Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:30

Prezident 'nefti unudun', nazir 'neft bahalaşacaq', deyir


Karikatura. Gündüz Ağayev.
Karikatura. Gündüz Ağayev.

“Proqnozlara əsasən, gələn ildən etibarən, dünyada neftə tələbatın tədricən artması ilə neftin qiyməti də artmağa başlayacaq”.

Azərbaycanın energetika naziri Natiq Əliyev "Respublika" qəzetində dərc edilmiş məqaləsində belə yazıb.

Onun sözlərinə görə, gələn il dünyada neftə gündəlik tələbat 95 milyon 300 min barrel olacaq və 2020-ci ildə neftə tələbat təxminən 2014-cü il səviyyəsinə çatacaq. Nazir ABŞ-da iqtisadiyyatı sağlamlaşdımaq tədbirlərinin, eləcə də inkişaf etmiş ölkələrdə iqtisadi artımın bərpasının buna yol açacağını düşünür: “Proqnozlara əsasən, 2020-ci ilin ortalarında neftin barelinin 100 dollar olduğu dövrə qayıtmaq mümkünləşəcək”.

Buna da bax:​ 'Sözün həqiqi mənasında, postneft dövrü başlanır'

“Nefti unudun” deyirlər, amma özləri unutmurlar?

Nazir inanır ki, əhalinin və iqtisadi fəallığın artması enerji istehsalının artımını da şərtləndirəcək və beləcə, növbəti onilliklərdə həm neftə tələbat, həm də neftin qiyməti yüksələcək.

Ötən ilin avqustunda Azərbaycan prezidenti İlham Əliyev “nefti unudun” çağırışını dilə gətirmişdi: “Biz nefti və qazı bir kənara qoymalı, ümumiyyətlə, onları unutmalıyıq. Və gün gələcək ki, neftin qiyməti bizim üçün heç bir əhəmiyyət kəsb etməyəcək. Ona görə ki, sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları Azərbaycanda inkişaf edir və daha da yüksək templərlə inkişaf etməlidir”.

Buna da bax:​ Neftə daha bir zərbə gəlir…Bu dəfə sonuncusu…

Bununla belə, indiki qiymətlər neftin maya dəyərindən 7-8 dəfə çox olsa da, görünür, hökumət hələ də neftin bahalaşacağına ümid bəsləyir. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul AzadlıqRadiosu-na müsahibəsində hökumətin neftin qiymətindən gözləntiləri və aparılması zəruri islahatlardan danışıb:

Qalib Toğrul
Qalib Toğrul

- Nazir neftin qiymətinin 100 dollar olacağına dair fikrini dünyada əhali sayının artacağı və iqtisadi canlanmanın qara qızıla tələbatı yüksəldəcəyi ilə əsaslandırıb. Ola bilər ki, 2020-ci ildə, doğrudan da, neftə tələbat artsın. Ancaq tələbatın artması qiymətin yüksəlməsini təşviq etməyə də bilər, çünki neftin qiyməti təkcə tələbdən asılı deyil. Burada digər amillər də var və onlar heç də tələbin az və ya çoxluğundan daha az əhəmiyyətli deyil. Bura dolların məzənnəsi, neft çıxarılan ölkələrdə siyasi sabitliyin olub-olmaması, ABŞ-ın neft ehtiyatlarının həcmi, şist neftinin hasilat göstəriciləri, ətraf mühitə zərər vurmayan alternativ enerji mənbələrindən istifadənin səviyyəsi kimi faktorlar da daxildir.

Buna da bax: Ən böyük tacir neftə ən bədbin proqnoz verir

- Üstəlik, tələbatla yanaşı, təklif də arta bilər...

- Bəli. Tələbatın artması təklifin azalması anlamına gəlməməlidir. Hazırda OPEC ölkələrinin hasilatın azaldılması ilə bağlı razılığa gələ bilməməsi, Rusiyanın idarə elədiyi prosesin, əslində, fiaskoya uğraması, İranın yeni hasilat rekordlarına can atması göstərir ki, bazara çıxarılan neftin həcminin tənzimlənməsi çox çətin məsələdir, hətta deyərdim ki, mümkün deyil. Neftə tələbatın azalması ilə bağlı daha bir proses də gözə dəyir: Artıq benzinlə deyil, elektriklə işləyən avtomobil istehsalı dünyanın aparıcı avtomobil istehsalçılarının öncəliyinə çevrilir. İnkişaf etmiş Qərb ölkələrində avtomobil parkının yaxın 4-5 ildə elektrikin xeyrinə dəyişəcəyi artıq heç kimdə şübhə doğurmur. Bir sözlə, neftin qiymətinin yenidən 100 dolları görməsi bizim “su gələn arxa bir də gələr” məsəlinin verdiyi xoş təsəllidən başqa bir şey deyil.

Buna da bax:​ OPEC danışıqları neft bazarını bərkitmir

- Bu acıqlama sanki hökumətin hələ də neftə bel bağladığını göstərir…

- Razıyam. Bəzi məmurların islahata başdansovdu münasibəti, əslində, belə əsassız ümidlərdən qaynaqlanır. Ölkə prezidentinin də 2020-ci ilədək neft qiymətlərində kəskin ucuzlaşma gözləmədiyini söyləməsi məmurların ölkənin siyasi elitasında da yaratdığı yanlış rəyi göstərir. Ölkədə, demək olar, iqtisadi təmayüllü mərkəzi icra hakimiyyətlərinin hamısında araşdırma ilə məşğul olan qurum var. Neft dollarlarının ölkəyə sürətli axını onları o qədər reallıqdan uzaqlaşdırıb ki, öz araşdırmalarında, hətta ən pis ssenari kimi də, neftin ucuzlaşmasını proqnozlaşdırmayıblar. Gələcəklə bağlı inkişaf planları yalnız ən yaxşı ssenarilər üzərində qurulub. Ölkədə iqtisadi siyasətin formalaşmasında rolu olan bəzi məmurların fikrincə, neftin qiyməti yenə kəskin yüksələcəyindən, islahat aparmağa ehtiyac yoxdur. Onlar, sadəcə, sosial gərginliyin artmasına, əhalinin vəziyyətinin kəskin pisləşməsinə yol verməmək şərtilə, köhnə siyasətin davam etdirilməsinin tərəfdarıdırlar. Ancaq bu, artıq mümkünsüz görünür. Ölkənin nicatı islahatlara başlamaqdadır.

Buna da bax:​ Birjalar çökür, neft enir, rubl ucuzlaşır…

- Sizcə, hökumət indi nə etməlidir?

- Ötən ilin sonundan bəri ölkədə iqtisadi islahat aparılması üçün qanunverici bazanın formalaşdırılması istiqamətində mühüm sənədlər qəbul olunub. Proses bu gün də davam etdirilir, ancaq məsələ burasındadır ki, qanunlar kağız üzərində qalacaqsa, onun olub-olmamasının elə bir fərqi yoxdur. İkincisi, sahibkarlıq siyasətinə yenidən baxılmalı, ölkədə münbit biznes mühiti formalaşdırılmalı, sağlam investisiya zəmini qurulmalı, sahibkarlıq subyektlərinin fəaliyyətinə yoxlayıcı dövlət orqanlarının və icra strukturlarının qanunsuz müdaxiləsinə son qoyulmalıdır. Üçüncüsü, ölkədə dövlətin idarə olunmasında, siyasi qərarların qəbulunda vətəndaş cəmiyyətinin iştirakı təmin edilməli, mülki və təşkilati formasından asılı olmayaraq, ictimai vəsait hesabına maliyyələşdirilən bütün qurumlar hesabat verməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG