Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:29

Neftçilər Xəstəxanasının həkimləri günahkardımı?


Arxiv fotosu
Arxiv fotosu

«Biz onu yüngül ürək sancıları ilə xəstəxanaya aparmışdıq ki, dərdini bilək. Ancaq həkimlər vəziyyətini daha da ağırlaşdırdılar və həyatına qəsd etdilər».

Bakı sakini Həcər Alxasova AzadlıqRadiosu-na göndərdiyi məktubunda yazır ki, bu ilin martında atası 58 yaşlı Murad Alxasov ürəyində yaranmış yüngül ağrılara görə Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb. Burada həkim səhlənkarlığı üzündən həyatını itirib.

«HEMOQLOBİN YOXLANILMADI»

Xanımın deməsinə görə, Murad Alxasovu martın 12-də yüngül gərginlik stenokardiyası şikayəti ilə Mərkəzi Neftçilər Xəstəxanasında Kardiologiya şöbəsinin müdiri, həkim Abbasəli Abbasəliyevin qəbuluna aparıblar. «Anju» koronaroangioqrafiya müayinəsindən keçdikdən sonra xəstəyə ürəyin 3 damarının 75-90 faizli daralması diaqnozu qoyulub. Təcili stent qoymaq lazım olduğu bildirilib:

«Çətinliklə keçən stent implantasiyası zamanı stent həkimin əlindən sürüşərək qan dövranına salınıb, açıq əməliyyatla qasıq nahiyəsindən çıxarılıb. Buna baxmayaraq, prosedur 3 saat davam etdirildi və çox çətinliklə LAD damara (əsas magistral damar) 2 stent qoyuldu. İki gün sonra kardioloq Abbasəliyev özü qoyduğu LAD damarın stentindən narahat olaraq yenidən «anju» müayinəsi etdi. Həkim Rəşad Mahmudovla birlikdə təkrar müayinədə stentlərin açıq və yerində olduğuna, heç bir problem olmadığına qərar verildi. Onu da bildirim ki, əməliyyat zamanı qan itirmiş xəstədə, dəfələrlə təkid etməmizə baxmayaraq, hemoqlobin yoxlanılmadı, yalnız evə yazılan zaman təkidlə yoxlanıldı və bu zaman kəskin aşağı düşdüyü (ilkin 14,9, buraxılış zamanı 8,3) aşkar olundu. Buna baxmayaraq, stent qoyulmuş, açıq əməliyyatdan çıxmış, hemoqlobini kəskin düşmüş, nəticədə xəstəxanada olduğu müddətdə sinkopa (özündən getmə) düşmüş xəstəni 8,3 hemoqlobinlə evə yazdılar».

Mərhumun qızı deyir, evə yazıldıqdan bir gün sonra xəstədə gəlib-keçici, göynədici, ürək ağrıları şikayətləri başlayır. Dəfələrlə Abbasəliyevə xəstənin şikayətləri haqda məlumat verilməsinə baxmayaraq, həkim narahatlığa əsas olmadığını deyir. Ağrıların gücləndiyini görən ailə üzvləri xəstəni gecəylə Mərkəzi Neftçilər Xəstəxanasına qaytarırlar. Ancaq xəstəxana xəstəni qəbul etməkdən imtina edir:

«2 SAAT TƏZYİQİN SALINMASINA GETDİ»

«Bir neçə dəfə Abbasəliyevlə əlaqə saxlayandan sonra vaxt itkisi ilə xəstə qəbul olundu. Bahadur adlı növbətçi həkim xəstənin şikayətlərinin yalnız təzyiq fonunda olduğunu düşünərək düz 2 saat təzyiqin salınmasına sərf etdi. Bizim təkidlərimizdən sonra EKG çəkdilər. Məlum oldu ki, atamda ürəyin geniş infarktı baş verib. Bu dəfə isə böyük Kardioloji şöbədə yenidən təcili olaraq anju müayinəsi aparacaq bir həkim tapılmadığından 5 saatlıq böyük vaxt itkisi ilə atamı Mərkəzi Klinik Xəstəxanaya götürdük».

Şikayətçinin sözlərinə görə, Abbasəli həkim xəstənin ən ağır dönəmində xarici ölkələrdən birinə istirahətə gedibmiş:

«Bu proseslər zamanı kardioloq Abbasəliyev xəstənin vəziyyətinin ağırlığını nəzərə almadan, güvəndiyi bir həkimə tapşırıq vermədən xaricə istirahətə getmişdi. Onunla bütün dialoqlarımız mesajlaşma ilə oldu. Mərkəzi Klinik Xəstəxanasında müayinə nəticəsində isə qoyulmuş stentin tam açılmadığı, tamamilə tromblaşdığı məlum oldu. Beləcə, göz görə-görə atamızı itirdik».

«NİYƏ XƏSTƏNİN HƏYATINI CILIZ HESAB EDİRLƏR?»

Həcər Alxasova nüfuzlu xəstəxanada ölüm hallarının tez-tez baş verdiyini yazır:

«Bunları yazmaq olduqca çətindir. İnsan həyatının həkimlərimiz tərəfindən cılızlaşdırılması çox ağrılı bir haldır. Niyə axı həkimlərimiz «məşhurlaşıb» ad çıxarandan sonra işlərinə qarşı məsuliyyətsiz olurlar? Niyə xəstənin həyatını ucuz, cılız hesab edirlər? Sonda isə bu xəstəxananın tək qurbanı olmadığımızı nəzərə alaraq onu demək qalır ki, Allah heç kəsin yolunu Respublikanın «nüfuzlu» klinikası olan Mərkəzi Neftçilər xəstəxanasının kardioloji şöbəsinə salmasın».

Mərkəzi Neftçilər Xəstəxanasının kardioloji şöbəsinin həkimi Abbasəli Abbasəliyevlə əlaqə yaratmaq mümkün olmasa da, xəstəxanadan bildirdilər ki, Murad Alxasovun üzərində əməliyyat aparılarkən heç bir səhlənkarlığa yol verilməyib. Həkimlər 58 yaşlı ürək xəstəsinin yaşaması üçün əllərindən gələni ediblər.

XS
SM
MD
LG