Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:39

-

Dohada neft hasilatını dondurmaq barədə anlaşma alınmayandan sonra ekspertlər neftin ucuzlaşacağını ön görürdülər. Qətər paytaxtındakı görüşün ardından 5 faiz dəyər itirən «qara qızıl» növbəti günlərdə mövqelərini bərpa edə bildi. Bu gün –aprelin 23-də Nyu-York birjasında WTI neftinin bareli 43 dollar 73 sentə (55 sentlik artım), London birjasında isə «Brent» markalı neftin barreli 0.58 dollar artaraq 45 dollar 11 sentə satılır (58 sentlik artım). Azərbaycan nefti də bahalaşıb. Hərraclarda Azərbaycan neftinin bir barreli 56 sent (1.23 faiz) yüksələrək, təxminən 46 dollara (45 dollar 98 sent) çatıb. Ortaya təbii sual çıxır: Qiymət artımı nədən qaynaqlanır və nə qədər uzunmüddətlidir?

«İNDİKİ QİYMƏT ARTIMI NEFT HASİLATININ AŞAĞI DÜŞMƏSİ İLƏ BAĞLIDIR»

İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, indiki qiymət artımı neft hasilatının azalmasından qaynaqlanır: «Bu həftənin çərşənbə axşamı (aprelin 19-da – red.) neftin qiymətinin yüksəlməsi Küveytdə neft işçilərinin tətili ilə bağlı idi. Martda gündəlik 2.8 milyon barrel neft çıxaran ölkə tətil nəticəsində istehsalı 1.5 milyon barrelədək azaltdı. Digər tərəfdən, gündəlik istehsal texniki səbəblərdən Venesuelada 200 min, boru xəttində baş verən yanğın ucbatındansa Nigeriyada 400 min barrel azalıb».

Ekspertin sözlərinə görə, hasilatın azalması Neft İxrac Edən Ölkələrə (OPEC-ə) üzv olmayan ölkələrdə də gözə çarpır: «Son iki ildə ABŞ, Kanada və Latın Amerikası ölkələrində neft sektoruna yatırılan sərmayə 40 faiz aşağı düşüb. Bu, hasilata birbaşa təsir göstərməkdədir. Beynəlxalq Enerji Akademiyasının proqnozlarına əsasən, OPEC-ə üzv olmayan ölkələrin gündəlik neft ixracatı 700 min barel azalacaq. Bu məlumatı «Reuters» agentliyi yayıb».

Vüqar Bayramov

Vüqar Bayramov

QİYMƏT ARTIMLARI UZUNMÜDDƏTLİDİR?

Ekspert Çin daxil, bir sıra ölkələrdə neftə tələbatın azalmasına da diqqət çəkir: «Digər tərəfdən, Rusiya neft hasilatını gündəlik 12 milyon barrelə çatdıracağını bildirib, İransa sanksiyaöncəsi gündəlik 4 milyon barreli hədəfləyir. Buna görə də, hələlik, təklif tələbatı, ən azı, gündəlik 1 milyon barrel üstələyə bilər.Düzdür, qiymətə ABŞ-da hasilatın birbaşa təsiri də proqnozlaşdırılır. Birləşmiş Ştatlar hasilatdakı azalmanı optimallaşdırarsa, o zaman qiymət artımları ötücü xarakter daşıya bilər».

NEFTİN QİYMƏTİ 60 DOLLAR OLARSA...

V.Bayramov deyir ki, dünya bazarında neftin barreli 60 dollaradək yüksələrsə, o zaman ABŞ-da şist neftinin hasilatına geniş imkanlar açılacaq: «Bu isə OPEC ölkələrinin, özəlliklə Səudiyyə Ərəbistanın maraqlarına uyğun deyil. Bu baxımdan, əksər beynəlxalq agentliklər neftin dünya bazar qiymətində kəskin artım proqnozlaşdırmır. Amma neft bazarı siyasiləşdiyindən, istənilən sürpriz gözləniləndir».

«NEFTİN QİYMƏTİNDƏKİ ARTIM AZƏRBAYCAN HÖKUMƏTİNİ ARXAYIN SALMAMALIDIR»

V.Bayramov deyir ki, neftin qiymətindəki indiki artım Azərbaycan hökumətini arxayın salmamalıdır: «Neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycana gələn valyuta həcminin artması baxımından vacibdir, çünki neftin ixracatdakı payı 85 faizdir.Amma ötücü qiymət artımları islahatlar paketinə heç bir halda təsir göstərməməlidir. Son iki ilin təcrübəsi göstərir ki, neftin qiyməti istənilən zaman öz trayektoriyasını dəyişə bilər».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG