 min ABŞ dollarına...

«Diaqnoz» Tibb Mərkəzinin loruQəmbər Qocayev deyir ki, Nihadın vəziyyətinin ağırlaşmasında həkimin günahı olmadığını ekspertiza da təsdiqləyib: «Bunu biz demirik, bunu keçirilən ekspertizalar deyir. Belə xəstələrin 10 faizində ağırlaşmalar olur, fəsadlar baş verir. Məhkəmə də bu işə baxıb. İndi də onlar apellyasiya şikayəti veriblər. Bilmirəm, niyə bu valideynlər bu məsələni bu qədər uzadırlar».

«O PULU İSTƏMİRİK, AMMA...»

Artıq ailə birinci məhkəməni keçib. Xətai rayon Məhkəməsi ailənin tibb mərkəzinə qarşı 50 min dollar maddi, 50 min manat mənəvi zərərin ödənilməsi iddiasını təmin etməyib. Nümayəndə Samir Zeynalov hesab edir ki, məhkəmə sifarişli qərar çıxarıb: «Biz apellyasiya şikayəti verdik və orada 50 min manat mənəvi zərər iddiamızı qeyd etmədik. Yalnız 50 min dollarlıq maddi zərər tələbini qoyduq. Biz tibb mərkəzinə bildiririk ki, hələ 100 min dollar da bundan sonrakı əməliyyata tələb olunur. Biz o pulu onlardan istəmərik, ancaq bir şərtlə ki, uşağı aparsınlar, həmin ölkədə sağlamlığını bərpa etdirib gətirib qaytarsınlar ailəsinə».

Oktyabrın 7-də Bakı Apellyasiya Məhkəməsi Bağırovlar ailəsinin apellyasiya şikayətinə baxacaq.

Nihadsa hazırda Mərkəzi Klinik Xəstəxananın uzman həkimi Burhan Dadaşın nəzarətindədir.

XS
SM
MD
LG