Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:08

22 ildə nə dəyişib?


Sentyabrın 20-də "Əsrin müqaviləsi" layihəsinin imzalanmasından 22 il ötür. Ötən müddətdə ölkəyə gələn milyardlarla dollarlıq neft pullarından qazanc nə oldu? Hökumət infrastruktur layihələrini, yeni iş yerlərini, inkişaf edən Azərbaycanı nümunə göstərir. Müstəqil eskpertlərsə bütün bunların kağız üzərində olduğunu, gərçəklərin isə tam fərqli olduğu qənaətindədir. Misal kimi də son iki ildə neft ucuzlaşandan bəri - ölkə iqtisadiyyatının böhranlı vəziyyətdə olmasını göstərirlər.

İndi Azərbaycan hökuməti diqqəti qaz hasilatına və nəqlinə yönəldir. İlk qazın 2018-ci ildə Türkiyə və Gürcüstana təchiz etməsi planlaşdırılır. 2018-ci ilin sonunadək 6 milyard, 2020-ci ilədək isə əlavə 10 milyard kubmetr qaz nəql etməyi qarşıya əsas məqsəd kimi qoyub.

İndi Azərbaycan hökuməti diqqəti qaz hasilatına və nəqlinə yönəldir.

Şahdəniz Mərhələ 2 çərçivəsində hasil edilən qaz 3 min 500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəql ediləcək.

Cənub Qaz Dəhlizinin 3 mərhələsi

Cənub Qaz Dəhlizi 3 mərhələdə gerçəkləşəcək:

Birinci: Mövcud Cənubi Qafqaz Boru Kəməri Azərbaycan və Gürcüstan ərazisi boyunca yeni paralel boru kəməri vasitəsilə genişləndiriləcək.

İkinci: Trans Anadolu Boru Kəməri - TANAP Şahdəniz qazını Türkiyə ərazisi boyunca nəql edəcək

Üçüncü: Trans Adriatik Boru Kəməri - TAP qazı Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya nəql edəcək.

Buna da bax:​ 'Şahdəniz'dən Neft Fonduna gəlir dayanır

Energetika naziri Natiq Əliyev APA-ya müsahibəsində bildirib ki, "Cənub Qaz Dəhlizi" layihəsi miqyasına görə yalnız Azərbaycan deyil, region, o cümlədən də Avropa ölkələri üçün olduqca əhəmiyyətlidir. Nazir əlavə edib ki, Türkiyədə baş verən son olaylar bu layihənin gerçəkləşməsinə əngəl olmayacaq. Nazir müsahibəsində layihələrin indiki durumuna diqqəti çəkib:

"TAP layihəsinin təməlqoyma mərasimində Yunanıstanın baş naziri bütün dünyaya elan etdi ki, Yunanıstan hökuməti bu layihəni dəstəkləyir, onun vaxtında reallaşdırılması üçün əllərindən gələni edəcəklər. Bununla yanaşı, İtaliya hökuməti də analoji çıxışlar edib. Düzdür, İtaliyada bəzi çətinliklər var. Baxmayaraq ki, federal hökumət TAP-ı tam dəstəkləyir, lokal narazılıqlar var. Onlar iddia edir ki, guya TAP kəmərinin tikintisi ekologiyaya zərər vuracaq. Lakin mən Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının iclası çərçivəsində bu məsələni qaldırdım. Xarici işlər, o cümlədən energetika nazirləri ilə bu məsələni müzakirə etdik və onlar bizi əmin etdilər ki, bu məsələdə böyük çətinlik yoxdur, payız aylarında da lazımi tədbirlər görüləcək. Onu da qeyd edim ki, bu proseslər layihənin ümumi reallaşma qrafikinə təsir etmir".

Öhdəlikləri yerinə yetirməyən cərimələr ödəməli olacaq

"Əgər hansısa ölkə qazı almayacaqsa onlar öz öhdəliklərini yerinə yetirmədikləri üçün Azərbaycan tərəfi iddia qaldıra bilər".

Nazir Natiq Əliyev əlavə edib ki, imzalanan müqavilələrin şərtlərinə əsasən öhdəlikləri yerinə yetirməyən tərəf kimi Azərbaycan cərimələr ödəməli olacaq. Buna görə də işləri vaxtında çatdırmaq vacibdir. Yox, əgər hansısa ölkə qazı almayacaqsa onlar öz öhdəliklərini yerinə yetirmədikləri üçün Azərbaycan tərəfi iddia qaldıra bilər.

Buna da bax:​ “Əsrin Müqaviləsi”ndən Azərbaycan nə qədər qazanıb, bilirsinizmi?

Enerji məsələləri üzrə ekspert Kəmalə Mustafayeva düşünür ki, qaza o qədər də belə bağlamağa dəyməz. Çünki Azərbaycan 2018-ci ildən sonra qaz nəqlinə başlayacaq. Azı sonrakı 5 ildə əldə olunan gəlir, çəkilən xərclərə sərf olunacaq:

"Azərbaycanın dünya bazarına çıxardığı gəlirli sahə ancaq neftdir. Heç qazdan da o qədər gəlir gözləmək lazım deyil. Ümumiyyətlə, qazın yerin dibindən çıxarılması, xaricə nəqli üçün infrastrukturun yaradılması çoxlu xərc tələb edir. Yəni 2018-ci ildən sonra azı 5 il qaz hasilatı və nəqli büdcəyə hər hansı gəlir gətirməyəcək. Sonrakı dövrlərdə də gəlir o qədər çox olmayacaq".

Qaz nefti əvəz edə bilərmi?

Azərbaycan hökuməti bu layihənin önəmini yalnız Azərbaycan qazının hasilatı və nəqli kimi yox, həm də digər ölkələrin qazını Avropaya çatdırmaqdan ötrü tranzit olmasını önəmli sayırlar. Energetika naziri Natiq Əliyev Türkmənistanı misal çəkir. bildirir ki, Türkmənistan qazını Azərbaycana gətirmək, yaxud onu tranzit şəkildə Azərbaycan ərazisi üzərindən Avropaya nəql etmək bu gün olduqca tam realdır.

Buna da bax:​ SOCAR-dan 2.3 milyardlıq sərmayə

İqtisadçı Natiq Cəfərli dünyada enerjiyə qənaət, alternativ enerjinin inkişafı fonunda Azərbaycan qazından elə də çox gəlir olmayacağını düşünür:

"5 il öncə 1000 kubmetr qazın qiyməti haradasa 500 dollar idi. İndi 220-230 dollardır. Azərbaycan qazının da 2020-ci ildən sonra Avropa bazarına çıxması planlaşdırılır. Bu 4 ildə alternativ enerji də sürətlə inkişaf edəcəyini, yeni texnologiyaların tətbiqini nəzərə alsaq, bu o deməkdir ki, qaz gələcəkdə daha da ucuzlaşacaq. Bu da Azərbaycana gözləntiləri doğruldacaq qədər gəlir gətirməyəcək".

Azərbaycan hökuməti son zamanlar diqqəti Balkan ölkələrinə yönəltdiyini bəyan edib. Albaniyanın qazlaşdırılması ilə bağlı ölkələr saziş imzalayıb. Energetika naziri Natiq Əliyev bildirir ki, Bosniya və Herseqovina hökumətinin də Azərbaycana müraciət edib:

"Balkan ölkələri Avropanın ən zəif qaz şəbəkəsinə malik olan ölkələrdir. Biz burada böyük perspektivlər görürük. İxrac etdiyimiz qazın həcmi artdıqca bizim maraqlarımız Yunanıstan və İtaliyadan da uzağa, yəni Balkan ölkələrinə qədər uzana bilər. Bununla bağlı mütəmadi danışıqlar aparılır. Lakin biz quru bəyanatlarla deyil, düşünülmüş plana uyğun hərəkət etməliyik".

Buna da bax:​ Rövnəq Abdullayev 22 ilin uğurlarından yazdı

Belə... görünən odur ki, Azərbaycan nefti öz yerini qaza verir. Hökumət qazdan böyük ümidlər bəsləyir. İlham Əliyev bunu uğurlu layihələrdən sayır.

Qazın Avropaya nəqli Azərbaycana nə qazandıracaq bunu zaman göstərər. Amma ekspertlər ilk növbədə ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmağı ən doğru yol görürlər. Bunun üçünsə ilk növbədə qeyri-neft sektoru inkişaf edilməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG