Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:01

"Neftin ucuzlaşması manata problem yaradacaq"


Samir Əliyev
Samir Əliyev

►"İnflyasiya yüksək olacaq, qiymətlər qalxacaq. Xüsusən də xaricdən gətirilən mallar bahalanacaq. Düşünürəm ki, bu da əhalinin alıcılıq qabiliyyətini aşağı salacaq"

Dekabrın 8-də dünya birjalarında neftin qiyməti 40 dollara yaxınlaşıb. London birjasındakı hərraclarda Brent markalı neft 5,28% ucuzlaşaraq 40,73 dollara enib. Nyu-York birjasındakı hərraclarda isə WTI markalı neftin bir barelinin qiyməti 6%-dən də çox ucuzlaşaraq 37,56 dollara düşüb. Bu, son 6,5 ildə neftin ən aşağı qiymətidir. Sonuncu dəfə neftin qiymətinin bu həddə düşməsi 2009-cu ilin martında baş verib.

Ekspertlərin fikrincə, böhran artıq qapıdadır. İqtisadçı Samir Əliyev AzadlıqRadiosuna müsahibəsində deyir ki, neftin indiki qiyməti manat üçün təhlükə yaratmasa da, daha da enəcəyi təqdirdə manatın ucuzlaşması qaçılmaz olacaq.

· Neftin qiymətinin 40 dollara enməsi manat üçün təhlükə yaratmır. Ancaq 40 dollardan aşağı düşərsə, manatın məzənnəsinə yenidən baxmalı olacaqlar. İndi artıq neft 40 dollar həddinə çatıb. Hətta bir qədər də düşməsi, yəni, 30, hətta 20 dollara qədər düşməsi ilə bağlı müxtəlif qurumlar, ekspertlər tərəfindən proqnozlar verilir. Dekabrın 15-16-da Amerikada Federal Ehtiyat Sisteminin (Mərkəzi Bank) iclası olacaq. Bu iclasda uçot dərəcəsinin qaldırılması məsələsinə baxılacaq. Uçot dərəcəsinin qaldırılması ehtimalı yüksəkdir. Əgər bu, baş verərsə, onda dollar bir az da möhkəmlənəcək. Neftin 40 dollardan da aşağı düşməsini ehtimal etmək olar. Belə bir vəziyyət, təbii ki, manat üçün gərginlik yaradacaq. Onsuz da neft 40 dollardan aşağı düşməsə belə, manatın ucuzlaşması qaçılmazdır. Bunun Azərbaycana təsiri, əlbəttə, yaxşı olmayacaq. Çünki manatın ucuzlaşması manatla maaş alan əhalinin gəlirlərinin azalmasına gətirib çıxaracaq. Daha doğrusu, dəyərsizləşməsinə gətirib çıxaracaq. İnflyasiya yüksək olacaq, qiymətlər qalxacaq. Xüsusən də xaricdən gətirilən mallar bahalanacaq. Düşünürəm ki, bu da əhalinin alıcılıq qabiliyyətini aşağı salacaq.

Buna da bax: Sahibkarların pulundan kəsdilər

Bu baxımdan, gələn il hökumətin iki çıxış yolu var. Ya 2015-ci ildəki kimi büdcəni ixtisar etməlidir. Bu da investisiya xərclərinin ixtisarı, hətta dövlət qurumlarında büdcədən ayrılan vəsaitlərin azalması deməkdir. İkinci istiqamət isə böyük ehtimalla devalvasiyadır. Yəni, manatın ucuzlaşması hesabına büdcəni həyata keçirmək.

· Azərbaycanın 2016-cı il dövlət büdcəsində neftin barreli 50 dollardan, 1 dollar isə 1,05 manatdan götürülüb.

· Hazırda qiymət 40 dollara yaxındır. Yanvar ayı üzrə kontraktlar bağlanıb. Yəni 2016-cı ilin birinci ayı artıq 40 dollardan bağlanıb. Bilmək olmaz bu proseslər il ərzində necə dəyişəcək. Düzdür, proqnozlar, hələ ki, yaxın vaxt üçün neftin əhəmiyyətli dərəcədə bahalaşmasını göstərmir. Amma 50, hətta 60 dollara qədər qalxa bilər. Bu ehtimal var və heç kim bunu istisna eləmir. Bir ay 40 dollardan satılacaq. Qarşıda 11 ay var. Ola bilsin, qiymət qalxsın.

· Bəs bu, baş verməsə, nələr gözlənilir?

· Onda, təbii ki, büdcənin icrası ilə bağlı problem olacaq. Burda daha çox problem Neft Fondu ilə bağldır. Çünki Neft Fondu 6 milyard transfer nəzərdə tutur. Yəni neft ucuz olduqca, Neft Fondunun gəlirləri kəskin azalır. Bu baxımdan, gələn il hökumətin iki çıxış yolu var. Ya 2015-ci ildəki kimi büdcəni ixtisar etməlidir. Bu da investisiya xərclərinin ixtisarı, hətta dövlət qurumlarında büdcədən ayrılan vəsaitlərin azalması deməkdir. İkinci istiqamət isə böyük ehtimalla devalvasiyadır. Yəni, manatın ucuzlaşması hesabına büdcəni həyata keçirmək. Gələn il bu iki ssenaridən biri baş verə bilər. Bir ssenari də neftin bahalaşmasıdır. Ancaq bu, artıq bizdən asılı deyil.

· Dekabrın 8-də ABŞ dolları 1.05 manata yüksəlib. Bunu devalvasiyanın tərkib hissəsi kimi qiymətləndirmək olarmı? Yoxsa bu, normaldır?

· Manatın məzənnəsi dollar və avronun daxil olduğu səbət əsasında müəyyən edilir. Orda dollar və avro müəyyən bir çəkiyə malikdir. Dollar daha üstün mövqedədir. Bu səbət manatın məzənnəsi üçün bir oriyentasiya rolu oynayır. Dünya bazarında dolların və avronun məzənnəsi dəyişəndə bu səbətdə də öz əksini tapır. Ona uyğun manatın məzənnəsi müəyyən edilir. Əslində noyabrdan başlayaraq, cüzi də olsa, dolların manata nisbətdə bahalaşmasını müşahidə edirik. Bu bahalaşma cüzidir. Hər 100 dollarda 20-25 qəpik bahalaşma ola bilər. Ona görə son vaxtlarda dolların bahalaşması devalvasiyanın tərkib hissə kimi qiymətləndirilməməlidir.

Buna da bax: Azərbaycandan olan yaraqlılar azı 104 nəfərdir

· İqtisadçılar ikinci devalvasiyanın qaçılmaz olduğunu deyir. Camaat isə “fevral dərsləri”nə görə narahatdır. Sizin proqnozlarınız necədir?

· Təbii ki, devalvasiya qərarını hökumət verir. Onlar müəyyənləşdirir ki, bunu nə vaxt etsinlər. Necə ki, fevralda etdilər. Biz iqtisadçıların rəyi isə ondan ibarətdir ki, növbəti devalvasiya qaçılmazdır. Neftin qiymətində əhəmiyyətli bahalaşma olmasa, 70 dolları keçməzsə, devalvasiya olacaq. Sadəcə, bu gün devalvasiyanın olub-olmaması yox, onun nə zaman və hansı formada olması müzakirə mövzusudur. Hansı formada dedikdə, burda fevral ayındakı kimi kəskin, yoxsa, yumşaq, tədricən ucuzlaşdırılmadan söhbət gedə bilər. İndi hökumət “üzən məzənnə” siyasətinə keçməyi planlaşdırır. “Üzən məzənnə”yə keçilərsə, bu, avtomatik devalvasiya deməkdir. Buna keçməklə manat ucuzlaşa bilər. Bunu Qazaxıstanda gördük. Kəskin devalvasiya olarsa, burda artıq 20-30 faiz ucuzlaşmadan söhbət gedə bilər. Yumşaq isə bunun tədricən baş verməsidir. Nə vaxt baş verəcəyinə gəldikdə, bunu demək çətindir. Çünki qərarı hökumət verir. Hökumətin də məntiqini hərdən başa düşmək olmur. Əgər neft indiki səviyyədə qalarsa, bu uzağı yaz aylarına qədər baş verəcək.

XS
SM
MD
LG