Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 05:44

-

İşdə zaman-zaman neqativ insanlarla üz-üzə gəlirik. Neqativ həmkarlar bizim iş günümüzü, bəzən isə hətta bütün karyeramızı korlaya bilərlər. Bən bunun baş verməməsi üçün nə etmək lazımdır?

Onlardan yan keçin

Neqativ insanlar bilərəkdən və ya bilməyərəkdən daim qurban axtarışındadırlar. Amma əgər siz neqativ insanla işləməli deyilsinizsə, onunla hər hansı ünsiyyətdən uzaq olmağa çalışın. Əgər belə etməsəniz, günahkar çıxa bilərsiniz. Məsələn, şirkət barədə mənfi şeylər danışan sizin həmkarınız ola bilər, ancaq kənardan sizin söhbətinizə qulaq şahidi olmuş başqa bir həmkarınız müdirə deyə bilər ki, "onlar həmişə burdakı mənfi hallardan danışırlar". Bunun isə sizə çox pis təsiri ola bilər. Yaxud da, siz həmin o həmkarınıza məsləhət verməyə həddindən çox vaxt sərf etsənz, öz işiniz qalacaq və müdiriniz sizə "qara qaşınıza-gözünüzə görə" güzəştə getməyəcək. Odur ki, prioritetlərinizi sıralamağı bacarın. İşiniz birinci gəlir.

Onları dinləyin

Bəzi neqativ insanlar heç də həmişə neqativ olmurlar. Bəlkə onlar bu yaxınlarda çətinliyə düşüblər və indi bunun öhdəsindən gəlmək üçün köməyə ehtiyacları var. Əgər neqativ insan sizin dostunuzdursa, yaxud da siz onunla davamlı olaraq işləmək məcburiyyətindəsinizsə, bəlkə də bircə dəfə ona qulaq asmağınız işin yaxşılığına olar. Bəlkə onlar sadəcə olaraq ürəklərini boşaltmaq istəyirlər və bu onlara vəziyyətdən çıxmağa kömək edəcək. Sadəcə olaraq diqqətli olun ki, onlar bu "ürəkboşaltma" seanslarını adi hala çevirməsinlər.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Pozitiv olun

Onların neqativliyinə pozitivliklə cavab verin. Qoymayın qara dəlik sizi udsun. Pozitivlik "yoluxucu" olduğu kimi neqativ yanaşma də insana təsir edə bilir. Əgər siz işiniz barədə narahatsınızsa, neqativ həmkarınızın da şirkət barədə pis şeylər deməsi bu narahatlığı daha da artıracaq. Sizə elə gələcək ki, o sizin bilmədiyiniz şeyləri bilir və beləliklə sizin işiniz təhlükə qarşısında qalacaq. Pozitiv qalmaqla isə siz hətta başqalarını da daha pozitiv olmağa ilhamlandıra bilərsiniz.

Peşəkarlığınızı qoruyub saxlayın

Neqativ həmkarlarla ünsiyyət zamanı unutmayın ki, bəzən onların neqativliyi müəyyən hədə elementləri ilə müşayiət olunur. Elə neqativ insanlar var ki, sadəcə olaraq daim qanıqara gəzirlər, elələri də var ki, başqalarını da əldən salaraq özlərini eyni cür hiss etməyə məcbur etməyə çalışırlar. Ehtiyatlı olun, çünki bəzən onlar adi bir şeyə qarşı sərt reaksiya verə bilirlər. Məsələn, qəfildən başqalarının yanında sizin adi bir sualınıza elə bir kəskin reaksiya verə bilərlər ki, siz də öz növbənizdə buna mənfi reaksiya verə bilərsiniz. Bu isə kənardakıların, xüsusən də müdiriyyətin gözündən qaçmayacaq. Heç vaxt həmkarınızın sizi manipulyasiya etməsinə imkan verməyin və daim peşəkarlığınızı saxlayın. Diqqət edin ki, neqativ həmkarınıza dediyiniz hər söz, onunla gördüyünüz hər iş, xüsusən də müdiriyyətin gözündə mənfi təəssürat yaratmasın. Yazdığınız hər bir e-mailin peşəkarcasına yazıldığına əmin olun. Hər zaman peşəkarlığı saxlamaqla siz ofis qoçusunu sizin karyeranıza mənfi təsir göstərmək gücündən məhrum etmiş olursunuz.

____________________________________________________________

Bunlara da bax:
Ermənistanın maliyyə nazirinin 'milyonları üzə çıxdı'
5 min manata kirayə bağ evi...

____________________________________________________________

Kadrlar üzrə işçi, yaxud da müdirinizlə danışın

Görsəniz ki, neqariv həmkarınızla ünsiyyət sizin işinizə təsir edir, müdiriyyətlə danışa bilərsiniz. Yadınızda saxlayın ki, siz başqasının neqativliyinə görə cavabdeh olmasanız da öz reaksiyanız sizə ziyan vura bilər. Ona görə hər ehtimala qarşı sizi narahat edən məsələlərin "qeydiyyata salınmasına" çalışın. Birdən sizinlə həmkarınız arasında xoşagəlməz vəziyyətin eskalasiyası baş verərsə bu qeydlər sizə lazım ola bilər. Şirkətlərin bu məsələyə yanaşmaları fərqlidir, ona görə də əvvəlcədən kadrlar şöbəsi, yoxsa müdiriyyətlə danışmalı olduğunuzu öyrənin. Onlar sizə necə hərəkət edəcəyiniz barədə məsləhət verə, yaxud da müdaxilə edərək sizin aranızdakı bu mənfi halı aradan qaldıra bilərlər. Onlar bu məsələdə naşı deyillər. Onlar keçmişdə də neqativ insanlarla işləməli olublar. Ona görə də işi peşəkarlara buraxın.

İş işdə qalmalıdır

Bəzən neqativ insanla bağlı heç nə eləmək mümkün olmur. Bəlkə onların arxasında elə bir adam dayanıb ki, bu işdə onun sayəsində qala bilirlər. Əgər hər hansı səbəbdən neqativlik sizdən əl çəkmirsə, onun sizi ruhdan salmasına imkan verməyin. Özü də evdəki problemlərinizi işə gətirmədiyiniz kimi işdəki problemlərinizi də evə aparmayın. Bəzi adamlar düşünürlər ki, ürəklərini evdə həyat yoldaşlarına boşaltsalar, özlərini daha yaxşı hiss edəcəklər. Əlbəttə, siz danışa bilərsiniz, amma bunun sizi üzməyinə imkan verməyin. Ancaq əgər neqativ insan sizin fikrinizi dağıdırsa, evdə kobud və pis davranmağa vadar edirsə, siz tədricən işdən kənardakı problemlərinizi də həmin o neqativ şəxsin üzərinə atacaqsınız. Nəticədə xoşagəlməz sonsuz burulğana düşmüş olacaqsınız.

Uzun sözün qısası, iş yerində bir az neqativlik olan şeydir, ancaq siz öz pozitivliyinizi qorumaq üçün əlinizdən gələni etsəniz, ofisdə xeyli məhsuldar gün yaşayacaqsınız.

Buna da bax: "Xarici borc sürətlə artır"

Günün bütün mövzuları

XS
SM
MD
LG