Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:52

'Yaxşı bilirik, bu söküntülərin arxasında növbəti fırıldaqlar dayanır'


Nərimanov rayonunda söküləcək bina
Nərimanov rayonunda söküləcək bina

“Büdcə boşalır, ölkə gündən-günə borclanır, təqaüdlər gecikir, sosial yardımlar kəsilir... Yaxşı bilirik ki, bu söküntülərin arxasında növbəti fırıldaqlar dayanır. Olan-qalan bir evimiz var, onu da əlimizdən almaq istəyirlər”.

Nərimanov rayonu, Mirəli Qaşqay, Möhsün Sənani və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindəki 63 və 65 saylı ünvanlarda hər gün səs-küydür. Az qala, hər gün bu iki ünvana gələn Nərimanov rayon icra hakimiyyətinin işçiləri ilə sakinlər arasında mübahisə düşür.

Buna da bax:​ 'Bu gedişlə bir gün binaların hamısı alışacaq'

“EV VERSİNLƏR, YAŞAYAQ”

İndiyədək bu iki həyətdə ümumilikdə 56 ailə yaşayıb. Hər iki ünvan hökumətin qəzalı tikililər siyahısındadır. Bir müddətdir ki, ailələrin böyük hissəsi köçürülüb. Nə yerli icra hakimiyyəti, nə də polis 8 ailəni evlərindən çıxara bilmir. Bu mənzillərdən birinin sahibi Əli Səfərov deyir, əslində istismar müddətini çoxdan başa vurmuş mənzili məmnuniyyətlə tərk edər. Ancaq bir şərtlə ki, hökumət onu 3 il kirayələrdə süründürməsin, bu başdan əraziyə və qaldığı mənzilə uyğun başqa mənzil versin:

“İndi çoxu evindən çıxmağına peşman olub. Hamı ölkə iqtisadiyyatının düşdüyü durumu yaxşı görür. Mənim 3 ildən sonra bu daxmamın yerində bina tikiləcəyinə zərrə qədər də inamım qalmayıb. Ev versinlər, gedək yaşayaq”.

Buna da bax:​ 'Siz hər dəfə toplaşanda başçıya söz gəlir'

Başqa sakin Salman Qədirovun sözlərinə görə, 8 ailənin hələ də evlərində yaşamasına baxmayaraq, kommunal xidmətlər dayandırılıb:

“Bu soyuqda işıqsız, qazsız, susuz, kanalizasiyasız qalmışıq. Sağımız-solumuz söküntü, toz-torpaq, daş-kəsək, palçıqdır. Evdən çıxanda ayaqqabılarımızın üstündən sellofan bağlayırıq. Toz-torpaq ciyərlərimizə hopub. Gəl ki, çıxmayacağıq. Didərgin kimi çöllərə səpələnməkdənsə, elə hamımızı evqarışıq xışlasalar yaxşıdır”.

“ÖZLƏRİ MÜRACİƏT EDİBLƏR”

Sakinlər onlara təklif edilən müqavilələrdə boşluqlar olduğunu bildirirlər.

Buna da bax:​ ‘Onlara dedik ki, oğurlayırsınız, heç olmasa…’

Nərimanov rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, sökülən evlərin yerində yeni binanın tikintisini “Evrostroy” şirkəti həyata keçirir. Sakinlərə kirayə haqqı olaraq 300-400 manat təklif olunub. Hazırda cəmi 8 ailə razılaşmayaraq ərazidən çıxmır: “Nazirlər Kabinetinin qərarı var, gec-tez mütləq evlərini tərk etməlidilər. Onlar ərazidəki fəhlələrin çalışmasına mane olurlar. Bu isə işləri ləngidir. Hər bir vətəndaşın mülkiyyət hüququ qanunlarımızla qorunur. O ünvanlarda yaşayanlar uzun müddət idi ki, özləri quruma müraciət edib qəzalı evlərdə yaşamaqdan bezdiklərini bildiriblər”.

Qurumdan o da bildirilib ki, kirayəyə köçürülən sakinlər yeni, hündürmərtəbəli tikilidəki mənzillərinə 2 il yarımdan sonra qayıdacaqlar.

XS
SM
MD
LG