Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:07

Nərgiz Paşayeva: "Avropadan mənimsəniləsi, öyrəniləsi çox şey var"


Nərgiz Paşayeva (sağda), İlham Əliyev və Mehriban Əliyeva (solda)

Nərgiz Paşayeva (sağda), İlham Əliyev və Mehriban Əliyeva (solda)

- Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva virtualaz.org saytına müsahibə verib. Bu gün - dekabrın 13-də Nərgiz Paşayevanın doğum günüdür.

Həmin müsahibəni ixtisarla təqdim edirik:

Nərgiz Paşayeva

Nərgiz Paşayeva

-Sizin adınız hakim Ailənin həyatına dair xəbərlər xronikasında əvvəllər tez-tez ilk cərgələrdə görünərdisə, son vaxtlar belə təəssürat yaranır ki, haradasa kölgəyə çəkilmisiniz. Bu da təxəyyülü zəngin olan böyük şəhərimizdə bəzi şayiələrə səbəb oldu. Dedi-qodu həvəskarları isə sizin hətta təqib olunmağınız barədə danışmağa başladı. Bunlar gerçəkliyə nə dərəcədə doğrudur?


- Məncə, bundan narahat olmağa dəyməz. Sadəcə olaraq diqqətli olun. Baxın görün bu məlumatları yayanlar kimlərdir. Bunlar ya bayağı, ya da yalançı “analitiklər”dir. Məncə, şayiələr heç təxəyyül məhsulu da deyil... Mənim təqib olunmağıma gəlincə isə... Bu, yalnız o halda mümkün olar ki, mən özüm olmayım - Nərgiz Paşayeva. Bu da ki, sadəcə həddən artıq fantastikdir. Mən açıq və dürüst insanam. Sözü üzə düz deyənəm. Dediyim sözün nəticəsinin çiynimə hansısa ağır yükü qoyub-qoymayacağından asılı olmayaraq ikiüzlülük etməyi sevməyənlərdənəm.

-Siz işinizlə bağlı tez-tez Qərb ölkələrində səfərlərdə olursunuz. Azərbaycanı necə görmək istəyərdiniz: həmin Qərb ölkələri sayaq, yoxsa siz də sovet nəslindən olan çoxları kimi 70-ci illər Bakısının xiffətini çəkirsiniz?

Orada sadə vətəndaş çoxsaylı rüşvətxorlardan və xəzinə oğrularından qorunurlar, çünki həmin ölkələrdə belə əliəyri adamlar ordusu sadəcə olaraq yoxdur.

-...İdeal ölkələr olmur. Amma yaxşı ölkələr var və bu faktdır. Bu ölkələrdə daha yaxşı və bəzən də pulsuz təhsil, səhiyyə, təmiz ekologiya var, sosial təminat səviyyəsi yüksəkdir. Orada sadə adamlar yaxşı və etibarlı həyata malikdir. Orada sadə vətəndaş çoxsaylı rüşvətxorlardan və xəzinə oğrularından qorunurlar, çünki həmin ölkələrdə belə əliəyri adamlar ordusu sadəcə olaraq yoxdur. Bəli, o ölkələrdə də ictimai xəstəliklər var. Lakin orada ağlın və vicdanın səhvlərindən yaranan xəstəliklər yoxdur. Mənə elə gəlir ki, gerçəkliyi bilmək faydalıdır. Həqiqəti guya anlamamağın, onunla tanış olmamağın görüntüsünü yaratmağa çalışmaq isə düzgün deyil. Yəni konduktorun acığına piyada getmək olar, amma relslərin üstünə uzanmaq olmaz.
Qərb bu gün özünün bütün problem və çatışmazlıqlarına baxmayaraq hər halda daha yüksək inkişaf səviyyəsindədir. Ətrafımıza, bizi əhatə edən hər şeyə, hər gün istifadə etdiklərimizə - avtomobildən telefona və digərlərinə qədər - baxın. Bütün bunlar Qərb sivilizasiyasının nailiyyətləridir. Hər şey də ifrat dəbdəbədən uzaq və konkretdir. Məncə, Avropadan mənimsəniləsi, öyrəniləsi çox şey var, həyatın getdikcə sürətlənən ritminə uyğunlaşmaq lazımdır. Avropa özünə çox vaxt tənqid selləri arasında yol açıb, inkişaf edib. Təsəvvür edin ki, Bethovenin 5-ci simfoniyasını bir zamanlar “musiqinin qürubu” adlandırıblar. İndi isə bu fikir adamda sadəcə olaraq təbəssüm doğurur.

Hər şey də ifrat dəbdəbədən uzaq və konkretdir. Məncə, Avropadan mənimsəniləsi, öyrəniləsi çox şey var, həyatın getdikcə sürətlənən ritminə uyğunlaşmaq lazımdır. Avropa özünə çox vaxt tənqid selləri arasında yol açıb, inkişaf edib.

Bakı nostalgiyası... Siz qəlbimizin ən incə telinə toxundunuz. Mən “Bakı daha gözəl olub” məzmunlu, sırf təşviqat xarakterli sözləri eşidəndə kədərlənirəm. Bunu hansısa aul haqda demək olardı, amma qədim və çox gözəl Bakı haqda yox! Bakı gözəlləşməyib, o, elə əvvəldən gözəl olub! Bu söhbətlər mənə haçansa oxuduğum tragikomik bir fikri xatırladır: “Mənim əsil-nəcabətim yoxdur, uşaqlarımın isə var”.


-Belə demək cəsarətini öz üzərimə götürüm, Paşayevlər və Əliyevlər siyasi sülaləsinin digər nümayəndələri kimi Nərgiz Paşayeva da ictimai rəy tərəfindən güclü və qüdrətli insanlar kimi təqdim və qəbul olunur. Bu, doğrudurmu ki, sizin bircə sözünüz bir çox nazirlərin qərarını dəyişə bilir?


-Bunu etiraf edim ki, öz soyadımızın bütün səhifələrini vərəqləyəndə Paşayevlərin siyasi sülalə olmasını təsdiqləyən heç bir fakta, dəlil-sübuta rast gəlməmişəm. Ola bilsin, bu, mənim səhlənkarlığımdır, amma mən bu fikirlə razı deyiləm. Əliyevlərlə Paşayevləri 30 ildən çoxdur ki, qohumluq əlaqələri, ümumi uşaqlar, nəvələr, nəticələr, qohumlar və s. bağlayır. Və əgər siyasi fonun olmadığı dövrləri nəzərə alsaq, bu, həmişə siyasətdən də üstün olub. Mən Zərifə xanımın - o həssas və gözəl insanın mülayim, ilıq təbəssümünü, bir az da nigaranlıq dolu, nəvaziş və şəfqət saçan o baxışlarını yaxşı xatırlayıram, bunu heç vaxt unutmaram.
Nazirlərə gəlincə isə mən onların çoxu ilə heç telefonda da danışmamışam. Belə gülünc, fantom versiyalar haradan çıxır? Amma mən rektoram, bizim işimizlə bağlı olan şəxslərə zəng vura, nəyisə müzakirə edə bilərəm. Belə hallar da olur ki, kimlərsə bunu bilərəkdən, yaxud da istəmədən bizim işimizə, tələbələrimizə, müəllimlərimizə ziyan vura bilər. Axı bizim universitet şəhərcik kimidir. Orada sutka boyunca iş gedir. Orada adamlar qalır. İşdən evə bəzən gecə yarısı gedirik. Axşam saat 10-11-ə qədər işdə oluruq. Orada Moskvadan olan 50-60 müəllim yaşayır. Bakıda evi olmayan, yaxud evi uzaqda olan tələbələr qalır. Nazirlərə gəlincə isə qoy onlar ictimai rəyin diqqət yetirdiyi məsələləri əsas götürsünlər. Onların ən birinci vəzifəsi cəmiyyətə, insanlara xidmət etməkdir. Elə etsinlər ki, xalq onlara baxanda nə ağlamasın, nə də gülməsin.
Necə düşünürsünüz, normal qadın qüdrətli və güclü ola bilərmi? Bu suala cavab verim: ola bilməz və heç lazım da deyil. Böyük Höte yazırdı ki, “ağacların başının səmaya dikilməsinə icazə verilməyib”. Allaha şükür ki, belədir.


Mehriban Əliyeva və Nəriz Paşayevanın uşaqlıq fotosu

Mehriban Əliyeva və Nəriz Paşayevanın uşaqlıq fotosu

-Birinci ledi ilə tez-tezmi ünsiyyətdə olursunuz? Deyilənə görə, böyük bacı kimi ona təsir göstərirsiniz. Belə deyək, nəyə görəsə, hansısa bir məsələdə onu tənqid edə bilirsinizmi? Təbii ki, üzbəüz olanda...

-Bizim zəmanədə ən böyük problemlərdən biri vaxt azlığıdır. Daim seytnot vəziyyətində olursan, zamanın çatmır. Fəaliyyət məkanın, meydan genişlənib, vaxt isə əksinə, azalıb. Hər ikimiz hazırda vaxt çatışmazlığını hiss edirik. Əvvəllər ünsiyyət üçün daha çox vaxt olurdu. İndi isə bu baxımdan çətindir. Hər birimizin sıx iş qrafikimiz var, işimiz, ailəmiz var. Lakin sutkanın 24 saatı ərzində bacımla bir anlıq, qısamüddətli əlaqə yaratmaq imkanımız olur.
Təsirə gəlincə isə hamı bir-birinə bu və ya digər dərəcədə təsir göstərir. Bu, okeanın qabarıb-çəkilməsinə bənzəyən bir şeydir. Mən tənqid edə bilərəm. O da edə bilər. Axı bu, çox normaldır. Tənqiddən yox, yaltaqlıqdan, üzgörənlikdən qorxmaq lazımdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG